Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4686/2023 16.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı Ərizəçi cavabdeh «Gəncə şəhər Birləşmiş Xəstəxanası» publik hüquqi şəxsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Yevlax rayon qeydiyyat şöbəsi, X9 və X8) qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi və doğum akt qeydlərində düzəliş edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə, işin məhkəmədə baxılmağa hazırlanmasına dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi cavabdeh «Gəncə şəhər Birləşmiş Xəstəxanası» publik hüquqi şəxsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Yevlax rayon qeydiyyat şöbəsi, X9 və X8) qarşı X6 14 fevral 2007-ci il tarixdə Gəncə şəhərində doğulması faktının müəyyən edilməsi və 05 mart 2014-cü il tarixli 6000 1 0209 nömrəli doğum akt qeydində düzəlişlərin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Ərizəçi iddia ərizəsində göstərmişdir ki, Ərizəçi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, X10 xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində yaşadığı evdə olarkən bacısı Salmanova Başxanım İlqar qızını şəxsi münasibətlər zəminində atasına məxsus «İY-27» markalı, 16 kalibrli ********* nömrəli qoşalülə ov tüfəngi ilə başın təpə nahiyəsinə 1 ədəd atəş açaraq qəsdən öldürmüşdür. Həmçinin istintaq zamanı müəyyən edilmişdir ki, X6 xx.xx.2014-cü il tarixli 6000 1 0209 nömrəli doğum akt qeydində və xx.xx.2016-cı il tarixli doğum haqqında şəhadətnaməsində onun doğum tarixi xx.xx.2011-ci il göstərilsə də, onun həqiqi doğum tarixi xx.xx.2007-ci ildir. X6 xx.xx.2014-cü il tarixli 6000 1 0209 nömrəli doğum haqqında akt qeydində və xx.xx.2016-cı il tarixli doğum haqqında şəhadətnaməsində ata adı qrafasında atanın adı X8, ana qrafasında ana adı xx.xx.1982-ci il təvəllüdlü X9 göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası «Tibbi ərazi bölmələrini idarəetmə birliyi» publik hüquqi şəxs «Gəncə şəhər Birləşmiş Xəstəxanası» publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli PHŞ-6-37/2-91/2023 nömrəli sorğuya cavab məktubuna əsasən, xx.xx.2017-ci il tarixli «Hamilə, zahı və doğan qadınların qəbulunun qeydiyyatı» jurnalından görünür ki, 1982-ci il təvəllüdlü X1 şəhərində yerləşən 1 saylı Doğum evində xx.xx.2007-ci il tarixdə oğlan cinsi olan uşağı doğmuşdur. «Hamilə, zahı və doğan qadınların qəbulunun qeydiyyatı» jurnalının 31-ci səhifəsində həmin fakt qeyd edilmişdir. «Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 88 nömrəli rəyində göstərilmişdir ki, X6 müəyyən edilmiş sümük yaşı 16-16,5 ilə uyğun gəlir. Bundan başqa, Yevlax Rayon Polis X3 aparılan araşdırma zamanı X6 anası X9 izahatında göstərmişdir ki, oğlu Rasim Salmanovu xx.xx.2007-ci il tarixdə Gəncə şəhərində yerləşən 1 saylı Doğum evində doğmuşdur. Lakin o, həmin doğum evindən oğlu Rasimin doğulması barədə tibbi sənəd almamış, 2014-cü ilin mart ayının 5-də Yevlax Rayon Mərkəzi Xəstəxanasında «Əfşan» adlı həkimə 100 manat pul verərək oğlu Rasimin Yevlax Rayon Mərkəzi Xəstəxanasında doğulması barədə saxta arayış tərtib etməsini xahiş etmiş və ona oğlu Rasimin doğum tarixinin xx.xx.2011-ci il olduğunu bildirmişdir. xx.xx.2014-cü il tarixdə «Əfşan» adlı həkimdən aldığı arayışı Yevlax Rayon Qeydiyyat Şöbəsinə təqdim edərək Rasim Salmanova saxta doğum haqqında şəhadətnamə almışdır. Daha sonra 2016-cı ildə doğum haqqında şəhadətnaməni Bərdə rayonunda yerləşən «ASAN xidmət» mərkəzinə təqdim edərək oğlu Rasim Salmanova saxta şəxsiyyət vəsiqəsi almışdır. «Yevlax Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli PHŞ-6-82/2-163/2023 nömrəli məktubuna əsasən, X9 xx.xx.2014-cü il tarixdı «Yevlax Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsinə müraciət etməmiş və həmin xəstəxana tərəfindən xx.xx.2014-cü tarixli ********* nömrəli tibbi arayış tərtib edilməmişdir. Araşdırma zamanı X6 «Yevlax Rayon Mərkəzi Xəstəxanası»nda doğulmadığı aydın olmuşdur. Həmin fakt üzrə Yevlax Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Belə ki, «Gəncə şəhər Birləşmiş Xəstəxanaları» publik hüquqi şəxsindən və «Yevlax Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsindən daxil olmuş sənədlərdə, həmçinin Rasim Salmanovun anası X4 izahatına əsasən, X6 xx.xx.2007-ci il tarixdə Gəncə şəhəri 1 saylı doğum evində xx.xx.2007-ci il tarixdə doğulması öz təsdiqini tapmışdır. Yevlax rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-518-13-235/2023 nömrəli məktubuna əsasən, Aygün Salmanovanın övladı Rasim Səmədovun xx.xx.2014cü ildə Yevlax rayon Qeydiyyat şöbəsində tərtib edilmiş 209 nömrəli doğum haqqında akt qeydində onun doğumunun Yevlax rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2014-cü ildə verilmiş «**********» doğum haqqında tibbi şəhadətnamə əsasında qeydə alındığı göstərilmişdir. Həmçinin həmin məktubda Yevlax rayon Qeydiyyat şöbəsi rayon prokurorluğuna müraciət edərək X6 doğum akt qeydində dəyişikliklər edilməsi üçün məhkəməyə müraciət edilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən xüsusən ağır cinayət törətmiş X6 doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.2011-ci il göstərilməsi onun cəzasız qalmasına, dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinin pozulmasına gətirib çıxarır, həmçinin şəxsi hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitamına maneçilik törədir. Buna görə də X6 xx.xx.2007ci ildə Gəncə şəhərində doğulması faktı tanınmalı və 05 mart 2014-cü il tarixli 6000 1 0209 nömrəli doğum akt qeydində düzəlişlər edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi T.Ə.Məmmədli iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh «Gəncə şəhər Birləşmiş Xəstəxanası» publik hüquqi şəxsinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Yevlax rayon qeydiyyat şöbəsinə, X7 və X5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəmə iclaslarına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş materialllarını tədqiq edərək və işdə olan sübutları araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Ərizəçi iddia tələbi 2 hissədən, yəni R.İ.Salmanovun 14 fevral 2007-ci il tarixdə Gəncə şəhərində doğulması faktının müəyyən edilməsi və doğum akt qeydində düzəlişlərin edilməsi tələbinə dair hissələrdən ibarətdir. Hazırki halda R.İ.Salmanovun 14 fevral 2007-ci il tarixdə Gəncə şəhərində doğulması faktı Gəncə şəhərində yerləşən 1 saylı Doğum evinin 2007-ci il üzrə «Hamilə, zahı və doğan qadınların qəbulunun qeydiyyatı» jurnalının (31-ci səhifə) 183-cü qrafası ilə müəyyən edilir. Göründüyü kimi R.İ.Salmanovun 14 fevral 2007-ci il tarixdə Gəncə şəhərində doğulması faktını təsdiq edən lazımi sənədlərin əldə edilməsi məhkəmədənkənar qaydada mümkündür və iddiaçı artıq həmin sənədləri əldə etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddianın R.İ.Salmanovun 14 fevral 2007-ci il tarixdə Gəncə şəhərində doğulması faktının müəyyən edilməsi tələbinə dair hissəsinə məhkəmədə baxılmalı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 1.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Bundan başqa, məhkəmə hesab edir ki, hazırki iddianın doğum akt qeydində düzəlişlərin edilməsi tələbinə dair ikinci hissəsi ümumi hüququn nizamasalma predmetinə aiddir və buna görə də iddianın 05 mart 2014-cü il tarixli 6000 1 0209 nömrəli doğum akt qeydində düzəlişlərin edilməsi tələbinə dair hissəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Belə ki, «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 5.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 9.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə , habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən olunmuş və sadalanmış hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı Ərizəçi cavabdeh «Gəncə şəhər Birləşmiş Xəstəxanası» publik hüquqi şəxsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Yevlax rayon qeydiyyat şöbəsi, X9 və X8) qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi və doğum akt qeydlərində düzəliş edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Ərizəçi cavabdeh «Gəncə şəhər Birləşmiş Xəstəxanası» publik hüquqi şəxsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Yevlax rayon qeydiyyat şöbəsi, X9 və X8) qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi və doğum akt qeydlərində düzəliş edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-4686/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4686/2023
16.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver