Məhkəmə qərarları › İş №2(125)-464/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-464/2024

17.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-464/2024 17.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi (vəkili) X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən vurulmuş zərərə görə 7140 manat pulun və 100 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 10 iyun 2023-cü il tarixdə, saat 16-18 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh2 idarə etdiyi “Kamaz” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Goranboy-Borsunlu yolunun 8-ci kilometrində Rəhimli kəndi ərazisində hərəkət edən zaman Kamazda olan PRS 0907 qeydiyyat nişanlı yarım qoşqu onun arxasından açılmışdır. Nəticədə yolun kənarında dayanmış ona məxsus olan "Hyundai Sonata" markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan hadisə ilə bağlı Goranboy rayon Polis şöbəsinin Yol patrul xidməti tərəfindən xx.xx.2023-cü il tarixli İnzibati Xəta haqqında ******* nömrəli Protokol tərtib olunmuşdur. “Kamaz” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edən Cavabdeh2 baş verən hadisənin törədilməsində təqsirkar şəxs olduğu müəyyən olunmuşdur. O, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə təqsirli bilinmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus "Hyundai Sonata" markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7140 manat ziyan vurulmuşdur. Cavabdehlər dəyən zərəri könüllü ödəmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər iddiaçı və cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinə dair etibarnamələrin surətlərindən görünür ki, Cavabdeh1 Cavabdeh2 xx.xx.2020-ci ildən xx.xx.2030-cu il tarixədək “Kamaz” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobili və “PRS 0907” markalı 20AZ476 dövlət qeydiyyat nişanlı qoşqunu idarə etmək üçün səlahiyyət vermişdir. İş materiallarında olan nəqliyyat vasitəsindən istifadə edilməsinə dair elektron etibarnamənin surətindən görünür ki, Əhmədov X2 Şaiq Akif oğluna xx.xx.2022-ciil tarixdən xx.xx.2025-ci il tarixədək "Hyundai Sonata" markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün səlahiyyət vermişdir. İş materiallarında olan Qüsur aktından görünür ki, "Hyundai Sonata" markalı, **-BN- *** dövlət nömrə nişanlı minik avtomobilə cəmi 7140 manat dəyərində zərər dəymişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli İnzibati Xəta haqqında protokolun surətindən görünür ki, “PRS 0907” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı qoşqunu idarə edən Cavabdeh2 342.5-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. İş materiallarında olan Cavabdeh2 Goranboy rayon Polis şöbəsinə verdiyi izahatdan görünür ki, o, xx.xx.2023-cü il tarixdə saat təxminən 15:28 radələrində etibarnamə ilə idarə etdiyi “Kamaz 511” yük markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobil və arxasına qoşulu olan yarım qoşqu ilə Goranboy-Borsunlu yolunun 5-ci kilometrində Ağcakənd istiqamətinə hərəkət edən zaman arxada olan qoşqu onun xəbəri olmadan açılaraq yolun kənarında kafenin qarşısında dayanan "Hyundai Sonata" markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/1225 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Gəncə Avtomoservis və Ticarət Müəssisəsi” tərəfindən tərtib edilmiş qüsur aktına əsasən 2016-cı il buraxılışlı, “Hyundai Sonata” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 5740 manat məbləğində olduğu müəyyən edilmişdir, o cümlədən dəyişilməli hissələrin qiyməti 3490 manat, təmir-bərpa işlərinin qiyməti 2250 manatdır. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalmmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna (etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli qərarına əsasən, yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Həmin qərarda həmçinin göstərilmişdir ki, ... Yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. ... Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Bu qaydadan bəzi istisnalar mövcuddur: - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi başqa şəxslərin qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma və s.) mənbənin onun sahibliyindən çıxdığı halda vurulmuş zərərə görə məsuliyyət daşımır; - dəymiş zərər zərərçəkmişin qəsdi nəticəsində yaranmış olarsa, onun əvəzinin yüksək təhlükə mənbəyinin sahibi tərəfindən ödənilməsi vəzifəsi yaranmır; - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi zərərin qarşısıalınmaz qüvvənin (fövqəladə və qaçınılmaz hallar (Mülki Məcəllənin 379.1.1-ci maddəsi) təsiri nəticəsində vurulduğunu sübut etdikdə məsuliyyətdən azad edilir. Mülki işin tədqiq edilmiş halları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh1 məxsus nəqliyyat vasitəsini və qoşqunu idarə edən Cavabdeh2 İddiaçı2 mülkiyyətində olan və etibarnamə əsasında İddiaçı1 idarə etdiyi avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Həmin hadisənin törədilməsində Cavabdeh2 təqsirli bilinərək barəsində inzibati cərimə tətbiq olunmuşdur. İddiaçı2 və İddiaçı1 yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyanın əvəzi qismində 7140 manat pulun Cavabdeh1 və Cavabdeh2 tutulmasını xahiş etmişdir. Cavabdehlər ziyanın əvəzi qismində tələb edilən pul məbləği ilə razılaşmadığından məhkəmə ekspertizası təyin olunmuş və verilmiş rəy əsasında mübahisəli avtomobil üçün təmir-bərpa xərcinin 5740 manat olduğu müəyyən edilmişdir. Həmin ekspert rəyinin əsaslı olmasını təkzib edən hər hansı dəlil təqdim olunmamışdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, mübahisəli avtomobilin mülkiyyətçisi İddiaçı2 əmlakının zədələnməsi nəticəsində 5740 manat ziyan dəydiyi ekspert rəyi nəticəsində müəyyən olunmuşdur; həmin ziyanın vurulmasına əsas olan yolnəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli olması barəsində qəbul olunmuş qərarla təsdiq olunmuşdur; obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşyanın mülkiyyətçisi Cavabdeh1 əməlin törədilməsində təqsirsiz olsa belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə “təhlükə məsuliyyəti” anlayışına əsasən dəymiş zərəri qarşılamaq öhdəliyi daşıyır; İddiaçı1 mübahisəli avtomobili idarə etmək hüququna malik olmuşdur və həmin əmlak ona məxsus olmadığı üçün mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzini tələb etmək hüququ yaranmır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehlərdən 5740 manat pul müştərək qaydada tutularaq İddiaçı2 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu əvəzi qismində cavabdehlərdən 77.4 manat pul müştərək qaydada tutularaq həmin rüsumu ödəmiş İddiaçı1 ödənilməli; cavabdehlərdən ekspertiza xərci olan 50 manat pul dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5740 (beş min yeddi yüz qırx) manat pul müştərək qaydada alınaraq İddiaçı2 verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilmiş dövlət rüsumunun əvəzi qismində 77 (yetmiş yeddi) manat 40 (qırx) qəpik pul müştərək qaydada alınaraq İddiaçı1 verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar