Məhkəmə qərarları › İş №2(125)-4770/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4770/2023

25.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4770/2023 25.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı Kəlbəcər Rayon Məhkəməsinin 04 mart 2019-cu il tarixli 2(040)-183/2019 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 300 manat və mediasiya xərcinin əvəzi qismində 55 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, onunla Cavabdeh birgə nikahından 031 oktyabr 2008-cı ildə X2 anadan olmuşdur. Kəlbəcər Rayon Məhkəməsinin 04 mart 2019-cu il tarixli 2(040)-183/2019 nömrəli qətnaməsi ilə həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 145 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub ona ödənilməsi qət edilmişdir. Hazırda ölkədə qida məhsullarının və gündəlik tələbat mallarının qiyməti artdığına görə, həmin aliment məbləği uşağın tələbatını ödəməyə kifayət etmir. Buna görə də o, cavabdehlə birgə nikahlarından anadan olmuş uşağın maddi xərclərini çətinliklə ödəyir və aliment miqdarının artırılmasına zərurət yaranmışdır. Cavabdeh isə fərdi əməklə məşğul olmaqla, kifayət qədər qazanc əldə edir. Əgər cababdehin kifayət qədər qazancı olmasa 2-ci dəfə nikaha girməz və həmin nikahdan da 2 uşağı doğulmazdı. Belə ki, Cavabdeh 2-ci dəfə nikaha girməmişdən əvvəl onunla birgə nikahından X2 anadan olmuşdu və Cavabdeh həmin uşağın maddi təminatının ödənilməsi zəruriliyindən məlumatlı olmuşdur. Lakin Cavabdeh aliment ödənişindən başqa uşağın saxlanması üçün heç bir maddi yardım göstərmir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, o, İddiaçı ilə aralarında olan nikah münasibətlərinin başa çatmasından sonra 2-ci dəfə nikaha girmiş və həmin nikahdan da onun 2 uşağı anadan olmuşdur. Bundan başqa, o, hazırda heç bir yerdə işləmir. Qeyd olunan səbəbdən də o, özünün və ailəsinin maddi təminatını çətinliklə ödəyir. Buna baxmayaraq, o, məhkəmə qətnaməsi ilə təyin edilmiş alimenti vaxtında ödəmiş, hətta əvvəlki dövr üzrə alimentə görə hesablanmış borcun icrası məqsədi ilə təyin olunan alimentindən 100 manat artıq, yəni hər ay təxminən 240 manat ödəniş etmişdir. Hazırda isə onun 160-170 manat məbləğində aliment ödəməyə maddi imkanı vardır. Sonda Cavabdeh iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Kəlbəcər Rayon Məhkəməsinin 04 mart 2019-cu il tarixli 2(040)- 183/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, 31 oktyabr 2008-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Kəlbəcər Rayon Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli 2(040)-2188/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 136 manat məbləğində alimentin miqdarı artırılmış, Cavabdeh 145 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Bundan başqa, həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. ««Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamının 1-ci bəndinə görə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2022-ci il tarixdən 345 manat müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2019-cu ildə yaşayış minimumu haqqında» 30 noyabr 2018-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2019-cu ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 160 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2023-ci ildə yaşayış minimumu haqqında» 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2023-cü ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə tərəflərin maddi vəziyyətini, tərəflərin birgə nikahlarından doğulmuş uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini, həmin uşaqların mənafeyini və aliment qət edildikdən sonra ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artmasını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, Kəlbəcər Rayon Məhkəməsinin 04 mart 2019-cu il tarixli, 2(040)-183/2019 nömrəli qətnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 190 manat sabit pul məbləğində aliment tutulmalıdır. Belə ki, məhkəmə Kəlbəcər Rayon Məhkəməsinin 04 mart 2019-cu il tarixli, 2(040)- 183/2019 nömrəli qətnaməsindən keçən dövr ərzində ölkə üzrə yaşayış minimumundakı artım məbləğini əsas gətirərək hesab edir ki, yaşayış minimumunun artması iddiaçının maddi vəziyyətindəki dəyişiklik kimi qiymətləndirilməlidir. Qətnamə ilə müəyyən edilmiş aliment məbləği dəyişmədiyi halda malların və xidmətlərin qiymətinin qalxması həmin aliment məbləği ilə uşağın maddi təminatının əvvəlki səviyyəsinin saxlanmasının mümkün olmadığını göstərir. Digər tərəfdən mülki işin məhkəmə iclasında müəyyən olunmuş hallarından görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin 04 mart 2019-cu il tarixli, 2(040)-183/2019 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmiş alimentin məbləği 2019-cu ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu olan 160 manat məbləğində pul vəsaitinin 90,6 faizi həddində, yəni 145 manat olmuş, 2023-cü ildə ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu hazırki tarixədək ötən müddət ərzində 75 manat məbləğində artaraq, 2023-cü ildə 220 manat müəyyən edilmişdir və 220 manat məbləğində pul vəsaitinin 90,6 faiz hissəsi 199 manat 32 qəpik təşkil edir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 04 mart 2019-cu il tarixli 2(040)-183/2019 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 31 oktyabr 2008-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar