Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4735/2024 12.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-1248/2019 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2011-ci il tarixdə anadan olmuş X1 və yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o və Cavabdeh xx.xx.2001-ci il tarixdə ailə qurmuş və nikahlarını Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsində qeydə aldırmışlar. Onların birgə nikahından 2002-ci il tarixdə Fidan, 2004-cü il tarixdə Rəvan və 2011-ci il tarixdə Nuray adlı 3 uşaq anadan olmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuşdur. Daha sonra Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-1248/2019 nömrəli qətnaməsi ilə cavabdehlə birgə nikahlarından anadan olmuş xx.xx.2002-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 onun yanında saxlanması və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 110 manat, cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda qida məhsullarının və gündəlik tələbat mallarının qiyməti artdığına, həmçinin X1 repetitor yanına getməsinə görə, həmin aliment məbləği uşağın tələbatını ödəməyə kifayət etmir. Buna görə də uşağın maddi xərclərini çətinliklə ödəyir və aliment miqdarının artırılmasına zərurət yaranmışdır. Bundan başqa 2002-ci il təvəllüdlü Fidan yetkinlik yaşına çatdığından onun saxlanması üçün aliment ödənilmir. Cavabdeh isə uşağın saxlanması üçün ona aliment ödənişindən başqa heç bir maddi yardım göstərmir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin həmin bildirişin ona rəsmən təqdim olunması barədə məlumat olmadığından məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmaqla MPM-in 147-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-1248/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, xx.xx.2002-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X1 İddiaçı yanında qalması müəyyən edilmiş, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 19 fevral 2019-cu il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 312654 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Əsgərova (Həsənova) Xəyalə Razim qızı arasında olan nikah xx.xx.2017-ci il tarixdə pozulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli, 3-16-5/8-70-Ə-2402/2024 nömrəli arayışın surətindən görünür ki, xx.xx.2011-ci il tarixdə anadan olmuş Nurayın atası Cavabdeh, anası isə X3r. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə görə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Azərbaycan Respublikasında 2019-cu ildə yaşayış minimumu haqqında» 30 noyabr 2018-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2019-cu ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 160 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasında 2024-cü ildə yaşayış minimumu haqqında» 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə tərəflərin maddi vəziyyətini, tərəflərin birgə ailə münasibətlərindən doğulmuş uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini, həmin uşaqların mənafeyini və aliment qət edildikdən sonra ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artmasını hesab edir ki, iddia qismən təmin olunmalı, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)- 1248/2019 nömrəli qətnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)- 1248/2019 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-4735/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4735/2024
12.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver