Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4576/2024 23.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlaka vurulan maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən yararsız hala salınmış əşyalarının əvəzi olaraq 2025 manat pulun, dəyəri 1800 manat olan mənimsənilmiş soyuducunun özünün, özü olmadıqda dəyərinin, dəyəri 150 manat olan toy kasetinin özünün, özü olmadıqda dəyərinin və dövlət rüsumu üçün ödədiyi 60 manatın cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Rövşən və Anna onun ögey oğlu və qızıdır, cavabdeh Zeynəb isə oğlunun arvadıdır. O, həyat yoldaşı ilə evlənəndə Rövşənin 7 yaşı, Annanın isə 5 yaşı olmuşdur. Onları o böyüdüb ərsəyə gətirmişdir. Onlar mehriban bir ailə kimi yaşamışdırlar. Lakin Rövşən 2021-ci ildə evlənəndən sonra münasibətləri tədricən pisləşməyə başlamışdır. Həmçinin Annanın ailəsi dağılandan sonra da Anna ilə aralarında narazılıqlar yaranmışdır. Beləliklə, Zeynəblə Anna əlbir olaraq ona qarşı çıxmağa başlamışdırlar. Onlar Rövşənə də o qədər təzyiq etmişdirlər ki, Rövşən də tədricən onlardan üz döndərmişdir. Yəni onların aqressiv münasibəti yalnız ona qarşı deyil, doğma atalarına qarşı da yönəlmişdir. 2023-cü ildən etibarən isə yüngül söz-söhbətlər ailə münaqişəsinə çevrilmişdir. Zeynəbin evlərinin satılması, başqa evlər alınması ideyasına Rövşənlə Anna da dəstək vermişdirlər. Halbuki, onları min bir əzab-əziyyətlə böyütmüşlər və evi də əziyyətlə Rövşənlə birlikdə tikmişdirlər. Mehriban bir ailə kimi yaşamışdırlar. Gəlinin fitnələri və böhtanları nəticəsində övladları onlardan üz döndərmişdirlər. Zeynəb söz çıxarmışdır ki, guya o, Rövşənlə Annanın doğma anaları haqqında nalayiq söz işlətmişdir. Halbuki, bu açıq-aşkar böhtan idi. Maşının satılması məsələsində Rövşənlə atası arasında yaranmış fikir ayrılığı isə münaqişənin kulminasiya nöqtəsinə yetişməsinə səbəb olmuşdur. Rövşənlə Zeynəb otaqlarına girib onu döymüş, çarpayısını qırmış, qonşular gəlib onu aparmışdırlar. Axşama kimi qonşuda qalmışdır. Axşam yoldaşı gəlmiş, əvvəlcə o evə getmiş, sonra da o getmişdir. Görmüşdür ki, paltarlarını cırıb, otağı darmadağın etmişlər. O, utandığından polisə şikayət etməmişdir. Lakin səhv etmişdir. Çünki daha sonra onların bu hərəkətləri davam etmişdir. Cavabdehlər hamısı, o cümlədən Anna da hər münaqişədə onu vurmuş, əşyalarını sındırmış, evin şüşələrini qırmışdırlar. Sonda o məcbur qalıb polisə şikayət etmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində araşdırma aparılmışdır. Onların hərəkətində İXM-nin 157-ci maddəsinin tərkibi olduğu müəyyən edilmişdir və iş davam edir. Bu müddət ərzində onlar məcbur qalaraq evi satmış, Rövşənə 55000 manat, Annava isə 35000 manat pul vermişdirlər. Bir ay sonra evdən çıxmalıdırlar. Körpə yaşlarından böyütdüyü uşaqlar ona və atalarına bu cür zülm etmişdirlər. Onların vurduqları maddi ziyanı qeyd etmişdir, lakin mənəvi ziyanın həddini müəyyən etmək çətindir. Onlar dəyəri 80 manat olan bir ədəd qırmızı donunu, dəyəri 60 manat olan bir ədəd roza rəngli donunu, dəyəri 55 manat olan qara, yanı zərli, bəzəkli donunu, dəyəri 50 manat olan qırmızılı-qaralı donunu, dəyəri 110 manat olan yasəmən rəngli donunu, dəyəri 45 manat olan dəst paltarını, dəyəri 100 manat olan gödəkçəsini, dəyəri 25 manat olan jaketini, dəyəri 35 manat olan koftasını, dəyəri 60 manat olan pasanoşkasını, dəyəri 45 manat olan saatını, dəyəri 25 manat olan çantasını, dəyəri 70 manat olan odeyalını, dəyəri 95 manat olan pastel dəstini, ümumi dəyəri 210 manat olan 3 ədəd eynəyini, dəyəri 40 manat olan 2 ədəd tom bakalını, dəyəri 800 manat olan çarpayısını, dəyəri 100 manat olan qapı, aynalarını, dəyəri 20 manat olan donunu yararsız hala salmışlar, dəyəri 1800 manat olan soyuducusunu və dəyəri simvolik olaraq 150 manat qiymtləndirdiyi, əslində mənəvi dəyəri böyük olan toy kasetini isə mənimsəmişlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, öz evlərini satmış, Annaya bir otaqlı ev almış, Rövşənə isə pul vermişdirlər. Cavabdehlər isə onun paltarlarını cırmış, onu döymüş, ona şər atmışdırlar. Şahidləri vardır. Cavabdehlər onu döyəndə qonşular zəng edib Sona xalanı çağırmışdırlar. Həmçinin qardaşları ilə qardaşının qızı da bu hadisəni görmüşdür. Ancaq xəstə olduqları üçün gəlməmişdirlər. Yoldaşı da bu hadisələrə şahid olmuşdur. Cavabdehlər Zeynəbin fitnəsinə qoşulmuşdurlar. Anna ailəsinin dağılmasının səbəbini onda görmüş, birləşib onu döymüşdürlər. Yoldaşı axşam gəlib görmüşdür ki, paltarlarını, pastelini cırmış, eynəyini qırmışdırlar. Polis də gəlib görmüşdür ki, evin aynası qırılıb. Zərər görmüş əşyaların dəyərini özü müəyyənləşdirmişdir. Soyuducu da zərər görmüşdür. Həmin soyuducunu Anna işlədiyinə görə onun “Birkart”ı vasitəsilə almışdırlar. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, atası 1995-ci ildə ev almış, 1998-ci ildə ev təmir olunmuşdur. Daha sonra işləmiş, hamısının pulunu vermiş, hər şeylə özü təmin etmişdir. Paltarları da özü almışdır. Hazırki iş üzrə İddiaçı onun-bunun qeybətini etdiyinə görə yoldaşı onunla söhbət etməyə qoymamışdır. Hadisə baş verən vaxt işdə olmuşdur. Yoldaşı zəng etmişdir ki, bacısı atası ilə birlikdə ögey anasını döyür. Paltarları özləri cırmışlar. Anna döyülmüş, barmağı çıxmışdır. O, Annanı həkimə aparmış, barmağını saldırmışdır. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, həmin gün evdə olmamışdır. Özündən böyüyə əl qaldırmamışdır. Soyuducunu “Birkart”ı ilə almış, ancaq pulunu qardaşı vermişdir. Cehizini atasına vermişdir, sınan cehiz əşyaları onun olmuşdur. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəsatəti ilə şahid qismində dinlənilən X2 ifadəsində göstərdi ki, hazırki iş üzrə İddiaçı yoldaşıdır, nikahları yoxdur. Paltarları gözünün qabağında cavabdehlər cırmış, əlindən ala bilməmişdir. Yoldaşı Reyhan özündən çıxmış vəziyyətdə olmuşdur. Soyuducu xarab olmuş, o pul götürə bilmədiyindən Annanın “Birkart”ı ilə almışdırlar. Bundan sonra 10 ayın pulunu Rövşən ödəmiş, daha sonra ödəməmiş, qalan məbləği özü ödəmişdir. Xeyir işlərə görə maşınını satmış, Reyhan üzüyünü, bilərziyini satmış, sonra da “Bank of Baku”dan kredit götürmüşdürlər. Digər Cavabdeh3 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər Cavabdeh3 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2024-cü il tarixli cinayət işi başlamasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı şikayəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiklərindən, onların barəsində həmin maddədə nəzərdə tutulan inzibati qaydada tədbir görülməsi üçün və eyni zamanda həmin şəxslər arasında gələcəkdə baş verə biləcək cinayət və inzibati xətaların qarşısının alınması və profilaktiki tədbirlərin həyata keçirilməsi məqsədilə ailənin “münaqişəli ailə” kimi qeydiyyata alınaraq nəzarət edilməsi məqsədilə qərarın surətinin 2-ci Polis Şöbəsinin İTB-yə göndərilməsi qərara alınmışdır. İddiaçı tərəfindən təqdim olunmuş fotoşəkillərə baxış keçirilmiş, baxış zamanı geyim əşylarının yararsız vəziyyətdə olduğu müəyyən olunmuşdur. Məhkəmə tərəflərin izahatını və şahid ifadəsini dinləyib, hüquq normaları baxımından qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İddiaçı cavabdehlərin təqsirli hərəkətləri nəticəsində onun əmlakına ziyan vurulmasını əsas gətirərək iddia etmişdir ki, cavabdehlər onu döymüş, əmlaklarına ziyan vurmaqla paltarlarını cırıb, otağı darmadağın etmişlər. Cavabdehlər hamısı, o cümlədən Anna da hər münaqişədə onu vurmuş, əşyalarını sındırmış, evin şüşələrini qırmışdır. Cavabdehlər iddia tələbini qəbul etməyərək, iddiaya etiraz etmişdirlər. İddiaçının vəsatəti ilə şahid qismində dinlənilən Elxan Səfərov iddiaçıya məxsus geyim əşyalarının cavabdehlər tərəfindən gözünün qabağında cırılaraq məhv etdiyini bildirmişdir. İddiaçı cavabdehlər tərfindən onun geyim əmlakının məhv edilməsini iddia etsə də, öz tələbinin əsası kimi istinad etdiyi hallara dair sübut təqdim etməmişdir. X1 iddiaçıya məxsus geyim əşyalarının cavabdehlər tərəfindən onun yanında məhv olunmasını göstərmişdir. Məhkəmə iclasında şahidin cavabdehlərlə münaqişəli olduğu müəyyən edildiyindən şahidin ifadə verərkən səmimi olmasına şübhə ilə yanaşaraq məhkəmə şahid ifadəsini mötəbər sübut kimi qəbul etməmişdir. İddiaçı özü də cavabdehlər tərəfindən əmlakı məhv edilərkən əri ilə axşam evə birlikdə gəldikdə əmlakların məhv edilməsini aşkar etdiklərini göstərmişdir. Bununla yanaşı iddiaçı ailələrində yaranmış münaqişə ilə bağlı cavabdehlər tərəfindən döyülərək əmlaklarının məhv edildiyini göstərsə də, həmin münaqişə zamanı polisə şikayət edərkən cavabdehlərin onun əmlakını məhv etməsini göstərməmiş və əmlakın məhv edilməsi barədə hər hansı cinayət və ya inzibati araşdırma aparılmamışdır. Digər tərəfdən ona məxsus soyuducunun və çarpayının dəyərini tələb etsə də, məhkəmə araşırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının iddia etdiyi soyuducu cavabdehlərdən Cavabdeh2 kart hesabına əldə olunmuş və həmin kart üzrə ödənişlər 10 ay digər Cavabdeh1 tərəfindən ödənilmiş, çarpayı isə Cavabdeh2 hədiyyə olunmuş cehiz olmuşdur. Toy kasetinin cavabdehlər tərəfindən mənimsənilməsinin nədə ifadə olunması barədə tələbini əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Göründüyü kimi, iddiaçı öz iddiasının əsası kimi göstərdiyi halları sübut edə bilməmişdir. MPM-in 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə işin müəyyən olunmuş halları və araşdırılmış sübutlar məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlaka vurulan maddi ziyanın ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-4576/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4576/2024
23.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver