Məhkəmə qərarları › İş №2(125)-4721/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4721/2024

30.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4721/2024 30.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 İsa oğlunun sədrliyi, X6 Eldar oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə bu qətnaməni qəbul etdi; İşin halları; Mülki işin materiallarında olan, doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 12 mart 2012-ci il tarixdə doğulmuş X7 və 29 iyun 2013-cü il tarixdə doğulmuş X5 adlarında yetkinlik yaşına çatmayan iki uşaqları vardır. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 iyul 2017-ci il tarixli, 2(043)-4615/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə X2 faktiki evliliklərindən Almaniya Federativ Respublikasının Hamburq şəhərində, xx.xx.2012-ci il tarixdə Aysu və xx.xx.2013-cü il tarixdə Gülay adlı qız uşaqlarının doğulması faktı müəyyən edilmiş, cavabdeh X1 xx.xx.2012-ci il tarixdə doğulmuş Həsənli (Bağırova) Aysu Eşqin qızının və xx.xx.2013-cü il tarixdə doğulmuş Həsənli (Bağırova) Gülay Eşqin qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 110 (yüz on) manat sabit pul miqdarında alimentin və Həsənli (Bağırova) Aysu Eşqin qızının xəstəliyi ilə bağlı əlavə xərc qismində hər ay 50 (əlli) manat pulun tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddia tələbi barədə məlumatlar; İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə yaşayışlarından 12 mart 2012-ci il tarixdə anadan olmuş X7 və 29 iyun 2013-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 235 manat məbləğində müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə el adəti üzrə evlənib ailə qurmuş, lakin nikahları rəsmi qeydə alınmamışdır. Birgə yaşayışlarından 12 mart 2012-ci il tarixdə X7 və 29 iyun 2013-cü il tarixdə X5 adlı iki uşaq anadan olmuşdur. Lakin sonradan cavabdehlə ailə münasibətləri pozulduğundan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-4615/2017 saylı 25 iyul 2017-ci il tarixli qətnaməsinə əsasən hər ay hər uşaq üçün 110 manat aliment qət olunmuşdur. Birgə yaşayışlarından anadan olan 2 azyaşlı uşaq onun himayəsindədir. Hazırda isə həmin aliment məbləği uşaqların ehtiyaclarını ödəmək üçün kifayət etmir. Ona görə də, aliment miqdarının artırılması barədə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları; Məhkəmədə İddiaçı iştirak etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, birgə yaşayışlarından 12 mart 2012-ci il tarixdə anadan olmuş X7 və 29 iyun 2013-cü il tarixdə anadan olmuş X5 adlı iki uşağın yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehin 200 manat məbləğində aliment ödəməsinə etirazı yoxdur. Məhkəmədə Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirak etmiş və izahatında bildirmişdir ki, cavabdeh işləmir və iddia tələbində qeyd olunmuş məbləğdə alimenti ödəməyə imkanı yoxdur. Hər uşaq üçün hər ay 150 manat məbləğində aliment ödəməyə maddi imkanı çatır. Odur ki, cavabdehin maddi vəziyyətinin nəzərə alınmasını və hər uşaq üçün hər ay 150 manat sabit pul məbləğində alimentin müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin iş üzrə mövqeyi və tətbiq edilən hüquq. Məhkəmə, iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikah münasibətlərindən 12 mart 2012-ci ildə anadan olmuş X4 və 29 iyun 2013-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 iyul 2017-ci il tarixli, 2(043)-4615/2017 nömrəli qətnaməsi ilə hər ay hər uşaq üçün müəyyən edilmiş 110 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq hər ay hər bir uşağa görə 200 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. İddiaçı ərizəsində yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat aliment tutulmasını xahiş etsə də, cavabdehin həmin məbləğində alimenti ödəmək üçün maddi imkanının olduğunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehin nümayəndəsi isə məhkəmədə izahat verərkən hər uşaq üçün hər ay 150 manat məbləğində aliment ödəməyə maddi imkanı çatdığını bildirmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilik yetkinlik yaşına çatmayan uşağın saxlanılmasını bir vəzifə kimi onun valideynlərinin üzərinə qoymuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 saylı Qərarının 8.2. bəndinə qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Həmin Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, alimentin tutulduğu 2019cu il tarixdən bu günə qədər uşaqlar üçün yaşayış minimumunun artdığını, həm də sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyətinin nəzərə alınmalı olduğu barədə Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay sabit pul məbləğində tutulan alimentin məbləği artırılaraq, hər bir uşaq üçün 200 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına 50 manat xərc ödənilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehin üzrsüz səbəbdən ilkin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərcin əvəzi cavabdehdən alınıb, iddiaçıya verilməlidir. Məhkəmə qeyd edir ki, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2.-ci maddəsinə əsasən, iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda Dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar Dövlət rüsumunun ödənilməsindən azaddırlar. Azərbaycan Respublikasının MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 113.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Hazırki işdə aliment alınması haqqındakı iddianın qiyməti (400-220)=180 manat x 12 ay)=2160 manat məbləğini təşkil edir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinin tələblərinə əsasən, hazırki işdə ödənilməli olan dövlət rüsumu 41 manat 60 qəpik məbləğini təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinin tələblərinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Baxılan işdə iddiaçı alimentin alınması tələbi hissədə dövlət rüsumunu ödəməkdən azad edildiyindən, ödənilməli olan 41 manat 60 qəpik məbləğində dövlət rüsumu Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən Cavabdeh alınıb dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 iyul 2017-ci il tarixli, 2(043)-4615/2017 nömrəli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilsin. Cavabdeh ilə İddiaçı birgə nikahından 12 mart 2012-ci il tarixdə doğulmuş X7 və 29 iyun 2013-cü il tarixdə doğulmuş X5 adlarında yetkinlik yaşına çatmayan iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşağa görə 200 (iki yüz) manat (iki uşaq üçün hər ay cəmi 400 manat) sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərərfindən ilkin mediasiya sessiyasına ödənilmiş xərcin əvəzi kimi 50 (əlli) manat məbləğində pul Cavabdeh alınaraq, İddiaçı verilsin. İş üzrə ödənilməli olan 41 (qırx bir) manat 60 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar