Məhkəmə qərarları › İş №2(125)-454/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-454/2023

06.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-454/2023 06.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) Nümayəndə, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 (həmçinin digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 qanuni nümayəndəsi) iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 qarşı «istifadə hüququnun itirilməsi» tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 qarşı «istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ona məxsus olan ünvan 5nda yerləşən mülkə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Gəncə şəhəri, İ.Əliyev küçəsi, ev 118 ünvanda pasport qeydiyyatında olsalar da, lakin həmin ünvanda yaşamırlar. Cavabdehlərin həmin mülkdə onun iradəsinə zidd olaraq pasport qeydiyyatında olması onun bir mülkiyyətçi kimi hüquqlarını pozur. Hazırda cavabdehlərin onun evində formal olaraq pasport qeydiyyatında dururlar. Cavabdehlərin onun evində istifadə hüquqları olmadığından onların yaşayış yeri üzrə qeydiyyata alınması “Yaşayış yeri və pasport qeydiyyatı haqqında” qanunun 5,9-cu maddələrinə əsasən öz yaşayış yerləri üzrə istifadə etdikləri evə pasport qeydiyyatına alınmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, ünvan 5nı anası sağlığında, yəni 2019-cu ilin oktyabr ayında ona bağışlamışdır. Hətta cavabdehlər sözügedən evin ona bağışlanması zamanı notariusda razılıq ərizəsi vermiş və həmin evin onun bağışlanmasına heç bir etiraz etməmişlər. Qardaşı Vüqar 1 il 6 ay, digər qardaşı Cavabdeh4 isə 8 ildir ki, mübahisəli evdən köçüb getmişdir. Onun toyu 2020-ci ilin iyun ayında olmuş və qardaşı Vüqar da həmin vaxtdan sonra mübahisəli evdə daimi yaşamamışdır. Mübahisəli evdə yalnız ortancıl qardaşı Vüqara məxsus ev əşyaları qalmaqdadır. Həmin əşyalar evin bir otağına yığılmışdır. Həmin otaqdan Vüqar yaşayan zaman istifadə etmişdir. O, qardaşlarının ona məxsus evdən istifadə hüququnun qalmasına narazıdır. Belə ki, qardaşları gələcəkdə evdən pay istəyə bilərlər. Yaxud da evi ondan xəbərsiz sata bilərlər. Mübahisəli evin sənədləri hazırda qardaşlarındadır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, ünvan 5nda doğulmaqla orada boya başa çatmış və sonradan evlənməklə ora gəlin gətirmişdir. Leyla, Aytac və Elvin adlı uşaqları həmin evdə doğulmuşdur. Digər qardaşı Vüqar evləndikdən sonra evdə sıxlıq olduğuna görə təxminən 8 ildir ki, kirayəyə çıxmışdır. Kirayədə yaşasa da anası ölən günə kimi yəni 2022-ci ilin sentyabr ayına kimi mübahisəli evə gedib gəlmiş, oradan istifadə etmişdir. Qardaşı Vüqar da anasının ölümünə kimi mübahisəli evdən istifadə etmişdir. Anası sağ olan zaman yəni 2019-cu ilin oktyabr ayında mübahisəli evi kiçik qardaşı olan iddiaçıya bağışlamış, o da buna etiraz etməyərək notariusda ərizə vermişdir. Lakin anasının ölümündən sonra təxminən 6 aydır ki, qardaşı Vüqarla birlikdə mübahisəli evə gedib gələ bilmirlər. Anasının yaz mərasimini hətta o vermişdir. İddiaçı ona zor tətbiq edir, onu bıçaqla hədələyir. Ona görə də mübahisəli evə gedib gələ bilmir. Onun hazırda mülkiyyətində heç bir əmlak yoxdur. O, mübahisəli evdən istifadə etmək niyyətindədir. Yəni, ünvan 5na köçmək istəyir, lakin iddiaçı olan qardaşı İddiaçı buna imkan vermir. Arvadının sözü ilə oturub durur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, ünvan 5nda doğulmaqla orada boya başa çatmış və sonradan evlənməklə ora gəlin gətirmişdir. Uşaqları həmin evdə doğulmuşdur. Rauf böyük, İlham isə kiçik qardaşıdır. Əvvəlcə evlərində İlham evlənmiş və mübahisəli evdə yaşamışdır. Daha sonra isə o, evləndikdən evdə sıxlıq olmuş və Rauf məcburən 8 il bundan öncə kirayədə yaşamağa başlamışdır. Kiçik qardaşı İlham isə təxminən 2 ildir ki evlənmiş, onun evlənməsindən sonra o da kirayəyə çıxıb yaşamağa başlamışdır. O və qardaşı Rauf kirayələrdə yaşasalar da anası ölən bir günə kimi, yəni 2022-ci ilin sentyabr ayınadək mübahisəli evə gedib gəlmişlər, oradan istifadə etmişlər. Hətta onun mübahisəli ünvanda əşyaları bu gün də qalmaqdadır. Anası sağ olan zaman yəni 2019-cu ilin oktyabr ayında mübahisəli evi kiçik qardaşı olan iddiaçıya bağışlamış, o da buna etiraz etməyərək notariusda ərizə vermişdir. Lakin anasının ölümündən sonra təxminən 6 aydır ki, mübahisəli evə gedib gələ bilmir. İddiaçı ona zor tətbiq edir, onu bıçaqla hədələyir. Ona görə də mübahisəli evdən istifadə edə bilmir. Onun mülkiyyətində heç bir əmlak yoxdur. O, mübahisəli evdən istifadə etmək niyyətindədir. Yəni, ünvan 5na köçmək istəyir, lakin iddiaçı olan qardaşı İddiaçı buna imkan vermir. Arvadının sözü ilə oturub durur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 azyaşlı olduqlarından məhkəmə iclasında iştirak etməmiş, onların mənafeyi qanuni nümayəndəsi olan Cavabdeh4 tərəfindən qorunmaqla qanuni nümayəndələləri vasitəsilə təmsil olunmuşlar. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 23 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı, xx.xx.2009-cu il təvəllüdlü Cavabdeh1, xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh2, xx.xx.1959-cu il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh3, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh4 və xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh5 ünvan 5nda qeydiyyatdadırlar. xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********33-10301 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 5 İddiaçı mülkiyyətindədir. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 10 avqust 1993-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. 29 noyabr 2022-ci il tarixli, 958 nömrəli Gəncə şəhəri İH başçısının Sadıllı qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 hal-hazırda ünvan 3 ünvanında yaşamırlar. 07 oktyabr 2019-cu il tarixli, 8İ-41893 reyestr nömrəli, **********893 nömrəli ərizənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 qeydiyyatda olduğu ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin bağışlanmasına etiraz etmir, razıdır. Mülkiyyətçiyə qarşı heç bir iddiası və tələbi yoxdur. Cavabdeh2 bu ərizəni öz hərəkətlərinin əhəmiyyətini dərk edərək, hərəkətlərini idarə etmək imkanına malik olaraq, onun üçün əhəmiyyətli olan vəziyyəti anlayaraq, digər şəxslər tərəfindən psixi və ya fiziki təsir olmadan, həqiqi iradəsinə əsasən imza etmişdir. 07 oktyabr 2019-cu il tarixli, 8İ-41885 reyestr nömrəli, **********1885 nömrəli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Cavabdeh4 qeydiyyatda olduğu ünvan 5nda yerləşən fərdi yaşayış evinin bağışlanmasına etiraz etmir, razıdır. Mülkiyyətçiyə qarşı heç bir iddiası və tələbi yoxdur. Cavabdeh4 bu ərizəni öz hərəkətlərinin əhəmiyyətini dərk edərək, hərəkətlərini idarə etmək imkanına malik olaraq, onun üçün əhəmiyyətli olan vəziyyəti anlayaraq, digər şəxslər tərəfindən psixi və fiziki təsir olmadan, həqiqi iradəsinə əsasən imza etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı cavabdehlər Vüqar və Raufla doğma qardaşdırlar. Digər cavabdehlər isə Cavabdeh4 uşaqlarıdır. İddiaçı, cavabdeh Vüqar və Cavabdeh4lər ünvan 5nda doğulub boya başa çatmışlar. Mübahisəli ünvan 5 iddiaçının anasının mülkiyyətində olmuşdur. 2019-cu ilin oktyabr ayında mübahisəli ev anası tərəfindən oğlu İddiaçı notariusda bağışlanmış və cavabdehlər Vüqar və Cavabdeh4 buna dair yazılı razılıqlarını ifadə etmişlər. Hazırda İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Cavabdeh5 ünvan 5nda qeydiyyatdadırlar. İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 ona məxsus ünvan 5nda uzun müddətdir yaşamadıqlarını əsas gətirərək onların həmin evə istifadə hüququnun itirilməsini xahiş etmişdir. Cavabdehlərdən Rauf və Cavabdeh2lər bir neçə ildir ki, kirayədə yaşadıqlarını bildirsələr də anaları ölənə kimi, yəni 2022-ci ilin sonunadək mübahisəli evə gedib gəldiklərini və oradan istifadə etdiklərini, yalnız anaları öləndən sonra iddiaçının onları mübahisəli evə buraxmadığını bildirmişlər. Həmçinin məhkəmə iclasında müəyyən edildir ki, Cavabdeh2 məxsus əşyaların bir hissəsi ünvan 5nda yerləşən mübahisəli evdə qalmaqdadır. Məhkəmə mövcud olmayan hüququn itirilməsinin mümkün olmamasını və hüququn itirilməsi üçün əvvəlcə hüququn əmələ gəlməsinin zəruriliyini nəzərə alaraq, qeyd edir ki, cavabdehlərin iddiaçıya məxsus fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi məsələsi həll edilərkən, cavabdehlərin həmin evdən istifadə hüququnun yaranıbyaranmaması araşdırılmalıdır. Buna görə də məhkəmə mübahisəli hüquq münasibətinə hansı hüquq normasının tətbiq olunması məsələsini araşdırarkən həmin hüquq münasibətinin, yəni cavabdehlərə münasibətdə hazırkı mübahisəyə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin normanın tələbinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Lakin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi qaydası (xitam institutu) hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri, eyni zamanda həmin münasibətlərlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bəzi qərarlarında müəyyənləşdirdiyi hüquqi mövqeyləri ilə tənzimlənir. Bu haxımdan məhkəmə, tərəflər arasında olan hazırki mübahisə ilə bağlı Mülki Məcəllənin aşağıdakı maddi hüquq normalarını və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini qeyd etməyi lazım bilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.3-cü maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Göründüyü kimi, qüvvədə olan qanunvericlik yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsini yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas olmamasını müəyyən etmişdir. O cümlədən, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə tənzimlənir, belə razılaşma olmadıqda isə qanunverici mülkiyyətçiyə məhkəmə qaydasında bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə mübahisəni həll etmə hüququnu (imkanını) tanıyır. Məhkəmə iclasında isə müəyyən edildi ki, cavabdehlər hələ mübahisəli evə iddiaçının mülkiyyət hüququ tanınmazdan öncə yaşamışlar. Mülkiyyətçi mübahisəli evə mülkiyyət hüququnu əldə edərkən həmin evi şəxsi servitutla (məhdud əşya hüququ ilə) yüklü edilmiş vəziyyətdə qəbul etmişdir. Həmçinin iddiaçı cavabdehlərə mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsi üçün müvafiq kompensasiya təklif etməmiş, onlar arasında da hazırki hüquqa xitam verilməsi üçün başqa formada razılaşma yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Məhkəmə iclasında isə iddiaçı cavabdehlərin mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun əldə edilməsini zəruri edən əsasın aradan qalxmasına dair əsaslı sübut təqdim etməmişdir. Ümumiyyətlə iddiaçı cavabdehlərə qarşı hazırki iddia tələbini düzgün müəyyən etməmişdir. Belə ki, 2000-ci ilin sentyabr ayının 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsində istifadə hüququnun itilməsi kimi bir anlayış yoxdur. Əksinə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi anlayışı öz əksini tapmışdır. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə cavabdehlər hələ mübahisəli evə iddiaçının mülkiyyət hüququ tanınmazdan öncə yaşadıqlarından, yəni iddiaçı mübahisəli evə mülkiyyət hüququnu əldə edərkən həmin evi şəxsi servitutla (məhdud əşya hüququ ilə) yüklü edilmiş vəziyyətdə qəbul etdiyindən, cavabdehlərin mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsi üçün isə iddiaçı müvafiq kompensasiya təklif etmədiyindən, onlar arasında qeyd edilən hüquqa xitam verilməsi üçün başqa qaydada razılıq əldə olunmadığından, eləcə də cavabdehlərin mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun əldə edilməsini zəruri edən əsasın aradan qalxmasına dair iddiaçı əsaslı sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddiaçının cavabdehlərə qarşı Gəncə şəhəri, İ.Əliyev küçəsi, ev 118 ünvanda yerləşən evə dair “istifadə hüququnun itirilməsi” tələbinə iddiası əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək belə qənaətə gəlir ki, iddia tələbi rədd edildiyindən İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 qarşı ünvan 6 ünvanında yerləşən evə dair «istifadə hüququnun itirilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Məhkəmədə iddia qaldırılması məqsədilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbayan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar