Məhkəmə qərarları › İş №2(125)-466/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-466/2024

27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-466/2024 27.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "Gəncə Sukanal” TSC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə əsassız olaraq hesablanmış 1235.03 manat su pulunun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında yaşayır və qeyd olunan ev onun xüsusi mülkiyyətindədir və bununla bağlı ona Azərbaycan Respublikası Əmlak Məsələləsi Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən çıxarış verilmişdir. Həmin evə cavabdeh təşkilat tərəfindən su təchizatı və kanalizasiya xidmətləri təmin edilməmişdir. Cavabdeh "Gəncə Sukanal” TSC-yə rəsmi qaydada dəfələrlə yazılı ərizə ilə müraciət etməklərinə baxmayaraq heç bir nəticəsi olmamış və onların ünvanına suyun verilməsi təmin edilməmişdir. Uzun illərdir ki, suyu maşınla alır və bunun üçün kifayət qədər pul xərcləməli olur. Cavabdeh orqanın əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli ödəniş qəbzi tərtib edilməklə guya sudan istifadə və tullantı suların axıdılması ilə bağlı onun 1235.03 manat borcu olması göstərilmişdir. Ailə üzvlərinin sayına uyğun olaraq adambaşına hesablanmaqla əsassız olaraq və suyun verilməsi təmin edilmədən borc məbləği hesablanmışdır. Yaşadığı ünvan üzrə yaxın qonşulara da, suyun verilməsi təmin edilmədən yüksək məbləğdə borc yazılmışdır və bugünə kimi yazılmış həmin borc məbləğləri heç bir qonşu tərəfindən ödənilməmişdir. “X2”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarının 2.1-ci bəndinə əsasən “Su təchizatı və kanalizasiya müəssisəsi” istehlakçını müqavilədə göstərilən keyfiyyətdə və həcmdə su ilə təmin etməlidir. Həmin qərarın 5.1-ci bəndinə əsasən istehlakçı - müqavilə öhdəliklərinin icrasını tələb etmək, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək, tələbatına görə keyfiyyət standartlarına uyğun məişət (təsərrüfat)-içməli su ilə təmin olunmaq, tullantı sularının fasiləsiz axıdılmasını tələb etmək - hüquqlarına malikdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununun 1-ci maddəsinə əsasən şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs istehlakçıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdir. Cavabdeh təşkilat tərəfindən bugünkü tarixədək su təchizatı və kanalizasiya xidmətlərinə görə hesablanmış borc məbləği əsassızdır və tələbatlarına görə keyfiyyət standartlarına uyğun məişət (təsərrüfat) - içməli su ilə təmin olunmadıqları üçün barəsində borc yazmaq və ya əsassız olaraq yazılmış həmin borcu tələb etmək hüququ yoxdur. Odur ki, cavabdeh “Gəncə Sukanal” TSC tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə əsassız olaraq hesablanmış 1235.03 manat su pulunun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, İddiaçı tərəfindən verilən iddia ərizəsini tamamilə əsassız sayırlar. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus olan evdə su və çirkab su xəttinin olmadığı halda sudan istifadəyə görə 1235.03 manat borc yaranmışdır və həmin borcun silinməsi barədə iddia irəli sürmüşdür. "X2”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinentinin 17 iyul 2014-cü il tarixli Qərarı 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara su ölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı suların və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq, müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7(yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablanmanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim edilmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. ünvan 3 ünvanına dair mülkiyyətçisi İddiaçı ilə xx/xx/2005ci il tarixdə sudan istifadə və tullantı suların axıdılmasına dair müqavilə bağlanaraq **********000 abonent kodu verilmişdir. Abonent olaraq İddiaçı bugünədək xidmətlərdən istifadə edilməsinə baxmayaraq tam ödəniş etməmişdir və nəticə etibarı ilə mövcud borc yaranmışdır. “X2”nın 8.3 bəndinə əsasən istehlakçıya suyun verilməsinin dayandırılması (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) və ya müqavilənin vaxtından əvvəl ləğv olunması barədə STKM-ə yazılı müraciət etdikdə, STKM 2 iş günü müddətində müvafiq olaraq suyun verilməsinin dayandırılması və müqavilənin ləğv edilməsi barədə qərar qəbul edir. İstehlakçıya suyun verilməsi həmin qərar qəbul edildiyi gündən dayandırılmalıdır və istehlakçı sonuncu günədək istifadə etdiyi suyun dəyərini ödəməlidir. İddiaçı ona məxsus ünvan 2 ünvanında sudan istifadə olunmadığı üçün su təchizatının müvəqqəti bağlanması üçün rəsmi və qeyri rəsmi şəkildə STKM müraciət etməmişdir və həmin ünvanda sudan istifadə və tullantı sularının axıdılmasına görə qanunvericiliyə əsasən müvafiq hesabat verilmişdir. Bununla “Gəncə Sukanal” TSCnin üzərinə düşən vəzifələri istehlakçı qarşısında yerinə yetirmişdir, lakin istehlakçı tərəfindən üzərinə düşən vəzifələri vaxtı-vaxtında yerinə yetirmədiyinə görə sudan istifadə və tullantı suların axıdılmasına görə borc yaranmışdır. 2011-ci ilin fevral ayından sayğac quraşdırılan tarixə kimi, 2018-ci ilin yanvar ayınadək iddiaçının yaşadığı ünvana nəfər sayına uyğun olaraq tonu 0.45 manat olmaqla iddiaçıya 393.35 manat borc hesablanmışdır. 2018-ci ildən 2021-ci ilin avqust ayının 19-dək sayğacın göstəricilərinə əsasən 45 kub 0.45 manatdan 20 manat 25 qəpik, 2021-ci ilin avqust ayından 2023-cü ilin sentyabr ayınadək 150 kub 0.90 manatdan olmaqla 135 manat borc yaranmışdır. Lakin podratçı şirkət sayğacın quraşdırılması barədə vaxtında məlumat vermədiyindən iddiaçının ünvanına 2018-ci il tarixdə quraşdırılan sayğac 2021-ci ilin avqust ayında qeydə alınmış və həmin tarixədək hesablama qeydiyyatda olan nəfər sayına görə aparılmışdır. Bu səbəbdən də, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməldir. Belə ki, işdə olan abonent kartından görünür ki, ünvan 4 ünvanında abonent İddiaçı xx.xx.2021-ci il tarixədək 3 nəfər adam sayına görə, həmin tarixdən isə sayğac göstəriciləri əsasında xx.xx.2023-cü il tarixədək 1235.03 manat borc hesablanmışdır. İşdə olan ödəniş qəbzindən görünür ki, ünvan 4 ünvanında abonent İddiaçı xx.xx.2023-cü il tarixə dövrü borc 72 manat olmaqla 1235.03 manat borcu qalmışdır. İşdə olan "xxxx" ASC "xxxx" MMC-nin “Gəncə Sukanal” TSC-nin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında abonent İddiaçı müraciətinə cavab olaraq idarənin mütəxəssisləri tərəfindən həmin ünvana baxış keçirildiyi və ünvanda su təhcizatı ilə bağlı heç bir çatışmamazlıq olmadığı qeyd edilmiş və yaranmış 426.95 manat borcun ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Su təchizatı və tullantı suları” haqqında Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qanunun 5-ci maddəsinin 3-cü bəndinə əsasən, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 saylı Qərarı ilə rəsdiq edilmiş “X2”nın 7.2-ci bəndinə əsasən, STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Həmin qaydaların 7.3-cü bəndinə əsasən, smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Həmin qaydaların 7.4-cü bəndinə əsasən, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Həmin qaydaların 7.14-cü bəndinə əsasən, bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq istehlakçıya göndərilmiş (təqdim edilmiş) hesab üzrə ödənişlər həmin hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində tam həyata keçirilməlidir. Həmin müddət gecikdirildikdə, müqavilədə nəzərdə tutulduğu hallarda istehlakçı əsas borc məbləği ilə yanaşı, müqavilənin şərtlərinə uyğun olaraq dəbbə pulunu (cərimə, penya) da ödəməlidir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, İddiaçı ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə 1235.03 manat su pulunun artıq hesablandığını qeyd etmiş və tələbini həmin ünvana su verilməməsi, içməli suyu maşın vasitəsilə alması ilə əsaslandırmışdır. Lakin iddiaçı yaşadığı ünvana içməli suyun verilməməsini təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının özünün məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, xx.xx.2018-ci il tarixdə iddiaçının yaşadığı ünvanda suyun olmaması ilə bağlı mütəxəssislər tərəfindən baxış keçirilmiş və heç bir çatışmamazlıq aşkar edilməmişdir. Həmçinin iddiaçı kanalizasiyadan istifadə etməsini də, inkar etməmişdir. Məhkəmə hesablanmış 1235.03 manat su pulunun məbləği ilə bağlı qeyd edir ki, iddiaçının tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmşdir ki, iddiaçının yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə hesablanmış borc xx.xx.2021-ci il tarixədək nəfər sayına görə hesablanmışdır. Halbuki, iddiaçının nümayəndəsinin etirafı və digər sübutlarla sayğacın 2018-ci ilin yanvar ayında qoyulması, lakin cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə qeydə alınması təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, 2018-ci ilin yanvar ayından xx.xx.2021-ci il tarixədək iddiaçıya əsassız olaraq nəfər sayı ilə sudan istifadəyə görə borc hesablanmışdır. Nəticədə 2018-2021-ci illər üçün həm sayğac, həm də nəfər sayı ilə iddiaçıya sudan istifadəyə görə pul hesablanmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının 2011-ci il tarixdən 2018-ci ilin yanvar ayınadək tonu 0.45 manatdan hesablanmaqla 393.35 manat, 2018-ci ildən xx.xx.2021-ci il tarixədək 45 kub 0,45 manatdan 20,25 manat, 2021ci ilin avqust ayından 2023-cü ilin sentyabr ayınadək 150 kub 0.90 manatdan olmaqla 135 manat, ümumilikdə 548.6 manat borcu vardır. Odur ki, iddia tələbi qismən təmin edilməli, iddiaçıya sudan istifadəyə görə hesablanmış 1235.03 manat borcun 548.6 manatdan artıq hissəsi, yəni 686.43 manat hissəsi silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə “Gəncə Sukanal” TSC tərəfindən hesablanmış 1235.03 manat borcun 686.43 manat hissəsi silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar