Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4667/2025 18.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi, Xudaverdiyeva Nilgün Elbrus qızının katibliyi ilə, İddiaçı nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli 12047 nömrəli lombard kredit müqaviləsinə əsasən borclu olduğu 89060 (səksən doqquz min altmış) manat əsas borcu, 61990 (altmış bir min doqquz yüz doxsan) manat faiz borcu, 6270(altı min iki yüz yetmiş) manat dəbbə borcu olmaqla, ümumilikdə 157320 (yüz əlli yeddi min üç yüz iyirmi) manat pulun və ödənilmiş 447,32 manat dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, sahibkarlıqla məşğul olan fiziki şəxs kimi (YK Lombard) fəaliyyət göstərir. Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli 12047 nömrəli lombard kredit müqaviləsinə əsasən cavabdeh ondan 30 ay müddətinə 89060 manat kredit götürmüşdür. Əvəzində cavabdeh lombarda cəmi 7 adda, ümumi çəkisi 62,10 qram, xalis çəkisi 32,80 qram olan, 1724 manat dəyərində qızıl-zinət əşyalarını girov qoymuşdur. Belə ki, cavabdeh söz vermişdir ki, başqa qızıl-zinət əşyaları da gətirəcək. Lakin, pulu alıb getdikdən sonra cavabdeh başqa qızıl-zinət əşyaları gətirməmişdir. Həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən cavabdeh 07 aprel 2024-cü il tarixdən etibarən hər ay 5467,53 manat ödənişləri həyata keçirməli idi. Lakin cavabdeh lombarda hər hansı ödəniş etməmişdir. 04 iyun 2025-ci il tarixdə cavabdehə borcunun ödənilməsinə dair bildiriş göndərilmişdir. Lakin cavabdeh nə ona təyin edilmiş müddət ərzində, nə də sonra lombarda hər hansı ödəniş etməmişdir. Beləliklə 04 iyun 2025-ci il tarixə cavabdehin lombarda 89060 manat əsas borcu, 61990 manat faiz borcu, 6270 manat dəbbə borcu olmaqla, ümumilikdə 157320 manat borcu yaranmışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə İddiaçı nümayəndəsi, vəkil Nümayəndə iştirak etmiş, irəli sürülən iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və sonda iddianın təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanmaqla, işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə yekun qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi, vəkil Nümayəndə dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan, qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki işin materiallarında olan, İddiaçı ilə Cavabdeh arasında 07 mart 2024-cü il tarixdə bağlanmış 12047 saylı kredit müqaviləsindən müəyyən edilir ki, İddiaçı Cavabdeh 30 ay müddətə illik 54 faiz ödənilməsi şərtilə 89060 (səksən doqquz min altmış) manat məbləğində pul borc vermişdir, cavabdeh isə həmin borcunu 30 ay müddətində (ödəniş cədvəlinə əsasən hər ay 5468 manat məbləğində pul ödəməklə) qaytarmağı öz öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndində kreditin girov əsasında verildiyi və girova qızıl zinət əşyaları götürüldüyü qeyd edilmişdir. Mülki işin materiallarında olan, İddiaçı məxsus olan xx.xx.2024-cü il tarixli 000016 saylı kassa məxaric orderinin surətindən müəyyən edilir ki, həmin tarixdə İddiaçı tərəfindən Cavabdeh 89060 (səksən doqquz min altmış) manat məbləğində pul verilmişdir. Mülki işin materiallarında olan sadə əlyazma qəbzindən müəyyən edilir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə qəbz yazaraq, həmin tarixdə İddiaçı 89060 manat məbləğində pul vəsaiti götürdüyünü bildirmişdir. Mülki işin materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit dövrü ərzində YK Lombardda xx.xx.2024-cü il tarixli 12047 saylı krediti müqaviləsi üzrə heç bir ödəniş etməmişdir. Artıq yuxarıda qeyd edildiyi kimi, cavabdeh məhkəməyə gəlməmiş və ona qarşı irəli sürülən iddiaya heç bir etiraz bildirməmişdir. Belə olan halda, məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi sübutları işin hallarının müəyyən edilməsində mötəbər sübutlar kimi qiymətləndirərək, belə qənaətə gəlir ki, İddiaçı 07 mart 2024-cü il tarixdə Cavabdeh 30 ay müddətə 89060 manat məbləğində borc pul verməsi və Cavabdeh aldığı kreditin heç bir hissəsini iddiaçıya qaytarmaması işin faktiki halları kimi təsdiq olunur. İddiaçının təqdim etdiyi və məhkəmədə tədqiq edilmiş sübutların tədqiqindən müəyyən edildiyi kimi, İddiaçı ilə Cavabdeh arasında 07 mart 2024-cü il tarixdə bağlanmış kredit müqaviləsinin İddiaçı tərəfindən Cavabdeh 30 ay müddətə 89060 (səksən doqquz min altmış) manat pul borc verməsi şərti müqavilənin etbarlı şərti olmaqla, baş tutmuşdur. Mülki qanunvericilik kreditin verilməsinin təsdiq olunması halında alınmış borcun qaytarılması öhdəliyini həmin məbləğdə krediti almış şəxsin üzərinə qoyur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona olan borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Məhkəmə onu da qeyd edir ki, müqavilədə verilmiş kreditin təminatlı kredit olduğu, kreditin girov əsasında verildiyi göstərilsə də, iş materiallarından və iddiaçının (onun nümayəndəsinin) məhkəməyə bildirdiklərindən belə müəyyən olunur ki, cavabdeh müqavilənin həmin şərtinə əməl etməmiş və aldığı 89060 (səksən doqquz min altmış) manat pul borcuna görə uyğun dəyərdə qızıl-zinət əşyalarını girov qoymamışdır. Başqa sözlə, iddiaçının cavabdehə vermiş olduğu 89060 manat məbləğində kredit, cavabdehin bu öhdəliyini yerinə yetirməməsi (89060 manat pula uyğun dəyərdə qızıl-zinət əşyalarını girov qoymaması) səbəbindən əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği olmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin müqavilənin bu şərtinə əməl etməməsi, yəni, aldığı kredit məbləğini əşyanın lombardda girovu ilə təmin etməməsi onu iddiaçıdan aldığı 89060 manat məbləğində krediti qaytarmaq öhdəliyindən azad etmir. Məhkəmə məhkəmədə tədqiq edilmiş sübutlara əsasən işin müəyyən edilən faktiki hallarına yuxarıda qeyd edilən maddi hüquq normalarının tətbiqindən belə qənaətə gəlir ki, irəli sürülən iddia Cavabdeh 89060 manat məbləğində pulun alınıb, İddiaçı verilməsi tələbi hissədə əsaslı sayılmalı və həmin hissədə təmin edilməlidir. Qalan hissədə məhkəmə irəli sürülən iddianı qanuni əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Həmin Məcəllənin 740.10-cu maddəsinə əsasən, gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs tərəfindən həyata keçirilə bilər. Hazırki işdə iddiaçı gəlir əldə etmək məqsədilə kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik olduğunu təsdiq edən müvafiq sənədi məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə müqavilənin faizlərin ödənilməsini nəzərdə tutan şərtini Mülki Məcəllənin 740.10-cu maddəsinin tələblərinə zidd olan şərt kimi qiymətləndirir və belə qənaətə gəlir ki, iddia 61990 manat faiz borcu və 6270 manat dəbbə borcu tələbi hissələrdə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən, məhkəmə bu nəticəyə gəlir ki, pul tələbinə dair iddia qismən təmin edilməli, Cavabdeh 89060 (səksən doqquz min altmış) manat məbləğində pul alınıb, İddiaçı verilməli, qalan hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, hazırki iddianı qaldırmaq üçün iddiaçı 447,32 manat məbləğində dövlət rüsumu ödəmiş və ödənilmiş dövlət rüsumunun əvəzi kimi cavabdehdən 447,32 manat məbləğində pulun alınaraq, ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri (dövlət rüsumu) ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 447.32 manat məbləğində dövlət rüsumunun ödənilmiş tələblərə mütənasib olan hissəsinin əvəzi kimi 253,18 manat məbləğində pul cavabdehdən alınıb, iddiaçıya verilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 357 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 89060 (səksən doqquz min altmış) manat məbləğində pul və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun ödənilmiş tələblərə mütənasib olan hissəsinin əvəzi kimi 253,18 (iki yüz əlli üç) manat 18 qəpik məbləğində pul alınıb, İddiaçı verilsin. Qalan hissədə iddia əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-4667/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4667/2025
18.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver