Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4583/2024 25.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 İsa oğlunun sədrliyi, X6 Eldar oğlunun katibliyi ilə, İddiaçı Çərkəz qızının iştirakı ilə, İddiaçı Çərkəz qızının Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə bu qətnaməni qəbul etdi; İşin halları; Mülki işin materiallarında olan, doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı Çərkəz qızının birgə nikahından 22 iyul 2011-ci il tarixdə doğulmuş X3 və 24 mart 2013-cü il tarixdə doğulmuş X4 adında yetkinlik yaşına çatmayan iki uşaqları vardır. İş materiallarında olan, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)- 307/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə Samux rayon Qeydiyyat şöbəsində 233 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin nikahından 22 iyul 2011-ci il tarixdə doğulmuş X3 və 24 mart 2013-cü il tarixdə doğulmuş X2 İddiaçı yanında saxlanılması, Cavabdeh 22 iyul 2011-ci il tarixdə doğulmuş X3 və 24 mart 2013-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixindən fərdi sahibkar X5 (VÖEN: **********) tərəfindən fəaliyyət göstərən firmada sürücü işləyir və aylıq əmək haqqı 625 manat təşkil edir. İddia tələbi barədə məlumatlar; İddiaçı Çərkəz qızı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından 22 iyul 2011-ci ildə anadan olmuş X1 və 24 mart 2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq hər ay hər bir uşaq üçün 235 manat sabit pul məbləğində müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı Çərkəz qızının birgə nikahlarından 22 iyul 2011-ci ildə X3 və 24 mart 2013-cü ildə X4 anadan olmuşlar. Gəncə Şəhər Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(125)-307/2022 saylı qətnaməsi ilə nikahları pozulmuş, Cavabdeh 22 iyul 2011-ci ildə anadan olmuş X1 və 24 mart 2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin İddiaçı Çərkəz qızının xeyrinə tutulması qət edilmişdir. Cavabdeh rəsmi qaydada işləmir. Lakin onun kifayət qədər qazancı var. Hazırda uşaqları böyümüş, onların məktəb xərcləri və digər xərcləri artmışdır, həmçinin uşaqlar məktəbdən kənar repetitor yanına gedir. Belə bir vəziyyətdə 150 manatla onların ehtiyaclarını ödəmək mümkün deyildir. Odur ki, cavabdehdən tutulan alimentin məbləği günün tələbi səviyyəsinə qaldırılmalıdır. Tərəflərin izahatları; Məhkəmədə İddiaçı Çərkəz qızı iştirak etmiş və iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, o, Bakı şəhərində “Koko- Kola” fırmasında sürücü işləyir. 2 ilə yaxındır ki, 2 uşağının saxlanması üçün cəmi 550 manat maaşından iddiaçıya hər ay 300 manat aliment, 50 manat isə aliment borcu ödəyir, buna görə də özü ağır günlər yaşasa da, uşaqlarının xatirəsi üçün susur, maaşından qalan 200 manatla bir təhər, valideynlərinin köməyi ilə yaşayır. Mənzil kirayəsi haqqını, bəzən hətta Gəncə şəhərinə gəlib-gedərkən xərclədiyi pulları valideynləri ödəyirlər. Onun başqa gəliri yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Cavabdeh və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və yekun qərar çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmənin iş üzrə mövqeyi və tətbiq edilən hüquq. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 22 iyul 2011-ci ildə anadan olmuş X1 və 24 mart 2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-307/2022 nömrəli qətnaməsi ilə hər ay hər uşaq üçün müəyyən edilmiş 150 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. İddiaçı ərizəsində yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat aliment tutulmasını xahiş etsə də, cavabdehin həmin məbləğdə alimenti ödəmək üçün maddi imkanının olduğunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, həm də sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyətinin nəzərə alınmalı olduğu barədə Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələblərini, cavabdehin 625 manat məbləğində əmək haqqı aldığını nəzərə alaraq hesab edir ki, iddiaçının yanında yaşayan yetkinlik yaşına çatmayan iki uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulan alimentin məbləği artırılaraq, hər bir uşağa görə 200 manat sabit pul məbləğində məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, hazırki iddia əvvəlki məhkəmə qətnanəsi ilə müəyyən edilən alimentin müəyyən edilən miqdarının dəyişdirilməsi barədə olduğundan miqdarı artıtılmış alimentin tutulmasının başlanması qətnamənin qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Bundan başqa iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına 50 manat xərc ödənilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehin üzrsüz səbəbdən ilkin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2.-ci maddəsinə əsasən, iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda Dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilir Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar Dövlət rüsumunun ödənilməsindən azaddırlar. Azərbaycan Respublikasının MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 113.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Hazırki işdə aliment alınması haqqındakı iddianın qiyməti (400-300)=100 manat x 12 ay=1200 manat məbləğini təşkil edir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinin tələblərinə əsasən, hazırki işdə ödənilməli olan dövlət rüsumu 32 manat məbləğini təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinin tələblərinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Baxılan işdə iddiaçı alimentin alınması tələbi hissədə dövlət rüsumunu ödəməkdən azad edildiyindən, ödənilməli olan 32 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən Cavabdeh alınıb dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin əvvəlki-xx.xx.2022-ci il tarixli 2(125)-307/2022 nömrəli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilsin. Cavabdeh ilə İddiaçı Çərkəz qızının birgə nikahından 22 iyul 2011-ci ildə anadan olmuş X3 və 24 mart 2013-cü ildə anadan olmuş X4 adlarında yetkinlik yaşına çatmayan iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 200(iki yüz) manat (iki uşaq üçün hər ay cəmi 400 manat) sabit pul məbləğində aliment tutularaq İddiaçı Çərkəz qızına ödənilsin və həmin məbləğdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş xərcin əvəzi kimi 50 (əlli) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı Çərkəz qızına verilsin. iş üzrə ödənilməli olan 32 (otuz iki) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-4583/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4583/2024
25.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver