Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4583/2023 03.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 100 manat əsas borc, 32,14 manat faiz, 2,14 manat cərimə borcu olmaqla cəmi 135,27 manat kredit borcu, 0,40 manat xidmət haqqının və ərizənin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün illik 29 faiz olmaq şərti ilə xx.xx.2025-ci il tarixədək kredit xətti açılmış, kreditin ilkin limiti 100 manat təyin edilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin 12 aprel 2023-cü il tarixinə kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 100 manat əsas, 32,14 manat faiz, 2,14 manat cərimə borcu olmaqla cəmi 135,27 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1095sGNDJb/22 saylı kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" KB ASC tərəfindən SMS bildirişdə qeyd olunan müddətdə illik faiz dərəcəsində 10000 manatadək məbləğdə kredit limiti ayırır, ona bank hesabı açır və ödəniş kartı təqdim edir. Ödəniş kartının istifadə müddəti 60 aydır. Müqavilənin 1.7-ci maddəsinə əsasən bank borcalanın bankda qeydiyyatda olan nömrəsinə daxili təlimatlara əsaslanaraq müəyyən edilmiş və ayrılmış kredit xəttinin dəqiq məbləği, illik faiz dərəcəsi və müddəti və kredit xəttinin açılması ilə əlaqədar kredit proseduralarına və nağd pulun çıxarılmasına görə komisyon haqların məbləği barədə SMS göndərir. Borcalan tərəfindən əldə olunan SMS-dən sonra razılıq bildirən cavab SMS-i tələb olunmur. Müqavilənin 2.1-ci bəndinə əsasən borcalan müqavilə üzrə ödənişləri kredit xəttindən nağd və nağdsız istifadə etdiyi tarixdən asılı olmayaraq hər növbəti ayın 1-10 müddətində ödəməlidir. Müqavilənin 2.8.1-ci bəndinə əsasən borcalan krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən az iki dəfə beş təqvim günündən çox pozduqda bank bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və kreditin qalığının ona hesablanmış faizlərlə birlikdə qaytarılmasını tələb edə bilər. Müqavilənin 2.10-cu bəndinə əsasən borcalan kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə bank borcun gecikdirildiyi hər təqvim günü üçün əsas məbləğin illik 40 faizi miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. "xxxx" KB ASC-nin elektron məlumat sistemindən çıxarışdan görünür ki, bank tərəfindən Cavabdeh istifadəsində olan ********** mobil telefon nömrəsinə xx.xx.2022-ci il tarixdə SMS göndərilmiş, SMS-də cavabdehə xx.xx.2025-ci il tarixədək, illik 29,5 faizlə 900 manat nağd kredit (komissiya 51 manat, aylıq ödəniş 38 manat) və Albalı plus kartına illik 29 faizlə, 100 manat məbləğində kredit xətti açılması təklif edilmiş, təsdiq üçün 8117 qısa nömrəsinə “YES” sözünü yazıb göndərməsi barədə məlumat verilmişdir. xx.xx.2022-ci il tarixdə vəsait borcalanın kartına köçürülmüşdür. 12 aprel 2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin banka olan borcu - 100 manat əsas borc, 32,14 manat faiz borcu, 2,14 manat cərimə olmaqla cəmi 135,27 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Göründüyü kimi cavabdeh kredit müqaviləsi üzrə istifadə etdiyi 100 manat kredit və ona hesablanmış faizin ödənilməsi öhdəliyini icra etməmiş və bunun nəticəsində öhdəliyi pozmuşdur. Buna görə də bankın müqavilə şərtlərinə uyğun olaraq kredit borcunun və ona hesablanmış faizlərin ödənilməsini, eləcə də gecikdirilən günlərə uyğun olaraq dəbbə pulunu tələb etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdehdən 13 mart 2023-cü il tarixinə kredit müqaviləsi üzrə "xxxx" KB ASC-nin xeyrinə 100 manat əsas borc, 32,14 manat faiz borcu, 2,14 manat dəbbə pulu olmaqla cəmi 135,27 manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Buna uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 0,40 manat bank xidmət haqqı və 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 1095sGNDJb/22 saylı kredit müqaviləsi üzrə 100 manat əsas borc, 32,14 manat faiz borcu, 2,14 manat dəbbə pulu olmaqla cəmi 135,27 manat (bir yüz otuz beş manat iyirmi yeddi qəpik) pul və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi qismində 30,40 manat (otuz manat, qırx qəpik) pul tutularaq “X2” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X6
Məhkəmə qərarları › İş №2(125)-4583/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4583/2023
03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver