Məhkəmə qərarları › İş №2(125)-4739/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4739/2023

08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4739/2023 08.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Cavabdeh iştiralı ilə, "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı 15 aprel 2022-ci il tarixli 282nkKPZ/22 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 4.622 manat 60 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 522 manat 11 qəpik, cərimə qismində 11 manat 65 qəpik, cəmi 5.156 manat 36 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 71 manat 97 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. "xxxx" Kommersiya Bankı ASC iddia ərizəsində göstərmişdir ki, "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında 15 aprel 2022-ci il tarixdə bağlanmış 376nkKPZ/22saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 14 aprel 2027-ci il tarixədək, illik 18% ödəmək şərtilə 4.829 manat məbləğində kredit verilmişdir. Həmin kreditin məqsədli təyinatı 31 avqust 2021-ci il tarixli 6467nkSMKR/21 nömrəli müqavilə üzrə ödənilməmiş 967 manat 52 qəpik və 31 avqust 2021-ci il tarixli 1160nkSMKR/21 nömrəli müqavilə üzrə ödənilməmiş 3.861 manat 1 qəpik borcun ödənilməsi olmuşdur. Lakin Cavabdeh müqavilə şərtini pozaraq, dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə 10 aprel 2023-cü il tarixə Cavabdehun "xxxx" Kommersiya Bankı ASC-nə 4.622 manat 60 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 522 manat 11 qəpik, cərimə qismində 11 manat 65 qəpik məbləğində borcu yaranmışdır. Sonda "xxxx" Kommersiya Bankı ASC iddianın təmin olunması barədə qətrnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. 07 avqust 2023-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi T.İ.Piriyeva mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etdiyini, ödənilməmiş əsas borcun əvəzi qismində 4.622 manat 60 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 522 manat 11 qəpik, cərimə qismində 11 manat 65 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 71 manat 97 qəpik pul vəsaitinin ondan alınaraq iddiaçıya verilməsinə razı olduğunu, həmçinin iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Məhkəmə cavabdehi dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 15 aprel 2022-ci il tarixli, 376nkKPZ/22nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" Kommersiya Bankı ASC tərəfindən Cavabdeh 14 aprel 2027-ci il tarixədək illik 18% ödəmək şərtilə 4.829 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təyinatı 31 avqust 2021-ci il tarixli 6467nkSMKR/21 nömrəli müqavilə üzrə ödənilməmiş 967 manat 52 qəpik və 31 avqust 2021-ci il tarixli 1160nkSMKR/21 nömrəli müqavilə üzrə ödənilməmiş 3.861 manat 1 qəpik borcun ödənilməsi olmuşdur. İş materiallarında olan "xxxx" Kommersiya Bankı ASC-nin 10 aprel 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh ilə "xxxx" Kommersiya Bankı ASC arasında bağlanmış 15 aprel 2022-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh borcu əsas borc qismində 4.622 manat 60 qəpik, 19 aprel 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 522 manat 11 qəpik, cərimə qismində 11 manat 65 qəpik, cəmi 5.156 manat 36 qəpik məbləğində təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh "xxxx" Kommersiya Bankı ASC ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 4.622 manat 60 qəpik, 19 aprel 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 522 manat 11 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh iddianı etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə Cavabdeh iddianın etirafı qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh 15 aprel 2022-ci il tarixli, 282nkKPZ/22 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 4.622 manat 60 qəpik, 19 aprel 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 522 manat 11 qəpik, cərimə qismində 11 manat 65 qəpik, cəmi 5.156 manat 36 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə ərizə verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 71 manat 97 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən iddianın etiraf olunması təsdiq edilsin. "xxxx" X1 Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə 15 aprel 2022-ci il tarixli, 282nkKPZ/22 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 4.622 (dörd min altı yüz iyirimi iki) manat 60 (altmış) qəpik, 19 aprel 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 522 (beş yüz iyirmi iki) manat 11 (on bir) qəpik, cərimə qismində 11 (on bir) manat 65 (altmış beş) qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 71 (yetmiş bir) manat 97 (doxsan yeddi) qəpik, cəmi 5.228 (beş min iki yüz iyirmi səkkiz) manat 33 (otuz üç) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar