Məhkəmə qərarları › İş №2(125)-4634/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4634/2023

17.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4634/2023 17.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 23 000 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 159 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehə 23000 manat məbləğində borc pul vermişdir. Bu barədə cavabdehlə aralarında 07 may 2022-ci il tarixdə Gəncə şəhər 5 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiqlənərək kredit müqaviləsi bağlanmışdır. Cavabdeh 23 000 manat borc məbləğini xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 961 (doqquz yüz altmış bir) manat olmaqla qaytaracağını öhdəsinə götürmüşdür. Lakin həmin vaxtdan o, dəfələrlə cavabdehdən pulunu tələb etməsinə baxmayaraq o, öz üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Bundan başqa Cavabdeh hər dəfə bildirmişdir ki, onun əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşib və borcun qaytarılmasında çətinlik çəkir. Odur ki, cavabdehin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdiyi üçün o məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh ondan aldığı pulu ödəməlidir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddianı qəbul etdiyini, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı olan 23 000 manat borcu üzrə hər ay özünə məxsus təqaüd kartından 270 manat ödəniş edəcəyini bildirdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- İddiaçı ilə Cavabdeh arasında Gəncə şəhər 5 saylı notariat ofisində bağlanılmış xx.xx.2022-ci il tarixli 3M-294 reyestr nömrəli kredit müqaviləsindən görünür ki, borc alan Cavabdeh 23 000 manat məbləğində krediti xx.xx.2024-cü il tarixinədək hər ay 961 manat olmaqla borc verən İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, cavabdeh iddiaçıdan 23.000 manat borc pul almışdır. Cavabdeh iddiaçıdan aldığı pulu qaytarmadığı üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa məhkəmə belə hərəkəti qəbul etmir. Qeyd olunan müddəaları rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə məhkəmə tərəfindən qəbul edilməlidir. MPM-in 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunaraq 23 000 (iyirmi üç min) manat məbləğində borc cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 159 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 23 000 (iyirmi üç min) manat borc və 159 (bir yüz əlli doqquz) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar