Məhkəmə qərarları › İş №2(125)-4523/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4523/2024

09.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4523/2024 09.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixində anadan olmuş X1 üçün müəyyən edilmiş alimentin artırılaraq hər ay 300 manat müəyyən edilməsinə və onun tərəfindən ödənilmiş 55 manat mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə birgə nikahlarından xx.xx.2018-ci ildə Eyyub adlı uşaqları anadan olmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və uşaqları Eyyubun saxlanılması üçün 150 manat sabit pul məbləğində aliment kəsilmişdir. Hazırda həmin məbləğ uşağın saxlanılması üçün kifayət deyildir.Uşaq xəstədir, mütəmadi olaraq müalicəyə ehtiyacı vardır, hazırlıqlara gedir. Bütün bu xərcləri qarşılamaqda çətinluik çəkir. Cavabdeh təqaüd alır, həm də tikinti materialları mağazasında mühafizəçi işləyir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İİİ qrup əlildir, kəllə-beyin travması almışdır. Buna görə 150 manat təqaüd təyin edilsə də, hazırda dayandırılmışdır. Uşağın dərmanlarının xərcini özü qarşılayır. Evlidir, uşağı olacaqdır. Cəmi 200 manat məbləğində aliment ödəməyə maddi imkanı çatır. Artıq kəsilsə ödəyə bilməyəcəkdir. İddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZ-İV 201675 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2018-ci ildə Eyyub adlı uşaqları anadan olmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1686/2022 nömrəli qətnaməsindən görünür ki, tərəflər arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X3 anası X2 yanında saxlanılması və onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli, MŞG/1-01326 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 13:00-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat mediasiya xərcini tam ödəmişdir. X6 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli elektroensefaloqramma müayinə vərəqəsinin surətindən görünür ki, xəstə X5 həkim Aynurə Abdullayeva tərəfindən müayinə edilmiş, müayinə zamanı baş-beyinin bioelektrik aktivliyində disfunksiya əlamətləri aşkar edilmişdir. X10 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli kompüter elektroensefaloqramma müayinə vərəqəsinin surətindən görünür ki, xəstə Eyyub Muradov həkim nevroloq Sevinc Məmmədova tərəfindən müayinə edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra - AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1686/2022 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilməklə Cavabdeh alınıb İddiaçı ödənilməlidir. Göründüyü kimi, iddiaçı təyin olunmuş alimentin uşağın saxlanması üçün yetərli olmadığını əsas gətirib alimentin miqdarının artırılaraq 300 manat müəyyən edilməsini tələb etmişdir. «X4» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçı tərəfindən cavabdehin gəlirləri barədə sübut təqdim etməməsini, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 235 manat müəyyən edilməsini, həmçinin uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, alimentin məbləğinin qismən artırılaraq hər ay 200 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Mediasiya haqqında qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, hazırki iş üzrə ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməli, iş üzrə ödənilmiş mediasiya xərci olan 55 manat Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2018-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1686/2022 nömrəli qətnaməsi əsasında tutulan 150 manat alimentin miqdarı artırılaraq, hər ay 200 (iki yüz) manat məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh alınıb İddiaçı verilsin. İş üzrə ödənilmiş mediasiya xərci 55 manat Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh dövlət rüsumu hesabına 30 (otuz) manat alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar