Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4513/2024 07.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “düzgün qoyulmamış diaqnoza görə səhhətə dəymiş ziyanla bağlı 17000 manat kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “düzgün qoyulmamış diaqnoza görə səhhətə dəymiş ziyanla bağlı 17000 manat kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən düzgün qoyulmamış diaqnoza görə səhhətinə dəymiş ziyanla bağlı 17000 manat kompensasiya tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, səhhətində yaranmış problemlə bağlı Gəncə şəhər Onkoloji xəstəxanaya müraciət etmişdir. Orada süd vəzində olan yaranın yoxlanılması üçün həkim Cavabdeh müraciət edərək vəziyyətini ona izah etmişdir. Həkim müayinə edərək bildirmişdir ki, təcili əməliyyat olunmalıdır. O, həkimdən bu əməliyyatın olunub olunmamasını soruşduqda, həkim apardığı müayinələrə əsaslanaraq əməliyyat olunmalı olduğunu israr etmişdir. 07 aprel 2023-cü il tarixdə əməliyyat olunmuş və alınmış analizlər əkilməsi üçün laboratoriyaya göndərilmiş, 18 aprel 2023-cü il tarixdə həkim xəstəliyin dəri iltihabı diaqnozu rəyini vermişdir. Rəyi verdikdə onda onkoloji xəstəlik aşkar olunmadığını bildirmişdir. Lakin müəyyən müddətdən sonra vəziyyətində ağırlaşma baş vermişdir. Məcbur olub Bakı şəhər Tibb Universitetinin Onkoloji xəstəxanasına müraciət etmiş və aparılan yoxlamalar nəticəsində onkoloj xəstəliyin olması diaqnozu qoyulmuşdur. Cavabdeh səhv əməliyyat etməsinə və səhv diaqnoz qoymasına görə xəstəliyin digər orqanlarına da yayılmasına səbəb olmuşdur. Buna görə də 09 aprel 2024cü il tarixdə ikinci dəfə Bakı şəhərində Tibb Universitetinin Onkoloji xəstəxanasında yenidən əməliyyat olunmuşdur. Tibb Universitetinin onkoloji xəstəxanasının tələbi ilə 07 aprel 2023-cü il tarixdə Cavabdeh əməliyyat etdiyi material Gəncə şəhəri Onkoloji xəstəxanasının arxivindən alınaraq təkrar əkilməyə göndərilmişdir. Həmin materialdan götürülən analizin cavabı eyni ankoloji xəstəliyin olmasını təstiq edilmişdir. Bildirir ki, Cavabdeh etdiyi səhv əməliyyata görə onun hal-hazırda vəziyyəti gün-gündən ağırlaşır. 07 aprel 2023-cü il tarixdən bu günədək müalicə olunub və hal-hazırda da müalicələri davam edir. Bu günə kimi 17000 manatdan çox vəsait xərclənib və müalicənin davam etdirilməsi üçün pul tapa bilmir. Odur ki, həkimin ona vurduğu ziyanın ödənilməsini təmin etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirdi ki, cavabdeh vaxtında düzgün müayinə edərək düzgün müalicə etmiş olsaydı xəstəliyin digər orqanlarına yayılmasının qarşısı alınardı. Lakin cavabdeh tərəfindən yanlış diaqnoz qoyularaq yanlış müalicə edilmişdir. Bu da iddiaçının səhhətinin daha da ağırlaşmasına səbəb olmuşdur. Bunun nəticəsində əlavə xərclər çəkmək məcburiyyətində qalmışdır. O, müalicə üçün ödədiyi ödənişlərin qəbzlərini saxlamamışdır. Bundan başqa iddiaçıdan ilk əvvəl götürülən nümunə sonradan ekspertiza olunmamışdır. Buna baxmayaraq iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, həqiqətən 2023-cü ilin mart ayında İddiaçı onun yanına yoxlanışa gəlmiş və o, iddiaçının bədənində moruq rəngində fındıqdan balaca sinə nahiyəsində çıxıntının olmasını müşahidə etmişdir. Bundan sonra o, həmin çıxıntının laborator analizə verilməli olmasını, yalnız analizin cavabından sonra ona müalicə təyin edilə biləcəyini iddiaçıya bildirmişdir. Bundan sonra o, həmin nahiyədə qeyd edilən çıxıntını götürərək laborator analizə təqdim etmişdir. Həkim-patohistoloqun rəyinə əsasən iddiaçıdan götürülən maktopreparatda iltihablaşmış nevus olması müəyyən olunmuşdur. Belə ki, yalnız həkim-patohistoloqun rəyi əsasında xəstədə xərçəng xəstəliyinin diaqnozu qoyula bilər və həmin rəydən sonra xəstəyə müvafiq müalicə təyin olunur. Daha sonra iddiaçı bir neçə aydan sonra təkrarən onun yanına müayinə üçün gələrək həmin çıxıntılardan qoltuqaltı nahiyədə də yarandığını bildirmişdir. O, xəstəni vizual müayinə edib ustrasəs müayinəsinə getməsini tövsiyə etmişdir. Bundan sonra iddiaçı getmiş və geri onun yanına gəlməmişdir. Bundan bir neçə ay sonra isə iddiaçının əri onun yanına gəlib onunla kobud danışaraq iddiaçı üçün səhv diaqnoz qoyduğunu, iddiaçının əslində xərçəng xəstəsi olduğunu bildirmiş və ondan 10000 manat pul istəmişdir. O, isə onun heç bir təqsirinin olmadığını iddiaçının ərinə bildirmiş və həkim-patohistoloqla danışıb razılaşmağı tövsiyə etmişdir. Hesab edir ki, iddiaçı ona qarşı düzgün iddia qaldırmamışdır. Bir daha qeyd edir ki, həkim-patohistoloqun laboratoriya rəyi olmadan o, xəstəyə müalicə təyin etmir və xəstədən götürülmüş toxumaların müayinəsində o, iştirak etmir. İddiaçı həmçinin ona ziyan dəyməsi barədə də məhkəməyə sübut təqdim etməmişdir. Bu səbəbdən ona qarşı qaldırılmış iddia tam olaraq əsasızdır və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək, mübahisəyə tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; AA******* nömrəli şəxsiyyət vəsiqəsi İddiaçı məxsusdur. AA № 170914 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X3 məcburi köçkündür. xx.xx.2023-cü il tarixli “X2 Sitomorfologiya laboratoriyasına göndərişdən görünür ki, xəstə İddiaçıdır və klinik diaqnozu iltihablaşmış verusdur, həmin göndəriş üzrə xx.xx.2024cü ildə X2 Patositomorfologiya Laboratoriyası tərəfindən aparılmışdır. “Baku CİTY Hospitalın” 29 mart 2024-cü il tarixli Laboratoriya göndərişindən görünür ki, İddiaçı məxsusdur və rəy: epitelioid piqmentli melanoma metastazi – sağ qoltuqaltı limfa düyünü, tru-cut biopsiya. Cavabdeh hazırki iddiaya etiraz ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə Kəlbəcər rayon sakini İddiaçı Qəşəm qızı sağ süd vəzi dərisində olan yara şikayətləri ilə xəstəxanaya müraciət etmişdir. Xəstəyə şöbədə müayinə aparılmış və yaranın ilthablaşmış (irinli) olduğunu nəzərə alaraq xəstəyə antibiotik məlhəm (sintomisin) on gün müddətinə təyin edilmişdir. Xəstə xx.xx.2023-cü il tarixdə şöbəyə təkrar müraciət etmiş və “sağ süd vəzi dərisinin iltihablaşması nevusu” diaqnozu klinik olaraq qoyulmuşdur. Diaqnozun dəqiqləşdirilməsi üçün xəstəyə və onun həyat yoldaşına eksizion biopisiya (yaranın sağlam dəri sərhəddindən kəsilib xaric edilməsi və patomorfaloji müayinəsi) təklif edilmiş və razılıqları alınmışdır. xx.xx.2023-cü il tarixdə yerli keyləşmə ilə “sağ süd vəzi dərisi nevusunun elektroeksiziyası” əməliyyatı aparılmış və xaric edilmiş toxuma histoliji müayinəyə verilmışdır. Patohistaloji nəticə xəstəxananın patohistoloqu Səbuhi Quliyev tərəfindən aparılmış və p/h nəticə: iltihablaşmış nevus. Patohistaloji rəyi nəzərə alaraq qeyd edir ki, onkoloji diaqnozu təstiqləmək üçün p/h nəticə çox önəmlidir, onun əsasında qoyulur. Xəstəyə və həyat yoldaşına xəstəliyin bədxassalı olmamasını, irinləmiş xal olduğunu izah etmişdir. Təxminən 3-4 ay sonra xəstə xəstəxanaya sağ qoltuqaltı sahədə düyün olması şikayətləri ilə müraciət etmişdir. Xəstənin qoltuqaltı sahəsinin müayinə etmiş və ulturasəs müayinəsinin aparılmasını məsləhət vermişdir. Sonra xəstəni və həyat yoldaşını görməmiş, yəni onlar USM müayinəsindən keçib gəlməmişdirlər. Təxminən 7-8 ay öncə xəstənin həyat yoldaşı gəlmiş ki, sən demə xəstədə xərçəng xəstəliyi var imiş və ona düzgün müalicə edilməmişdir. O, isə xəstənin həyat yoldaşına izah etmişdir ki, onun qoyduğu diaqnoz histoloji müayinəyə əsaslanaraq qoyulmuşdur. Xəstənin həyat yoldaşı onu başa düşüb və həkim-patohistoloqa öz etirazını bildirmişdir. Bundan sonra təxminən 4-5 ay öncə xəstənin həyat yoldaşı gəlib dedi ki, “siz mənim xəstəmi səhv müayinə və müalicə etmisiniz”. Xəstənin müalicəsi üçün 10000 manatadək pul xərcləyib və onu ödəməyi bildirmişdir. Onlar isə ona həmin məbləği nə üçün xərclədiyini, onun əsaslandırmasını soruşduqda xəstənin həyat yoldaşı onu təhqir edərək getmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh vizual olaraq müayinə etmiş və müvafiq laboratoriya analizlərindən keçirilərək rəyin alınması üçün müvafiq göndəriş vermiş, həmçinin ondan nümunə üçün preparat götürülərək patohistaloji müayinə göndərilmişdir. Bundan sonra Gəncə şəhər Onkoloji xəstaxananın patohistoloq həkimi Sahib Quliyev tərəfindən tədqiqat aparılmış, iddiaçıya “sağ süd vəzi dərisinin iltihablaşması nevusu” diaqnozu qoyulmuşdur. Daha sonra bir neçə ay keçmiş və iddiaçının səhhəti pisləşmişdir. Bundan sonra iddiaçı Bakı şəhərində həkim müayinələrində olmuş və onda xərçəng xəstəliyinin aşkar olunduğu bildirilmişdir. İddiaçı hesab edir ki, səhhətində baş verən ağrılar, problemlər cavabdehin səhlənkarlığı ucbatından baş vermişdir və cavabdehin səhvi nəticəsində onun digər orqanlarına da xəstəlik yayılmışdır. Bu səbəbdən də İddiaçı hal-hazırda Cavabdeh qarşı “düzgün qoyulmamış diaqnoza görə səhhətə dəymiş ziyanla bağlı 17000 manat kompensasiya ödənilməsi” tələbini irəli sürmüş iddia tələbinin əsası kimi qeyd edilən hallara istinad etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qəbul etmədiyini bildirərək, rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə iddia tələbinin dəlillərini işin faktiki halları ilə birlikdə nəzərdən keçirərək qeyd edir ki, İddiaçı Cavabdeh tərəfindən səhv diaqnoz qoyulmaqla, səhvən əməliyyat etməsi ilə əlaqədar səhhətinə zərər vurması, yəni xərçəng xəstəliyinin digər orqanlarına da yayılmasına səbəb olması və buna görə də əlavə xərclər çəkdiyini qeyd etsə də, iddiaçı cavabdehin səhlənkarlığı, səhvi, təqsiri, habelə hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının sağlamlığının pozulması, iddiaçının səhhətinə hər hansı formada xəsarət yetirilməsi heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, İddiaçı səhhətində problemlər yaranması Cavabdeh məsuliyyətsizliyi və ehtiyatsızlığı nəticəsində baş verməsi məhkəmə iclasında tədqiq olunan sübutlarla təsdiq olunmadığından sonuncu hər hansı mülki hüquqi məsuliyyət daşıya bilməz. Bu səbəbdən hazırkı iddia tələbi təmin edilə bilməz. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyana görə 17000 manat kompensasiya” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı “düzgün qoyulmamış diaqnoza görə səhhətə dəymiş ziyanla bağlı 17000 manat kompensasiya ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-4513/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4513/2024
07.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver