Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4745/2024 01.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində təyin edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə rəsmi nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının 1/3 hissəsi miqdarında təyin edilmiş alimentin dəyişdirilərək, sabit məbləğdə hər uşağa hər ay 250 manat olmaqla, cəmi 500 manat müəyyən və ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə xx.xx.2013-cü il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2014-cü il tarixdə Aylin və xx.xx.2023-cü il təvəllüdlü Murad adlı uşaqları anadan olmuşdur. Uşaqlar onun himayəsində olmaqla cavabdehlə faktiki olaraq ayrılmışdırlar. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən uşaqların saxlanılması üçün cavabdehin əmək haqqının 1/3 hissəsində aliment tutulması qət edilmişdir. Həmin məbləğ 2 uşaq üçün cəmi 285 manat təşkil edir ki, bu məbləğ uşaqların saxlanılması üçün kifayət deyildir. Cavabdehin əlavə gəliri də vardır. Uşaqların saxlanılmasında maddi cəhətdən çətinlik çəkdiyini göstərərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə 1 ildir ki, ayrıdırlar. Qızı ilə arabir görüşürlər. Müəllimdir, əmək haqqı 900 manatdır. Həmin məbləğin 300 manatını alimentə ödəyir. Orta təhsilli olduğu üçün iş saatları çox yazılmır. Həmçinin kirayədə qalır. Aliment məbləği artırılarsa ödəyə bilməyəcəkdir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZ-İ 812988 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin nikahları xx.xx.2013-cü ildə Gəncə şəhər Nikah Evində 74 nömrə ilə qeydə alınmışdır. AZ-İİİ 368328 nömrəli və AZ-İV 895465 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2023-cü ildə Murad və xx.xx.2014-cü ildə Aylin adlı uşaqları anadan olmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4085/2023 nömrəli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli, MŞS/1/2024-00267 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər xx.xx.2024cü il tarixdə saat 10:30-da keçirilən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi barədə qərar qəbul etməmişlər. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4085/2023 saylı qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2023cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı iddia etmişdir ki, cavadehin əlavə gəliri də vardır və qazancın 1/3 hissəsi miqdarında aliment uşaqların saxlanılması üçün yetərli deyildir. Məhkəmə iş üzrə müəyyən olunmuş halları, tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4085/2023 nömrəli qətnaməsi əsasında cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında təyin olunmuş alimentin miqdarı hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində müəyyən edilməli və qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Göründüyü kimi iddiaçı uşaqların böyüyərək tələbatının artmasını təyin olunmuş alimentin miqdarının uşaqların saxlanması üçün yetərli olmadığını əsas gətirərək alimentin miqdarının sabit pul məbləğində təyin edilməsini tələb etmişdir. «X1» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 235 manat müəyyən edilməsini və valideynlərin hər ikisinin hüquqları bərabər olmaqla, onların hər ikisinin uşaqlara qayğı göstərmək borcu olduğunu, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, uşaqlara qulluq, onların sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini nəzərə alaraq, hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, hazırki iş üzrə ödənilməmiş 34,40 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4085/2023 nömrəli qətnaməsi əsasında xx.xx.2014-cü ildə anadan olmuş X2 və xx.xx.2023-cü ildə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında təyin olunmuş alimentin miqdarı hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh dövlət rüsumu hesabına 34,40 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-4745/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4745/2024
01.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver