Məhkəmə qərarları › İş №2(125)-46/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-46/2024

09.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-46/2024 09.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi və ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Əliheydər Qarayev küçəsi, 8 nömrəli mülkdə yerləşən onun evinin barısına bitişik ayaqyolunun cavabdehin hesabına sökülməsi, həmin evdən axıdılan suların qarşısının alınması, su axıdılması nəticəsində vurulmuş 5000 manat ziyanın ödənilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 2-ci döngə, 9 nömrəli ev xx.xx.2011-ci il tarixli 4Ə-2-253 saylı alqı-satqı müqaviləsi əsasında onun adına qeydə alınmış və xx.xx.2011-ci il tarixli, (Reyester nömrəsi **********67 nömrəli) Texnili Pasport və ******* nömrəli çıxarış Gəncə Ərazi İdarəsi tərəfindən verilmişdir. Həmin vaxtdan mülk onun adına olmaqla tərəfindən idarə olunur. Mülkdəki ev bir mərtəbəli olmaqla, 2 yaşayış otağı olsa da, 3 otaq edilmiş, yardımçı sahəsi olmaqla, ümumi sahəsi 79,3 kv.m-dən ibarətdir. Bacısının evə ehtiyacı olduğundan onun xahişi ilə müvəqqəti olaraq evi onun istifadəsinə vermişdir. Uşaqları və körpə nəvələri ilə həmin evdə yaşamaqla, mülkü idarə edir, hər cür kommunal xərclərini də özü ödəyir. Son illər qonşuluqda yaşayan yəni hazırkı iş üzrə cavabdeh olan, evin barısına bitişik qonşu X1 üzündən onun evinin iki otağının barısı nəmdən yararsız vəziyyətə düşmüşdür. Evin döşəməsi çürümüş, evdə göbələklər bitmiş və havasızlıq əmələ gəlmişdir. O, döşəməni məcbur olub, öz vəsaiti hesabına təmir etdirmişdir. Qalan təmirə maddi çəhətdən imkanı yoxdur. Cavabdeh vətəndaşların yununu yumaqla məşğul olur, daim yuduğu yunun suyunu onun evinin barısı istiqaməti tərəfə axıdır. Bundan başqa həmin yerdə onun evinin ayaqyolusu var, ayaqyolunun əlavə barısı yoxdur, onun evinin barısına bitişikdir. Həmin yerdən də evin barısı su çəkir. Onun evi cavabdehin həyətindən bir qədər aşağıdır. Həyətinə çınqıl daşlar tökdürüb, axıtdığı sular evin barısının dibində göllənir. Həyətə kanazasiya xətti çəkilsə də, düzgün qurraşdırılmadığı üçün su az miqdarda gedir. Qalan su həyətdə göllənir, xətt çəkmir. Bundan başqa evinin şiferlərini də elə vurdurub ki, yağışlı havada axan suyun hamısı binaya axır. Şiferlər düzgün qoyulmayıb, nodandan istifadə olunmayıb. Bunun da nəticəsində onun evi yaşayış üçün yararsız vəziyyətə düşüb. Dəfələrlə cavabdehə xəbərdarlıq edilib ki, evdə havasızlıqdan yaşamaq olmur, axıdılan suların qarşısını alsın. Cavabdeh və ailə üzvləri buna əməl etmək əvəzinə, daha da aqressiv hərəkətlər edir, onlara qarşı küçə söyüşləri işlədirlər. Bu isə onların səhhətinə pis təsir edir. Digər tərəfdən də onları maddi problemlərlə qarşılaşdırırlar. Evi təmir etməyə isə maddi vəsaiti çatmır. Cavabdeh könüllü olaraq vurduğu ziyanı ödəmək, ayaqyolunu həmin hissədən götürmək, şiferləri düzəltmək, o cümlədən də nodan düzəltdirmək istəmir və evin həmin hissəsini təmir etmək fikrində deyil, çalışır ki, o, öz evini öz vəsaiti hesabına təmir etdirsin, lakin buna heç cür imkanı yoxdur. Aralarında olan mübahisə sülh yolu ilə həll edilmədiyindən bu barədə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin hərəkəti üzündən 100 manat dövlət rüsumu ödəməyə məcbur olmuşdur. Həmin məbləğin də qətnamənin qəbul edilməsindən asılı olaraq alınıb onun xeyrinə ödənilməsini istəyir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabheh məhkəmı iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA serialı ******* saylı çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 2-ci döngə, 9 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2011-ci il tarixdən İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv materiallarına istinadən, Asif Yusifov (keçmiş Ə.H.Qarayev) küçəsi, 8 ünvanında yerləşən evi xx.xx.1956-cı il tarixli, 8 nömrəli protokol qərarından çıxarışa əsasən 1967-ci ildə aparılmış inventarlaşdırma zamanı X4 adına qeyd eilmişdir. Kirovabad şəhəri 1 saylı Dövlət notariat kontorunun xx.xx.1984-cü il tarixli, 3-2- 126 reyestr nömrəii “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhdətnaməyə əsasən, bu mülk X4 adından nəvəsi X3 adına keçmişdir. Lakin sözügedən fərdi yaşayış evi daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Vərəsəlik zamanı daşınmaz əmlak 26 m2, 16,9 m2 iki yaşayış otağı, 5,2 m2 mətbəx və 233 m2 torpaq sahəsindən ibarət olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/7656 nomrəli ekspert rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 2-ci döngə, 9 saylı fərdi yaşayış evinin arxa divarlarının üzərində olan qüsurların (Gəncə şəhəri, Əliheydər Qarayev küçəsi, 8 saylı evinin kommunikasiya xətləri istiqamətdə) olduğunu və eləcə də, 8 saylı evə aid ayaqyolu tikilisinin 9 saylı evə bitişik vəziyyətdə inşa olunduğunu nəzərə alaraq, Gəncə şəhəri, Bayan küçəsi, 2-ci döngə 9 saylı fərdi yaşayış evinə Gəncə şəhəri, Əliheydər Qarayev küçəsi, 8 saylı fərdi yaşayış evinin kommunikasiya xətləri ilə səbəbli əlaqəsinin olduğu və su kommunikasiya xətləri vasitəsi ilə 9 saylı mənzilin arxa divarına suyun sızdığı müəyyən edilir. Gəncə şəhəri, Bayan küçəsi, 2-ci döngə, 9 saylı fərdi yaşayış evə su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1547,0 manat məbləğini müəyyən edilir. Gəncə şəhəri, Əliheydər Qarayev küçəsi, 8 saylı fərdi yaşayış evi ilə Gəncə şəhəri, Bayan küçəsi, 2-ci döngə, 9 saylı fərdi yaşayış evlərinə ayrı ayrılıqda giriş-çıxış yallarının oluğunu, ayrı-ayrılıqda yerləşdiyini nəzərə alaraq fərdi yaşayış evlərinin biri-birindən təcrid olunmuş evlərin olduğu müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Gəncə Şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1941-ci ildə anadan olmuş və xx.xx.2015-ci ildə vəfat etmiş X3 ailə tərkibi ibarətdir: arvad X6 1941-ci il təvəllüdlü (xx.xx.2011-ci ildə vəfat edib), uşaq X8 xx.xx.1972-ci il təvəllüdlü, uşaq X7 xx.xx.1970-ci il təvəllüdlü, uşaq X5 xx.xx.1974-cü il təvəllüdlü və uşaq Cavabdeh xx.xx.1978-ci il təvəllüdlü. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/4867 nomrəli ekspert rəyindən görünür ki, Cavabdeh istifadəsində olan Gəncə şəhəri, Əliheydər Qarayev küçəsi, 8 saylı fərdi yaşayış evinə aid ayaqyolu tikilisinin tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilmişdir. Cavabdeh istifadəsində olan Gəncə şəhəri, Əliheydər Qarayev küçəsi, 8 saylı fərdi yaşayış evinə aid ayaqyolu tikilisinin İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Bayan küçəsi, 2-ci döngədə yerləşən, 9 saylı fərdi yaşayış evinin yaşayış otaqlarının arxa divarına bitişik vəziyyətdə inşa edildiyini, eləcə də, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yaşayış otaqlarının arxa divarlarının döşəmə ilə birləşən hissələrində qüsurlar əmələ gəldiyini nəzərə alaraq, həmin tikililərə su sızmasının cavabdehin istifadəsində olan ayaqyolu tikilisindən olduğu müəyyən edilmişdir. İş materiallarında olan, əvvəlki məhkəmə prosesində Cavabdeh tərəfindən məhkəməyə təqdim edərək ərizədə göstərilmişdir ki, atası Çingiz Fərman oğlundan miras qalmış Gəncə şəhəri, Əliheydər Qarayev küçəsi, 8 saylı fərdi yaşayış evində atası vəfat etdikdən sonra indiyədək o yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər; 169.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 69.4-cü maddəsinə əsasən ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5-ci maddəsinə əsasən ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: - divar hündürlüyünün 0,6 hissəsi (69.5.1) Hazırkı iş üzrə iddiaçı 1) mülkiyyətindəki evin hasarına bitişik cavabdeh tərəfindən tikilmiş ayaqyolunun sonuncunun hesabına sökülməsi; 2) cavabdehin istifadəsində olan evdən onun mülkiyyətindəki daşınmaz əmlaka axıdılan suların qarşısının alınması; 3) cavabdeh tərəfdən su axıdılması nəticəsində vurulmuş 5000 manat ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işin tədqiq edilmiş hallarına göstərilən hüquq normalarını tətbiq etməklə hesab edir ki, iddiaçı onun mülkiyyətində olan yaşayış evinə cavabdeh tərəfindən bitişik tikilmiş ayaqyolunun tikilisinin sökülməsi tələbini irəli sürmək üçün subyektiv hüquqa malikdir və həmin tələbi irəli sürməkdə haqlıdır. Belə ki, iş üzrə verilmiş ekspert rəylərinə əsasən, cavabdehin istifadəsində olan 8 saylı evə aid ayaqyolu tikilisi iddiaçının mülkiyyətindəki 9 saylı evə bitişik vəziyyətdə inşa olunmuş və həmin ayaqyolu tikilisi tikinti norma və qaydalarına uyğun deyil. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə göstərilənlərə əsasən ekspert rəylərini sübut növü kimi qəbul edir və onlarla razılaşır. Belə ki, ekspert rəylərinin əsassız olmasına dair hər hansı dəlil təqdim eidlməmişdir. Beləliklə, yəmih ayaqyolu tikilisi iddiaçıya məxsus yaşayış evinin hasarından 1.32 metr məsafədə tikilməli olduğu halda, həmin ara məsafəsi saxlanılmadan tikilmişdir ki, bu da tikinti norma və qaydalarının tələblərinə ziddir, buna görə həmin tikili cavabdhein hesabına sökülməlidir. Bundan başqa, cavabdehin istifadəsində olan evdən mülkiyyətindəki daşınmaz əmlaka axıdılan suların qarşısının alınması barədə iddiaçının tələbi əsaslı və qanunidir. Cavabdeh tərəfdən ididaçının mülkiyyətində olan daşınmaz əmlaka sonuncunun iradəsinə zidd olaraq suyun axıdılması dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüququnun pozulması, mülkiyətdən istifadənin əsassız məhdudlaşdırılmasıdır və bu hal yolverilməzdir. Çünki mülkiyyət hüququ yalnız qanunvericiliklə məhdudlaşdırıla bilər və əmlakdan istifadənin qeyd edilən qaydada məhdudlaşdırılmasının qanuni əsasları müəyyən olunmur, buna görə iddia həmin hissədə təmin edilməlidir. Bundan başqa, cavabdeh tərəfdən su axıdılması nəticəsində vurulmuş 5000 manat ziyanın ödənilməsi hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, ekspert rəyindən göründüyü kimi, cavabdehin istifadəsindəki 8 saylı fərdi yaşayış evinin kommunikasiya xətləri vasitəsi ilə iddiaçıya məxsus 9 saylı fərdi yaşayış evinin arxa divarına suyun sızdığı və su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmirbərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 1547 manat olması müəyyən edilmişdir. Mülki işin tədqiq edilmiş halları əsasında, cavabdehin təqsirli olaraq törətdiyi hüquqa zidd əməl, yəni mülki hüquq pozuntusu olan suyun axıdılması nəticəsində fərdi yaşayış evində təmir-bərpa üçün tələb olunan 1547 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində iddia təmin edilməlidir. İddiaçının tələb etdiyi (5000-1547=3453) qalan 3453 manat pulun tutulması zərurətini təsdiqləyən hər hansı mötəbər sübut təqdim edilmədiyindən iddia həmin hissədə təmn edilməməlidir. Belə ki, Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.2-ci maddəsinə görə мülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1098.2-ci əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. 1111.2-ci əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Məhkəmə həmçinin qeyd edir ki, hazırda istifadəsində olan fərdi yaşayış evinin cavabdehin adına mülkiyyət hüququ ilə qeydiyyata alınmaması hazırkı iş üzrə tələblərin cavabdehə qarşı yönəlməsini istisna edən hal deyil. Belə ki, həmin evin cavabdehin atasından miras qalması və birinci növbə vərəsə olan cavabdehin həmin əmlaka hüququnun yaranması mülki işin mübahisəsiz halıdır. Beləliklə, cavabdeh miras kütləsinə daxil olan əmlaka hüquqla yanaşı öhdəlikləri də vərəsə qismində qəbul etdiyindən və həmin mirasdan rəsmi qaydada imtina etməsini təsdiqləyən dəlil təqdim dilmədiyindən, habelə hazırkı iş üzrə cavabdeh tərəfdən suyun axıdılması nəticəsində vurulmuş zərər araşdırdığından cavabdehin hazırkı tələblərə cavab verməli olmasını istisna edən hal müəyyən olunmur. Belə ki, Mülki Məcəllənin: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu əvəzi qismində 100 manat pul tutularaq cavabdehdən tutularaq iddiaçıya, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri kimi 150 manat pul cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Bayan küçəsi, 2-ci döngədə yerləşən, 9 saylı fərdi yaşayış evinin hasarına bitişik şəkildə tikilmiş Gəncə şəhəri, Əliheydər Qarayev küçəsi, 8 saylı fərdi yaşayış evinə aid ayaqyolu tikilisi Cavabdeh hesabına sökülsün. İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Bayan küçəsi, 2-ci döngədə yerləşən, 9 saylı fərdi yaşayış evinə Gəncə şəhəri, Əliheydər Qarayev küçəsi, 8 saylı fərdi yaşayış evindən suların axıdılması Cavabdeh qadağan olunsun. Cavabdeh 1547 (min beş yüz qırx yeddi ) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar