Məhkəmə qərarları › İş №2(125)-4685/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4685/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4685/2024 08.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X17 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə və nümayəndəsi, vəkil X8 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı nümayəndəsi Nümayəndə vasitəsilə Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 16250 manat və ödənilmiş 138 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 16250 manat pulun və ödənilmiş 138 manat dövlət rüsumu və mediasiya xərcinin əvəzinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 04 iyun 2004-cü ildə nikah bağlamışdır. Nikah Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə qeydə alınmışdır. Tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlakı Cavabdeh iddiaçıdan xəbərsiz anası X6 bağışlamışdır. Bu məsələdən xəbər tutan iddiaçı Goranboy rayon Məhkəməsində iddiaçı ilə X9 arasında Bərdə «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən bağlanmış 15 sentyabr 2021-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməsi, mənzili əvvəlki vəziyətə qaytarılması və həmin mənzil tərəflərin birgə nikah dövründə əldə edilmiş mənzil oduğu üçün aralarında bərabər paylara bölünməsinə dair iddia tələbi qaldırmışdır. Goranboy Rayon Məhkəməsinin 2(045)-321/2022 saylı, 16 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ilə X9 arasında Bərdə “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən bağlanmış 15 sentyabr 2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin əvvəlki vəziyyətinə qaytarılması, həmin mənzilin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə isə Cavabdeh mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. Məhkəmənin eyni tarixli xüsusi qərardadı ilə Cavabdeh və X9 arasında xx.xx.2021-ci il tarixli Bərdə ASAN Xidmət mərkəzinin Notariat Ofisində bağışlama müqaviləsi bağlanan zaman saxtalaşdırma və qanunsuz hazırlamaya yol vermiş vəzifəli şəxslərin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin əlamətlərinin aşkar olunması barədə Goranboy rayon Prokurorluğuna xəbər verilməsi qərara alınmışdır. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)- 1887/2022 nömrəli, 12 avqust 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Goranboy Rayon Məhkəməsinin 2(045)-321/2022 saylı, 16 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1887/2022 nömrəli, 12 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6066/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Bundan sonra qətnamə icra olunması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsəlləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə göndərilmişdir. İcra zamanı iddiaçıya məlum olmuşdur ki, həmin əmlak xx.xx.2021-ci il tarixdə cavabdeh X1. Bununla bağlı onlar həm Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə, həm də Gəncə «Asan xidmət» mərkəzində notariat ofisinə sorğular vermişlər və müvafiq sənədləri əldə etmişlər. Bundan sonra onların tərəflərindən Gəncə şəhər Məhkəməsində “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia qaldırılmışdır. Gəncə şəhər Məhkəməsinin 2(125)-5517/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İşin həqiqi halları ilə müəyyən edilir ki, cavabdeh tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlakı iddiaçıdan xəbərsiz olaraq 32500 manata satmış, lakin əldə etdiyi pulun yarısını iddiaçıya verməmişdir. Belə olan halda hesab edirlər ki, 32500 manat pulun yarısı 16250 manat iddiaçıdan alınıb cavabdehə ödənilməlidir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, sonda iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Cavabdeh iştirakı olmadan baxılmasını və yekun qərar çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndələrinin izahatlarını dinləyib, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2021-cü il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə ilə X9 dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzili 32500 manata X2. İşdə olan Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(045)-321/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə X9 arasında Bərdə “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən bağlanmış 15 sentyabr 2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin əvvəlki vəziyyətinə qaytarılması, həmin mənzilin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə isə Cavabdeh mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6066/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh və X6 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1887/2022 nömrəli, 12 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. İşdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5517/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X6, X5, Gəncə Asan xidmət mərkəzində notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddianın rədd edilməsi qət edilmişdir. Beləliklə, mülki işin müəyyən olunmuş faktiki halları ondan ibarətdir ki, İddiaçı və Cavabdeh birgə nikahı dövründə - 18 mart 2016-cı ildə Gəncə şəhəri, Fikrət Əmirov küçəsində 24 saylı binanın 59-cu mənzili alğı-satqı yolu ilə əldə olunmuş, mənzilin üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Cavabdeh (etibarnamə əsasında nümayəndəsi qardaşı X11) xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanlı daşınmaz əmlakı xx.xx.2021-ci il tarixdə Bərdə Regional “ASAN xidmət" mərkəzində notariat ofisində təsdiqlənmiş bağışlama müqaviləsi əsasında X6 (anasına) bağışlamışdır. Goranboy Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 2(045)-321/2022 nömrəli qətnaməsi ilə Cavabdeh ilə X9 arasında Bərdə Asan xidmət mərkəzində notariat ofisi tərəfindən bağlanmış 15 sentyabr 2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin əvvəlki vəziyyətinə qaytarılması, həmin mənzilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə isə Cavabdeh mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. Həmin qətnamə mübahisələndirilmiş, apellyasiya və kassasiya instansiyaları məhkəmələri tərərfindən dəyişdirilmədən saxlanılaraq icraya yönəldilmişdir. Buna baxmayaraq, X9 onunla X10 arasında bağlanılmış 28 sentyabr 2021-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, ünvan 4 ünvanında yerləşən 3 nömrəli mənzili X3, sonuncunun adına xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı cavabdehlər X6, X5, Gəncə Asan xidmət mərkəzində notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5517/2023 saylı qətnaməsinə əsasən iddianın rədd edilməsi qət edilmişdir. Nəticə etibarı ilə həmin əmlakı naturada İddiaçı və cavabdehin paylı mülkiyyətinə qaytarmaq mümkünsüz olmuş və iddiaçı onun mülkiyyət hüquqlarının çatdığı əmlakın satışından əldə edilmiş vəsaitdən heç bir pay əldə etməmişdir. Məhkəmənin qənaətincə hazırki vəziyyətdə cavabdehin iddiaçıya qarşı olan rəftarı tərəflərin birgə nikahda olduqları zaman əldə etmiş olduqları, onların ümumi birgə mülkiyyətindən iddiaçının heç bir pay əldə etməməsinə yönəlmiş hərəkət kimi qiymətləndirilməlidir. Başqa sözlə desək, cavabdehin hərəkətləri nəticəsində iddiaçı ona çatası (32500 manat:2)=16250 manatdan məhrum olmuşdur Məhkəmə iddianın hüquqi əsası ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində göstərilmişdir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə, ər-arvadın ümumi birgə mülkiyyətinə, onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarının 7.19-cu bandində qeyd edilmişdir ki, iddiaçı ər (arvad) cavabdeh arvadın (ərin) bağladığı etibarsız əqd əsasında üçüncü şəxsin adına rəsmiləşdirilmiş əşyanın özünü deyil, onun payına düşən dəyərini arvaddan (ərdən) tələb etdikdə, üçüncü şəxsə qarşı yönəlmiş iddia tələbi olmadığından məhkəmə öz təşəbbüsü ilə əqdin etibarsızlığını nəzərə alaraq, əşyanın iddiaçıya verilməsi barədə qərar çıxara bilməz. Çünki üçüncü şəxsə qarşı mülki prosessual qanunvericiliyə uyğun qaydada irəli sürülmüş tələb olmadan onun əşya hüquqlarına dair məsələnin məhkəmə tərəfindən yoxlanılması və həll edilməsi yolverilməzdir. Bu halda üçüncü şəxsin adına rəsmiləşdirilmiş predmetin bazar dəyərinin iddiaçının payına uyğun olan hissəsinin pul şəklində cavabdeh ərdən (arvaddan) tutulması mümkündür. Çünki həmin pul vəsaitinə olan hüquq da ərin (arvadın) əmlakının qanuni rejimindən irəli gəlir. Məhkəmənin cavabdeh ərə (arvada) qarşı yönəlmiş pul tələbini göstərilən əsasla təmin etməsi ümumi əmlaka olan hüququn pul şəklində kompenasiyasıdır. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehin İddiaçı ilə birgə nikah dövründə əldə etdiyi ünvan 5 ünvanda yerləşən mənzilin dəyəri olan 32500 manat pulun 1/2 hissəsi olaraq 16250 (on altı min iki yüz əlli) manat pul Cavabdeh alınıb İddiaçı verilməlidir. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, iddiaçı hazırki iddianın qaldırılması üçün 50 manat məbləğində mediasiya xərci və 88 manat məbləğində dövlət rüsumu ödəmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. İş materiallarından müəyyən olunur ki, cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Ona görə də məhkəmə belə qərara gəlir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərcin əvəzi cavabdehdən alınıb, iddiaçıya verilməlidir. İddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və dövlət rüsumunun əvəzi olan 88 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM–in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri Gəncə şəhəri, F.Əmirov küçəsi, 24 saylı binanın 59 saylı mənzilinin dəyəri olan 32500 manatın 1/2 hissəsi, yəni 16250 (on altı min iki yüz əlli) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilsin. İddaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 88 manat və mediasiya xərcinin əvəzi kimi 50 manat olmaqla, cəmi 138 (bir yüz otuz səkkiz) manat məbləğində pul Cavabdeh alınıb, İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar