Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-476/2023 24.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh1 (bundan sonra – cavabdeh və ya borcalan) arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Bank borcalana illik 28 faiz dərəcəsiylə 24 ay müddətinə 6500 ABŞ dolları kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Bank ilə Cavabdeh2 arasında bağlanmış 26 fevral 2013-cü il tarixli zaminlik müqaviləsinə sonuncu, zamin qismində kredit borcunun qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsiylə məhkəməyə müraciət edərək 26 fevral 2013-cü il tarixli kredit müqaviləsi üzrə 2476.27 ABŞ dolları əsas, 3481.53 ABŞ dolları faiz, 3633.47 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1148.9 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 10740.17 ABŞ dolları borcun və 144.77 manat dövlət rüsumunun tutulması cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan müqavilə öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli 9/2248 nömrəli ekspert rəyindən görunür ki, xx.xx.2013-cü il tarixli 10-M-1-0-355-13 saylı kredit müqaviləsinə əsasən Müqavilə müddətinin sonuna yəni xx.xx.2015-ci il tarixə: əsas borc üzrə- 4.485,68 ABŞ dolları; faiz borcu üzrə-1.740,94 ABŞ dolları; Müqavilə müddətinin sonuna yəni xx.xx.2015-ci il tarixə: əsas borc üzrə 2.409,57 ABŞ dolları; faiz borcu üzrə 3.086,41 ABŞ dolları, faiz borcu 5% ilə 1.345,47 ABŞ dolları təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə əvvəla qeyd edir ki, iş üzrə verilmiş ekspert rəyində texniki səhvə yol verilərək iddianın məhkəməyə verildiyi tarixədək olan dövr üçün aparılan hesablama da müqavilə müddətinin sonuna olan hesablama kimi qeyd edilmişdir. Ekspert tədqiqatını əks etdirən cədvəl müqavilə müddətinin sonu olan xx.xx.2015-ci il tarixinə, habelə iddia ərizəsiylə məhkəməyə müraciət edilənədək xx.xx.2022-ci il tarixinə kimi olan dövrlə üzrə aparılmış hesablamaları göstərir. Həmin cədvəldən görünür ki, müqavilə müddətinin sonuna, yəni xx.xx.2015-ci il tarixə əsas borc 4.485,68 ABŞ dolları; faiz borcu 1.740,94 ABŞ dolları təşkil etmişdir; hazırkı iddia ərizəsiylə məhkəməyə müraciət edildiyi tarixə kimi, yəni xx.xx.2022-ci il tarixə əsas borc 2.409,57 ABŞ dolları; faiz borcu 3.086,41 ABŞ dolları, 5% dərəcəsi ilə faiz borcu 1.345,47 ABŞ dolları təşkil etmişdir. Məhkəmə ekspert rəyinin aydınlığına və (ya) tamlığına və (ya) əsassız olmasına dair hər hansı əsas olmadığından iş üzrə təkrar və ya əlavə ekspertiza keçirilməsinə zərurət müəyyən edilməmiş və rəyi mötəbər sübut kimi qəbul və tədqiq etmişdir. Məhkəmə tərəfindən işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə Bank borcalana kredit vermiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Hazırkı iş üzrə iddiaçı 2476.27 ABŞ dolları əsas borcun tutulmasını xahiş etsə də, ekspert rəyinə əsasən, müqavilə müddətinin bitdiyi tarixdən sonrakı dövrdə edilmiş ödəniş nəzərə alınmaqla məhkəməyə hazırkı iddia ilə müraciət edildiyi tarixədək 2409.57 ABŞ dolları əsas borc hesablanmışdır. Ekspert rəyinin əsassız olmasına dair hər hansı sübut təqdim edilmədiyindən 2409.57 ABŞ dolları əsas borc cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Hazırkı iş üzrə iddiaçı 3481.53 ABŞ dolları faiz borcunun tutulmasını xahiş etsə də, ekspert rəyinə əsasən, müqavilə müddətinin bitdiyi tarixə 1740,94 ABŞ dolları faiz borcu hesablanmışdır. Ekspert rəyinin əsassız olmasına dair hər hansı sübut təqdim edilmədiyindən 1740.94 ABŞ dolları faiz borcu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Hazırkı iş üzrə iddiaçı illik 5 faiz dərəcəsiylə hesablanmış 1148.9 ABŞ dolları faiz borcunun tutulmasını xahiş etmiş, ekspert rəyinə əsasən, həmin faiz borcu 1345.47 ABŞ dolları hesablanmışdır. Belə olan halda, ekspertiza tədqiqatı nəticəsində daha artıq məbləğ hesablansa da, iddia tələbi həcmində illik 5 faiz dərəcəsiylə hesablanmış 1148.9 ABŞ dolları faiz borcu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı məhkəmə işin hallarını, gecikdirilmiş borcun məbləğini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, tənasübsüz dərəcədə yüksək olduğundan cərimə borcunun tutulması hissəsində iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə 2409,57 ABŞ dolları əsas, 1740.94 ABŞ dolları faiz borcu, illik 5 faiz dərəcəsiylə hesablanmış 1148.9 ABŞ dolları faiz borcu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan ödənilmiş dövlət rüsumunun əvəzi qismində 73 manat pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 2409,57 ABŞ dolları əsas borc; 1740.94 ABŞ dolları faiz borcu, illik 5% dərəcəsi ilə hesablanmış 1148,9 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5299 (beş min iki yüz doxsan doqquz) ABŞ dolları 41 (qırx bir) sent pul (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 73 (yetmiş) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-476/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-476/2023
24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver