Məhkəmə qərarları › İş №2(125)-4514/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4514/2023

10.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4514/2023 10.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2006-cı il tarixdə anadan olmuş Rəvanın saxlanması üçün müəyyənləşdirilmiş 180 manat alimentin artırılaraq hər ay 300 manat müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə birgə nikahlarından 2 uşaqları anadan olmuşdur. Uşaqlarından biri yetkinlik yaşına çatmaqla tələbədir, Bakı şəhərində təhsil alır. Digər övladı xx.xx.2006-cı il təvəllüdlü Rəvan Haqverdiyev isə hələ yetkinlik yaşına çatmamışdır. Məhkəmənin qətnaməsi ilə bir uşağın saxlanması üçün cavabdehdən 180 manat tutulub ona verilməsi qət edilmişdir. Cavabdeh qeyd edilən məbləğdən başqa heç bir maddi və mənəvi köməklik göstərmir. Həmin məbləği də gecikmələrlə ödəyərək, vaxtlı-vaxtında ödəniş etmir. Cavabdehin verdiyi alimentlə uşağın tələbatını ödəməkdə çətinlik çəkir. İki uşaqla birlikdə kirayədə yaşayır, alimentin çox cüzi də olsa artırılması onun övladları üçün çox böyük dəstəkdir. Cavabdeh Rusiyaya gedən yük maşınlarının sürməklə, ayda 1500-1700 manat gəlir əldə edir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İV 556853 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2006-cı ildə Rəvan adlı uşaqları anadan olmuşdur; Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-615/2020 nömrəli qətnaməsindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(104)-2153/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx.xx.2006-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 180 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli, MŞG/1/MT007/2023-01623 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər xx.xx.2023-cü il tarixdə, saat 12:00-da keçirilən ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat məbləğində xərci tam ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-615/2020 nömrəli qətnaməsinə əsasən xx.xx.2006-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)-2153/2019 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq 180 manat sabit pul məbləğində müəyyən edilmişdir. Təyin olunmuş 180 manat məbləğində aliment uşağın saxlanılması üçün yetərli olmadığından iddiaçı məhkəməyə müraciət edərək alimentin miqdarının artırılmasını tələb etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra - AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)- 615/2020 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilməklə Cavabdeh alınıl İddiaçı xeyrinə ödənilməlidir. Göründüyü kimi iddiaçı aliment təyin olunandan sonra uşağın böyüyərək tələbatının artmasını əsas gətirib alimentin mqdarının artırılaraq 300 manat müəyyən edilməsini tələb etmişdir. «X2» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi ) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçı tərəfindən cavabdehin gəlirləri barədə sübut təqdim etməməsini, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 220 manat müəyyən edilməsini və valideynlərin hər ikisinin hüquqları bərabər olmaqla, onların hər ikisinin uşağa qayğı göstərmək borcu olduğunu, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, uşağa qulluq, onun sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini nəzərə alaraq cavabdehdən tutulan alimentin məbləğinin qismən artırılaraq hər ay 200 (iki yüz) manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, hazırki iş üzrə ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından xx.xx.2006-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-615/2020 nömrəli qətnaməsi əsasında tutulan 180 manat alimentin miqdarı artırılaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh alınıb İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumu hesabına 30 (otuz) manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar