Məhkəmə qərarları › İş №2(125)-4635/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4635/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4635/2024 29.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8570 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 30 yanvar 2020-ci ildə borcalan Cavabdeh ilə aralarında kredit müqaviləsi bağlanmışdır. Borcalan tərəfindən borcun qaytarılması ilə bağlı heç bir tədbir görülməmişdir. Borcun qaytarılması barədə cavabdehə şifahi məlumat verilməsinə baxmayaraq cavabdeh öhdəliyini icra etməmişdir. Qeyd olunan müqavilə üzrə cavabdeh ondan 3500 manat məbləğində, ayrıca olaraq kart şəklində isə onun tərəfindən müxtəlif vaxtlarda onun ona atdığı 4098-5844-6896-5734 karta ayrı-ayrılıqda 1000 manat, 1500 manat, 500 manat, 850 manat, 220 manat və digər atdığı başqa kart hesabına isə 1000 manat olmaqla, ümumilikdə 8570 (səkkiz min beş yüz yetmiş manat) manat borc pul verilmişdir. Hazırda cavabdeh borclu öhdəliklərini pozduğundan borcunu ödəmədiyindən onunla bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Müqavilə üzrə cavabdeh 3500 manat pulu xx.xx.2021-ci il tarixdə qaytarmalı olduğu halda müqaviləni icra etməmişdir. Cavabdehə borcunu ödəməyini məhkəmədən kənar qaydada bildirsə də, cavabdeh borcunu ödəməkdən imtina etmiş, bu baxımdan cavabdeh tərəfindən ona vurduğu zərəri ödəməkdən yayındığından məhkəməyə müraciət etmək məcburiyyətindədir. Belə ki, cavabdehə rəsmi qaydada borcunun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh yenə də öhdəliyini icra etməkdən yayınır. Məhkəmədə İddiaçı iştirak etmiş, iddianı müdafiə edərək, iddia ərizəsində göstərdiyi xüsusatlara uyğun izahat vermiş, cavabdehin ondan aldığı borcdan heç bir məbləğ qaytarmadığını göstərmiş, sonda borc məbləğinin 7100 manat müəyyən edilməsinə razı olduğunu bildirərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh iştirak etmiş və izahatında bildirmişdir ki, cavabdehin iddia etdiyi pullardan müxtəlif vaxtlarda, müqavilədə göstərilən 3500 manat, 1000 manat, 1500 manat, 250 manat və 850 manat olmaqla ümumilikdə 7100 manat məbləğində borc pul almışdır. Ancaq, aldığı həmin borcun müəyyən hissəsini qaytarmışdır. belə ki, iddiaçıya televizor və telefon alıb vermişdir. Hazlrda onun qardaşı ilə birlikdə iddiaçıya 10000 (on min) manat borcu vardır və qalıq borcunu da ödəyəcəkdir. Ona görə də iddiaçıya qaytardığı pullar nəzərə alınmaqla iddianın qismən təmin edilməsinə etiraz etmir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını tədqiq edib, hesab edir ki, iddia qismən əsaslı olduğundan, qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Məhkəmə bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh 3500 manat məbləğində borc vermiş və cavabdeh iddiaçıdan aldığı həmin məbləğdə borcu xx.xx.2021-ci il tarixədək qaytamağı öz öhdəsinə götürmüşdür. Məhkəmədə iştirak edən cavabdeh həmin müqaviləni mübahisələndirməmişdir. Cavabdeh həmçinin izahatında iddiaçıdan müxtəlif vaxtlarda daha 1000 manat, 1500 manat, 250 manat və 850 manat borc aldığını etiraf etmişdir. MPM-in sübutlarla bağlı tələblərinə görə, belə halda iddiaçının cavabdehə ümumilikdə 7100 manat məbləğdə borc verməsi işin faktiki halı kimi təsdiq olunur. İddiaçı cavabdehə ümumilikdə 8570 manat məbləğində borc verdiyini iddia etsə də, 7100 manatdan daha çox məbləğdə borc pul verdiyini təsdiq edə bilən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh iddiaçıdan 8570 manat məbləğində borc almadığını, yalnız 7100 manat borc aldığını bildirdiyindən və iddiaçı cavabdehə 7100 manatdan daha çox məbləğdə borc pul verdiyini təsdiq edə bilən mötəbər sübutları məhkəməyə təqdim edə bilmədiyini və sonda borcun məbləğinin 7100 manat həddində müəyyən edilməsinə razı olduğunu bildirdiyindən nəticə etibarı ilə işin faktiki halı kimi müəyyən olunur ki, iddiaçı cavabdehə ümumilikdə 7100 manat məbləğdə borc vermişdir. Cavabdeh məhkəmədə həmin 7100 manat məbləğində borcdan bir hissəsini qaytardığını bildirsə də, işin bu halını təsdiq edə bilən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Öz növbəsində iddiaçı cavabdehin ondan aldığı borcdan heç bir məbləği ödəmədiyini bildirdiyindən, MPM-in sübutlarla bağlı tələblərinə görə yalnız cavabdehin izahatına əsaslanmaqla cavabdehin iddiaçıdan borc aldığı 7100 manat məbləğində borcun hansısa hissəsini qaytardığı qənaətinə də əminliklə gəlmək olmaz. Beləliklə, aparılmış araşdırmalar nəticəsində məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı 30 yanvar 2020-ci il tarixdən başlamaqla cavabdehə 710 manat məbləğində borc vermiş, cavabdeh iddiaçıdan aldığı həmin məbləğdə borcu iddiaçıya qatarmamışdır. Baxılan işdə cavabdeh ona qarşı irəli sürülən iddiaya başqa heç bir etiraz (iddia müddətinin tətbiqi və s. barədə) bildirməmiş, qalıq borcunu ödəyəcəyini bildirmişdir . Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranan mübahisə borc münasıbətlərindən yaranan mübahisədir, ona görə də mübahisənin həlli üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilən maddi hüquq normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən olunur ki, iddiaçının cavabdehə borc kimi verdiyi 7100 manat məbləğində pulun cavabdehdən alınıb, iddiaçıya qaytarılması üçün qanuni əsaslar vardır. Beləliklə də, irəli sürülən iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 357 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7100 (yeddi min bir yüz) manat məbləğində pul alınıb, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar