Məhkəmə qərarları › İş №2(125)-4751/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4751/2023

09.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4751/2023 09.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İlk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlk iddia üzrə iddiaçı "Süleyman X5"nın Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair ilk iddiası və Cavabdeh "Süleyman X5"na qarşı “maddi və mənəvi ziyana görə pul tutulması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "Süleyman X5" Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən qanunsuz olaraq elektrik enerjisindən istifadə edilməsi ilə bağlı vurduğu 2000 manat məbləğində pulun alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ipoteka ilə yüklü edilməyən tikililər və torpaq sahəsində təsis etdiyi iddiaçının balansında olan İşıq Trasfarmatoru və işıq sayğacı cavabdeh tərəfindən qanunsuz olaraq istifadə edilməklə ona 2000 manat məbləğində maddi zərər vurulmuşdur. Belə ki, cavabdehə özünə ayrıca işıq sayğacının çəkilməsi ilə bağlı iddiaçı, həmçinin "xxxx" ASC tərəfindən rəsmi olaraq xəbərdarlıq edilmişdir. Hazırda qeyd olunan trasfarmator və işıq sayğacı ipoteka müqaviləsinin predmeti olmadığından cavabdehin qanunsuz olaraq iddiaçıya aid elektrik enerjisindən istifadə etməsi müəssisəni ağır maddi duruma salır. Həmin işıq trasfarmatoru iddiaçının daşınar əmlakıdır və ondan qanunsuz olaraq cavabdeh tərəfindən işlədilərək elektrik enerjisindən qanunsuz istifadə etməklə cavabdeh maddi hüquq normalarının tələblərini pozur. Cavabdehə edilən xəbərdarlıqdan nəticə çıxarmadığına görə cavabdehin qanunsuz olaraq ona vurduğu maddi zərərlə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Həmçinin, iddia tələbində qeyd edilmişdir ki, iddiaçı "xxxx" QSC-nə, Külək MMC-yə və Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və digər tələblərlə məhkəməyə müraciət etmişdir. Bundan başqa, Cavabdeh "Süleyman X5"na qarşı “maddi və mənəvi ziyana görə pul tutulması qarşı iddia ərizəsi və onun dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, "Süleyman X5" tərəfindən vurulmuş maddi ziyan olaraq 2540 manat və mənəvi ziyana görə 20000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, işıq trasfarmatoru “Süleyman X5"na yox, məhz ona məxsus əmlak kompleksinə daxildir və hər hansı bir hüquq pozuntusu mövcud deyil. Belə ki, sözügedən ünvan 1-də yerləşən əmlak kompleksi qanunvericiliyə uyğun keçirilən hərrac yolu ilə satın alınmış (vicdanlı alıcı) və ünvan 1-də yerləşən əmlak kompleksi kimi müəssisə Cavabdeh xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın reyestr nömrəsi **********45-12302 nömrəli, ********** qeydiyyat nömrəli AR İN ƏMDX DƏDKR X7 “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 153 nömrəli vərəqində qeydiyyata alınmış qanuni çıxarış var. Eyni zamanda, Cavabdeh tərəfindən "Süleyman X5"na işıq trasfarmatorundan naqillərin ayrılması, əmlak kompleksinə baxan 11 ədəd pəncərələrin hörgü ilə bağlanması, Cavabdeh barəsində hüquq-mühafizə orqanlarına əsassız, yalan məlumatlar əsasında şikayətlərin edilməməsi üçün rəsmi qaydada xəbərdarlıq edilsə də, qarşılıqlı iddia üzrə cavabdeh tərəf xəbərdarlığa məhəl qoymamaqla əsassız olaraq məhkəmədə iddia qaldırmışdır. Qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən əsassız olaraq dəfələrlə hüquq-mühafizə orqanlarına şikayətlər olunmuş, bununla da onun mənəvi sarsıntı keçirməyinə səbəb olmuş, onun əsassız müraciətləri əsasında 2023-cü ilin fevral ayında "xxxx" QSC-nin işçiləri tərəfindən araşdırılmadan ona məxsus qaz sayğacı sökülərək əmlak kompleksinə qaz verilməsi dayandırılmışdır. Bu da ona həm maddi, həm də mənəvi zərərin vurulması deməkdir. Belə ki, qaz sayğacı söküldüyünə görə 6 ay müddətində qazdan istifadə edə bilməmiş, həmin müddət ərzində istiliyi təmin etmək üçün hər ay 3 qaz balonu (1 ədədi 30 manat) olmaqla, cəmi 18 qaz balonu istifadə etmişdir. Nəticədə qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən ona 540 manat məbləğində ziyan vurulmuşdur. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə tərəfindən ilk iddia tələbinin təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ilk iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, izahatında əlavə olaraq bildirmişdir ki, trasfarmator ipoteka predmeti olmamışdır. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili ilk iddianı qəbul etmədiyini bildirərək ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi və əlavə etdi ki, iddiaçının heç bir subyektiv hüququ yoxdur, iddiaçı cavabdehin trasfarmatordan qanunsuz istifadə etdiyini iddia etsə də, bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Məhkəmə, cavabdehin nümayəndəsi və vəkilinin izahatını və mülki işin materiallarını araşdıraraq hesab edir ki, ilk iddia və qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********45-12302 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə olan vəziyyətə görə tərtib edilmiş texniki pasportdan görünür ki, Gəncə şəhəri, Sevil Qazıyeva küçəsi (Yeni qaydalarla: AZ 2024, ünvan 1 ünvanda 2,6066 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 2620,3 kv.metr olan əmlak kompleksi xüsusi mülkiyyətdədir. Daşınmaz əmlak üzərində Cavabdeh tam payı müəyyən edilmişdir. Texniki pasportda əmlak kompleksinə trasfarmatorun da daxil olduğu əksini tapmışdır. İş materiallarında olan qəbzlərdən görünür ki, "Süleyman X5" tərəfindən xx.xx.2022-ci il tarixdə 334 manat, xx.xx.2022-ci il tarixdə 153 manat, xx.xx.2022-ci il tarixdə 123 manat, xx.xx.2022-ci il tarixdə 182 manat, xx.xx.2023-cü il tarixdə 190 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 97 manat, xx.xx.2023-cü il tarixdə 140 manat, xx.xx.2023-cü il tarixdə 206 manat “aktlar üzrə ödəniş” olunmuşdur. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Gəncə” filialı (ipoteka saxlayan) və İddiaçı (ipoteka verən) arasında bağlanmış 06M000000724 nömrəli, xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka verən öz mülkiyyətində olan və müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı (ünvan 2 ünvanında mülkiyyətində olan 2,6066 ha torpaq sahəsi və həmin torpaq sahəsində yelrəşən 2919,4 kv.m ümumi sahədən ibarət əmlak kompleksi) Bank ilə Süleyman adına X5 arasında 12 dekabr 2011-ci il tarixdə Gəncə şəhərində aşağıdakı şərtlərlə (kredit xəttin məbləği – 5 milyon ABŞ dolları, kredit xəttinin müddəti – 120 ay, ödənişlərin dövriliyi – bir aydan bir bərabər hissələrlə) bağlanmış 06L000003201 saylı Kredit Xətti Müqaviləsi və bu Kredit Xətti Müqaviləsinin ayrılmaz hissəsi olan “Kredit Razılaşması” və “Bank qarantiyası verilməsi haqqında müqavilə” formasında ayrıca Razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Bank qarşısında ipoteka ilə yüklü edir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********14-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2009-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Gəncə Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, ünvan 2 ünvanında mülkiyyətində olan 2,6066 ha torpaq sahəsində yerləşən, 1718 kv.m ümumi, 964,7 kv.m əsas, 753,3 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (“Təchizat” kiçik müəssisəsinin anbarı) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-618/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" QSC-nin cavabdehlər “Süleyman adına X5”, X4 və İddiaçı qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər “Süleyman adına X5”, X4 və İddiaçı "xxxx" QSC-nin xeyrinə müştərək qaydada - 06R********** saylı kredit razılaşması üzrə 105967,07 USD məbləğində əsas kredit borcu, 17799,4 USD faiz borcu, 30000 USD məbləğində cərimə borcu olmaqla cəmi 153766,47 ABŞ dolları, 06R000007372 saylı kredit razılaşması üzrə 97386,57 USD məbləğində əsas kredit bocu, 18390,80 USD məbləğində faiz borcu, 30000 USD məbləğində cərimə borcu olmaqla cəmi 145777,37 ABŞ dolları, 06R********** saylı kredit razılaşması üzrə 96633,9 USD məbləğində əsas borc, 15332,5 USD məbləğində faiz borcu, 30000 USD məbləğində cərimə borcu olmaqla cəmi 141966,4 ABŞ dolları, 06R********** saylı kredit razılaşması üzrə 105645,94 USD məbləğində əsas borc, 17381,1 USD məbləğində faiz borcu, 30000 USD məbləğində cərimə borcu olmaqla cəmi 153027,04 ABŞ dolları olmaqla, ümumilikdə 594537,28 (beş yüz doxsan dörd min beş yüz otuz yeddi dollar iyirmi səkkiz sent) ABŞ dolları milli manat ekvivalentində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulması, tutmanın X3 məxsus Gəncə şəhəri, Nizami rayonü, Qaraməmmədli yaşayış massivinin cənub qərbində yerləşən əmlak komleksinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılmaqla əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi və əmlak kompleksinin ilkin satış qiymətinin 210807 manat (iki yüz on min səkkiz yüz yeddi) manat dəyərində müəyyən edilməsi, tutmanın İddiaçı məxsus ünvan 2ndə yerləşən əmlak kompleksinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılmaqla əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi və əmlak kompleksinin ilkin satış qiymətinin 319278 manat (üç yüz on doqquz min iki yüz yetmiş səkkiz) manat dəyərində müəyyən edilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışlarından əldə edilən vəsaitlərin qalan hissəsinin ipoteka qoyanlara qaytarılması və iddia tələbinin digər hissələrdə rədd olunması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4932/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X2 və İddiaçı kassasiya şikayətləri qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 oktyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, 06 fevral 2012-ci il tarixli kredit razılaşması üzrə tutulacaq cərimə məbləğinin 15000 ABŞ dolları müəyyən edilməsi, həmin razılaşma üzrə tutulacaq əsas borcun 95941,57 ABŞ dolları, faiz borcunun 15350,65 ABŞ dolları olması nəzərə alınmaqla, cəmi tutulacaq məbləğin 126292,22 ABŞ dolları müəyyən edilməsi, 10 fevral 2014-cü il tarixli kredit razılaşması üzrə tutulacaq cərimə məbləğinin 15.000 ABŞ dolları müəyyən edilməsi, həmin razılaşma üzrə tutulacaq əsas borcun 95552,84 ABŞ dolları, faiz borcunun 14906,24 ABŞ dolları olması nəzərə alınmaqla, cəmi tutulacaq məbləğin 125459,08 ABŞ dolları müəyyən edilməsi, 02 aprel 2014-cü il tarixli kredit razılaşması üzrə tutulacaq cərimə məbləğinin 15000 ABŞ dolları müəyyən edilməsi, həmin razılaşma üzrə tutulacaq əsas borcun 101940,56 ABŞ dolları, faiz borcunun 16854,17 ABŞ dolları olması nəzərə alınmaqla, cəmi tutulacaq məbləğin 133794,73 ABŞ dollar müəyyən edilməsi, 02 sentyabr 2014-cü il tarixli kredit razılaşması üzrə tutulacaq cərimə məbləğinin 15000 ABŞ dolları müəyyən edilməsi, həmin razılaşma üzrə tutulacaq əsas borcun 104667,33 ABŞ dolları, faiz borcunun 16700,25 ABŞ dolları olması nəzərə alınmaqla, cəmi tutulacaq məbləğin 136367,58 ABŞ dolları müəyyən edilməsi, yekun olaraq dörd kredit razılaşması üzrə cəmi tutulacaq məbləğin 521913,61 ABŞ dolları manatın məzənnəsinə uyğun olaraq və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər “Süleyman adına X5”ndan, X1, İddiaçı müştərək qaydada tutularaq "xxxx" QSC-yə verilməsi qət olunmuşdur. Məhkəmə qeyd edir ki, əvvəlcə ilk iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malik olub-olmaması aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyası hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun olduğunu (36-cı maddənin İ hissəsi), habelə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilməsini (60 maddənin İ hissəsi) müəyyən etmişdir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin qeyd edilən müddəası tələb edir ki, hüquq və azadlıqlarının, eləcə də maraqlarının qorunması və təmin edilməsi üçün məhkəmə müdafiəsi hüququndan istifadə edən şəxsin məhkəməyə müraciət edərkən subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Qanunvericilik müəyyən edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. İddiaçı tərəf ona məxsus daşınmaz əmlakın əvvəllər ipoteka ilə yüklü edildiyini, sonradan cavabdehin mülkiyyətinə keçdiyini, lakin ona məxsus işıq trasfarmatoru və işıq sayğacının həmin əmlaka aid olmadığını, bununla belə həmin işıq trasfarmatoru və işıq sayğacının cavabdeh tərəfindən qanunsuz olaraq istifadə edilməklə ona 2000 manat məbləğində maddi zərər vurulduğunu bildirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin işıq trasfarmatoru və işıq sayğacı üzərindəki sahibliyinin qanuniliyini mübahisələndirdiyindən ilk növbədə bu hüququn mübahisələndirilməsi üçün özünün subyektiv hüququnun mövcudluğunu sübuta yetirməlidir. Belə ki, Konstitusiyanın 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Məhkəmə qeyd edir ki, iddiaçı iddia etdiyi işıq trasfarmatoru və işıq sayğacının onun mülkiyyəti olmasını təsdiq edən hər hansı sübutunu məhkəməyə təqdim etməmiş, ümumiyyətlə cavabdehin qanunsuz istifadə etdiyini iddia etdiyi həmin işıq trasfarmatorunun və işıq sayğacının harada yerləşməsinə belə aydınlıq gətirməmişdir. Əksinə cavabdeh tərəf mülkiyyətində olan əmlak kompleksinə aid işıq trasfarmatorundan istifadə etdiyini bildirmiş, bu hal cavabdehin təqdim etdiyi daşınmaz əmlakın texniki pasportunda da əksini tapmışdır. Məhkəmə hesab edir ki, iddiaçı qeyd etdiyi işıq trasfarmatoruna və işıq sayğacına hüququnun olmasını sübuta yetirə bilmədiyindən onun cavabdehdən qanunsuz olaraq elektrik enerjisindən istifadə edilməsi ilə bağlı vurduğu 2000 manat məbləğində pulun alınıb iddiaçıya verilməsinə dair ilk iddia tələbi təmin edilə bilməz. Bundan başqa, qarşılıqlı iddia ərizəsinin məzmunundan aydın olur ki, qarşılıqlı iddiaçı cavabdehin əsassız şikayətləri ilə qanunvericiliyin tələblərinin pozulması nəticəsində ona 2540 manat maddi və 20000 manat mənəvi zərərin dəydiyini iddia edərək məhkəmədə iddia qaldırmışdır. Bu halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1096 və 1097-ci maddələri təşkil edəcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən müddəların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd edilən müddəların və qarşılıqlı iddianın dəlillərini nəzərə alaraq məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçıya həqiqətən də zərər vurulması, zərər vurulduğu halda isə cavabdehin təqsirli olub-olmamasının müəyyən edilməsi mübahisənin qanuni həlli üçün əhəmiyyət kəsb edir. Lakin qarşılıqlı iddia üzrə iddiaçı ona məhz cavabdeh "Süleyman X5" tərəfindən hər hansı maddi və mənəvi zərər vurulduğunu təsdiq edən konkret mötəbər dəlil gətirməmiş, bunu təsdiq edən hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş üzrə məhkəmə xərci iddiaçı və cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumlarından ibarətdir. İlk və qarşılıqlı iddia tələbləri təmin olunmadığından, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlk iddia üzrə iddiaçı "Süleyman X5"nın Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair ilk iddiası təmin edilməsin. Cavabdeh "Süleyman X5"na qarşı “maddi və mənəvi ziyana görə pul tutulması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar