Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4577/2024 28.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1300 manat, eyni zamanda dövlət rüsumuna görə ödənilmiş 35 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o cavabdehlə evlənərək ailə həyatı qurmuşdur, lakin nikahlarını rəsmiləşdirməmişlər və sonradan da münasibətləri alınmadığı üçün ayrılmışlar, hazırda da ayrı yaşayırlar. Onlar ailə kimi bir yerdə yaşayanda cavabdeh ona məxsus 3 adda qızıl-zinət əşyalarını girov qoyaraq Gəncə şəhərində X1 məxsus lombarddan 1000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh krediti onun adına götürmüş və ona məxsus qızılları da girov qoymuşdur. Cavabdeh krediti götürəndən sonra bir ayını ödəsə də, sonradan onlar ayrılmışlar və bundan sonra cavabdeh krediti ödəməkdən imtina etmişdir. Hazırda isə heç bir ödəniş yoxdur, onun qızılları girovdadır, o, məcburdur ki, cavabdehin əvəzindən ödəniş etsin və qızıllarını girovdan çıxarsın. O, 1000 manat kredit götürmüşdür, ona görə də faizi ilə birlikdə 1300 manat ödənilməlidir. Girov qoyduğu qızıllar anasından ona yadigar qalmışdır, ona görə də onun üçün ən əziz hədiyyədir. Dəfələrlə cavabdehdən krediti ödəməsini xahiş etsə də, hər dəfə söz vermiş, lakin ödəməmişdir. Bununla bağlı səs yazısı da vardır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, lombarddan götürdüyü 1000 manat pulu cavabdehə borc olaraq vermişdir. Lakin cavabdeh ondan aldığı pulu vaxtında qaytarmadığı üçün o, əlavə olaraq lombarda 300 manat faiz ödəmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddianı qəbul etdiyini bildirib izahatında göstərdi ki, iddiaçı ona 1000 manat pul vermişdir. Həmin pulu iddiaçının ödədiyi 300 manat faizi ilə birlikdə yəni 1300 manatı hər ay hissə-hissə ödəməyə heç bir etirazı yoxdur. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- "xxxx" MMC (X2) tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5011 nömrəli girov bileti və ona əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, İddiaçı özünə məxsus çəkisi 9,20 qram, 583 əyyarlı, 1 ədəd boyunbağını, çəkisi 3,00 qram, 583 əyyarlı 1 ədəd klonu və çəkisi 4,00 qram, 583 əyyarlı 1 cüt sırğanı girov qoyaraq, illik faiz dərəcəsi 36% olmaqla 18 ay müddətinə 1000 manat məbləğində kredit götürmüş, kreditin ödənilməsi üzrə son ödəniş tarixi xx.xx.2025-ci il müəyyən edilmişdir. 11 sentyabr 2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı X1 olan 1134 manat əsas və faiz borcunu ödəmişdir. Məhkəmə iclasında Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, cavabdeh iddianı qəbul etdiyini və faizi ilə birlikdə 1300 manat məbləğində pulu ödəməyə razı olduğunu göstərmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh İddiaçı 1000 manat məbləğində borc almışdır. İddiaçı iddia etmişdir ki, cavabdehə verdiyi 1000 manat pulu özünə məxsus qızıl əşyalarını girov qoyaraq kredit götürmüş, lakin cavabdeh borcunu ödəmədiyi üçün 300 manat faiz borcu ödəmişdir. Cavabdeh borcunu ödəməkdən imtina etdiyi üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddianı qəbul edərək, faizi ilə birlikdə 1300 manat borcunu hər ay hissə-hissə ödəməyə razı olduğunu göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa məhkəmə belə hərəkəti qəbul etmir. Qeyd olunan müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə məhkəmə tərəfindən qəbul edilməlidir. MPM-in 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunaraq cavabdehdən 1300 manat pul alınıb iddiaçının xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33 manat cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 1300 (bir min üç yüz) manat məbləğində pul və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33 manat alınıb İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-4577/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4577/2024
28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver