Məhkəmə qərarları › İş №2(125)-4588/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4588/2023

26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4588/2023 26.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" KB ASC, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçının xeyrinə əsas borc üzrə 6244,2 manat, faiz borcu üzrə 1238,5 manat, cərimə üzrə 120,95 manat olmaqla, cəmi 7603,65 manat pul vəsaitinin, dövlət rüsumuna görə 96,04 manat və xidmət haqqına görə 0,40 manat pul vəsaitinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, iddiaçı "xxxx" KB ASC (Bank) ilə Cavabdeh (cavabdeh və ya borcalan) arasında bağlanmış 457nkGNDJb/22 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə, SMS bildirişə və hesabdan çıxarışa əsasən Bank cavabdehə şəxsi (istehlak) məqsədləri üçün 120 ay müddətinə, illik faiz dərəcəsi 35%-dək olmaq şərtilə 20000 manat məbləğində kredit ayırmış, kreditin ilkin limiti xx.xx.2025-ci il tarixədək, illik 22 faizlə 6800 manat nağd kredit şəklində (komissiya 73 manat, aylıq ödəniş 260 manat) və albalı plus kartına illik 25 faizlə 1100 manat məbləğində müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş və cavabdehin xx.xx.2023-cü il tarixə Banka 6244,2 manat əsas, 1238,5 manat faiz borcu yaranmış, ona 120,95 manat cərimə hesablanmışdır. Bank tərəfindən xəbərdarlıq olunmasına baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizələr ünvanlayaraq, məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini bildirmiş, ona görə də mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı bildirdi ki, ehtiyacı olduğu üçün 4000 manat nağd və 3000 manat albalı kartı vasitəsilə olmaqla, cəmi 7000 manat bankdan pul götürmüşdür. Krediti götürən zaman həm Mənzil Kommunal İstehsalat Birliyində, həm də firmada işləyirdi və hər ay krediti ödəyirdi. Lakin uşağı xəstə olduğu üçün işləyə bilməmiş, buna görə də işdən çıxmışdır. Hazırda süpürgəçi işləyir, borcunun maaşa yönəldilməsini istəyir, 4-5 ay ödənişlər edib, borcun məbləğinə etirazı yoxdur. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, tərəflər arasında yuxarıda qeyd edilən müqavilə imzalanmış, SMS bildiriş vasitəsi ilə razılıq əldə olunmuşdur. Tərəflər arasında müqavilənin və müvafiq razılığın bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə, SMS bildirişə və hesabdan çıxarışa əsasən borcverən müqavilədə qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə vermiş və borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndinə əsasən borcalan və ya onun xeyrinə üçüncü şəxs tərəfindən ödənilən pul vəsaiti birinci növbədə xərclərin, ikinci növbədə ödəniş tarixinə olan vəziyyət üzrə dəbbə pulunun (cərimənin, penyanın), üçüncü növbədə mövcud kredit faizlərinin və dördüncü növbədə kredit məbləğinin ödənilməsinə yönəldilir. Müqavilənin 2.7.1-ci bəndində nəzərdə tutulmuşdur ki, borcalan krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən az iki dəfə 5 təqvim günündən çox pozduqda, Bank kredit və ona hesablanmış faizlərin qalıq məbləğini borcalandan vaxtından əvvəl tələb edə bilər. Müqavilənin 2.10-cu bəndinə əsasən borcalan kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini gecikdirdikdə, Bank hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 40% miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, cavabdehin 457nkGNDJb/22 nömrəli kredit müqaviləsi üzrə Banka 6244,2 manat əsas, 1238,5 manat faiz borcu, 120,95 manat cərimə olmaqla, cəmi 7603,65 manat kredit borcu yaranmışdır. Beləliklə, müqavilə üzrə cavabeh tərəfindən ödəniş vaxtında və lazımi qaydada aparılmamışdır. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, cavabdehə sözügedən kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir (maddə 462.1). Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, iddiaçı öhdəliyini icra etmiş, cavabdeh isə müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, əsas və faiz borcunu vaxtında ödəməmiş və öhdəliyini pozmuşdur. Müqaviləyə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Cavabdeh əsas və faiz borcunu vaxtında ödəmədiyindən iddiaçının gecikdirilmiş məbləğə görə müqavilənin şərtlərinə uyğun olaraq dəbbə pulu tələb etmək hüququ da yaranmışdır. Həmçinin, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, hazırki iş üzrə məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh isə məhkəməyə iddia tələbini təkzib və borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə hesablanmış dəbbə pulunun məbləğini də nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən əsas borcun, ona hesablanmış faizlərin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia əsaslı olduğundan, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 96,04 manat dövlət rüsumunun əvəzi və iddiaçının bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi 0,40 manat əlavə xərcin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 457nkGNDJb/22 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 6244,2 manat əsas borc, 1238,5 manat faiz borcu və 120,95 manat cərimə olmaqla, cəmi 7603,65 (yeddi min altı yüz üç manat, altmış beş qəpik) manat və ödənilmiş dövlət rüsumunun, bank xidmət haqqının əvəzi kimi 96,44 (doxsan altı manat, qırx dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar