Məhkəmə qərarları › İş №2(125)-474/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-474/2023

01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-474/2023 01.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1500 manat pulun və onun bir illik faizi olan 75 manat pulun, 35 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh dostu olmuşdur. Onlar Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində sürücü işləmişlər. Cavabdeh 1 il bundan əvvəl ondan sürücülük vəsiqəsi əldə etmək üçün 1 həftəliyə faizsiz 1500 manat borc almış, lakin təkidli tələbinə baxmayaraq bu günə kimi qaytarmamışdır. Məsələnin qanunla və obyektiv həll edilməsi üçün ona vaxt vermiş, ona inamını itirdiyi üçün onun etirafedici danışığını videoyazıya almışdır. Cavabdeh borcuna sadiq olmamaqla pulunu əlindən almaqla ona böyük ziyan vurduğundan ondan öhdəliyi icra etməməyə görə nəzərdə tutulan məbləği də tələb edir. Qanunla nəzərdə tutulan məbləğ onun pulunu özündə saxlamaqla faktiki olaraq vurduğu ziyandan az olsa da (cəmi 75 manat) tələb edir. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh yazılı ərizə təqdim edərək iddiaçıdan 1500 manat borc aldığını və iddiaçıda olan bank kartları vasitəsilə həmin borcu ödədiyini bildirmişdir. Cavabdeh iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə, tərəfləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Hazırkı iş üzrə iddiaçı cavabdehin mülkiyyətinə verdiyi pulun və ona hesablanmış faiz borcunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh yazılı ərizə təqdim edərək iddiaçıdan 1500 manat borc aldığını və həmin pulu geri qaytardığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, cavabdeh iddiaçıdan qaytarmaq şərtiylə 1500 manat borc aldığını etiraf etmiş, həmin borcun ödənilməsinə dair hər hansı sübut təqdim etməmişdir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, 1500 manat pulun tutulması hissəsində iddia tələbi cavabdeh tərəfindən etiraf edilərək qəbul edildiyindən və bu barədə məhkəməyə yazılı izahat verildiyindən, iddiaçı iddianı həmin hissədə sübut etmək vəzifəsindən azaddır. Bununla yanaşı, həmin cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və üçüncü şəxslərin hüquqlarını pozmur. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin hissədə cavabdeh tərəfindən etirafı qəbul edilməlidir. Bununla yanaşı, 75 manat faiz borcunun tutulması hissəsində tələbin əsaslı olmasına dair iddiaçı hər hansı sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1500 manat pul alınaraq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdeh Nilufər Məmmədovadan tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat pul və 35 (otuz beş) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar