Məhkəmə qərarları › İş №2(125)-4778/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4778/2023

25.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4778/2023 25.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(043)-2543/2021 nömrəli və Gəncə Apellyasiya Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(104)-3629/2021 nömrəli qətnamələri ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, birgə nikahlarından doğulmuş 07 iyul 2008-ci il təvəllüdlü X2, 26 avqust 2009cu il təvəllüdlü X5 və 01 yanvar 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 660 (altı yüz altmış) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 07 iyun 2007-ci ildə rəsmi nikaha daxil olmuşdur. Bu barədə Gəncə şəhəri Nizami rayonu VVADQ şöbəsində olan nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 207 nömrə ilə qeyd aparılmışdır. Birgə nikahlarından 07 iyul 2008-ci il təvəllüdlü X2, 26 avqust 2009-cu il təvəllüdlü X5 və 01 yanvar 2014-cü il təvəllüdlü X3 dünyaya gəlmişdir. Evləndikdən sonra ilk vaxtlar normal yaşasalar da, sonra cavabdehlə aralarında tez-tez söz-söhbət və anlaşılmazlıqlar baş verməklə ailələri faktiki dağılmışdır. Aralarında tez-tez anlaşılmazlıqlar baş vermişdir. Ailələri faktiki dağılmış, bərpası mümkün deyildir. Ailə münasibətləri formal xarakter daşıdığından onlar ayrılmağa qərar verərək məhkəməyə müraciət etmişlər. Gəncə Şəhər Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, 2(125)- 886/2022 saylı qətnaməsi ilə Cavabdeh ilə arasında olan nikah pozulmuşdur. Bu barədə Gəncə Şəhər Qeydiyyat şöbəsində xx.xx.2023-cü ildə 32 nömrə ilə qeydiyyat aparılmış və müvafiq şəhadətnaməni də almışdır. Aralarında olan nikah pozulana qədər faktiki ayrı yaşadıqlarından o, Cavabdeh qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(043)-2543/2021 nömrəli qətnaməsi ilə hər ay hər uşaq üçün 130 (yüz otuz) manat olmaqla, cəmi 390 (üç yüz soxsan) manat sabit pul məbləğində alimentin hər ay Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Ondan sonra alimentin artırılması haqqında məhkəməyə müraciət etməmişdir. Bütün bu illər ərzində o, çətinliklə də olsa övladlarının tərbiyəsi və onların saxlanmasını təmin etmişdir, lakin 3 (üç) övladının gündən-günə artan tələbatlarını ödəyə bilmədiyi üçün maddi vəziyyəti və sosial durumu getdikcə ağırlaşmış, birgə nikahdan anadan olmuş övladlarının saxlanmasını təmin etməkdə çətinlik çəkir. Halhazırda üç az yaşlı övladının saxlanması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən 26 iyul 2021-ci il tarixli, 2(043)-2543/2021 nömrəli qətnaməsi ilə hər ay hər uşaq üçün 130 (yüz otuz) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment miqdarı heç bir halda reallığa uyğun gəlməyən tələbata hətta minimum səviyyədə ödəməyə qadir olmayan, dövrün tələblərinə uyğun gəlməyən bir rəqəmdir. Belə ki, həmin qətnamə çıxarıldıqdan sonra ötən müddət ərzində uşaqlar təbii olaraq böyümüş, onların üçü də məktəbə gedirlər. Onların məktəbli forması, dərs ləvazimatları, digər geyim və sair ilə təmin olunması, ərzaq təminatı xərcləri və digər tələbatlan da getdikcə artmaqdadır. Dünyada gedən məlum proseslərlə bağlı məhsul və xidmətlərdə kəskin qiymət artımı olmuşdur. Bunlara müvafiq olaraq, uşaqların da yaşayış minimumunu hər il artmışdır. Övladları daha nümunəvi məktəbdə təhsil alırlar. Onları dərsdən sonra idman və musiqi kurslarına yazdırmışdır. Eyni zamanda onları dərsdən sonra repetitor-müəllimlərin yanına əlavə hazırlıqlara göndərir. Bunlarda kifayət qədər məbləğ təşkil edən əlavə xərclərdir. Bütün bunları təsdiq edəcək müvafiq arayışları ərizəsinə əlavə etməmişdir. Çünki bunları sadalamaqda məqsədi Cavabdeh övladlarının böyüməsində əlavə xərclərə cəlb etmək deyildir. Sadəcə olaraq qeyd etməyi özümə borc bilmişdir ki, Cavabdeh görsün və bilsin ki, o, övladlarını ən yaxşı şəkildə böyüdür və bundan sonrada böyüdəcəkdir. Bütün bunlar isə Cavabdeh ödədiyi aylıq 390 (üç yüz doxsan) manat məbləğində alimentlə təmin etmək mümkün deyildir. Həm də 2021-ci ildə təyin olunmuş cəmi 390 manat sabit pul məbləğində alimentlə 3 (üç) övladının günügündən artan tələbatlarını ödəyə bilmir, çox çətinlik çəkir. Ona görə də, Cavabdeh tutulacaq alimentin məbləği artırılmalı, heç olmasa ölkə üzrə müəyyən olunan minimum məbləğdən aşağı olmamalıdır. O, məhkəmədə iddia qaldırmamışdan əvvəl Gəncə 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Lakin cavabdeh gəlmədiyindən xx.xx.2022-ci ildə ona müvafiq arayış verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, cavabdeh Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2543/2021 nömrəli, 26 iyul 2021-ci il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini gecikdirərək ödəyir. Cavabdehlə birgə nikahlarından anadan olmuş üç övladının gələcəyi üçün alimentin miqdarının artırılmasını tələb edir. Özü uşaqları ilə birlikdə kirayədə qalır, 250 manat kirayə haqqı verir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəmənin 09 avqust 2023-cü il tarixində keçirilən hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək, maddi vəziyyətinin çətinliyi ilə əlaqədar olaraq növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş yazılı sübutlar; AZ-İ seriyalı, 432625 nömrəli, 26 yanvar 2023-cü il tarixli, Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, vətəndaş Cavabdeh və vətəndaş İddiaçı arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 26 yanvar 2023-cü il tarixdə 32 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqda sonra kişiyə “Məmmədzadə”, qadına “Məmmədzadə” soyadı verilmişdir. AZ-İİ seriyalı, 127002 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 07 iyul 2008-ci il tarixdə doğulmuşdur. Valideynləri atası – Cavabdeh, anası – İddiaçıdır. AZ-İİ seriyalı, 359457 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 26 avqust 2009-cu il tarixdə doğulmuşdur. Valideynləri atası – Cavabdeh, anası – İddiaçıdır. AZ-İİİ seriyalı, 242883 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 01 yanvar 2014-cü il tarixdə doğulmuşdur. Valideynləri atası – Cavabdeh, anası – İddiaçıdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2543/2021 nömrəli, 26 iyul 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3629/2021 nömrəli, 14 oktyabr 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(043)-2543/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2022-ci il tarixli, 05635 nömrəli arayışdan görünür ki, bu arayış vətəndaş İddiaçı “alimentin artırılması” tələbi ilə bağlı müraciəti əsasında yeri və vaxtı barədə əvvəlcədən məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə 04 noyabr 2022-ci il tarixdə saat 15:15-də keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməməsini təsdiq etmək üçün verilir. İddiaçı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 308 nömrəli Qərarı” ilə təsdiq edilmiş ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Cavabdeh hazırki iddiaya etirazından görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(043)-2543/2021 nömrəli qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində aliment tutularaq Məmmədzadə (Cəminskaya) Aygün Rüfət qızına ödənilməsi göstərilmişdir. İddiaçı (Cəminskaya) alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. O, yalnız Xırdalan Şəhər Vəkillər Bürosunda vəkil köməkçisi vəzifəsində çalışır və aylıq məvacibi 345 manat təşkil edir. Lakin iddiaçı əksinə əlavə iş yerləri ilə təmin olunmuşdur. Hazırda xx.xx.2019-cu il tarixdə 0.5 ştat vahidi Təcili və təxirə salınmaz tibbi yardım üzrə həkim əlavə iş olaraq işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə tam ştat vahidi təcili və X4 üzrə həkim əsas iş olaraq işə qəbul edilmiş, bundan əlavə də Gəncə şəhəri İstanbul Klinikası vergidən yayınmaq üçün qeyri-rəsmi olaraq terapevt-həkim vəzifəsinə qəbul etmişdir. Hazır ki, maddi durumda onun yox, qarşı tərəfin maddi durumu və əlavə iş yerləri mövcuddur. Ona görə də, bu istiqamətdə yuxarıda qeyd etdiklərinə münasibət bildirərək iddianın rədd edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İş yeri haqqında məlumatdan görünür ki, Cavabdeh Xırdalan Şəhər Vəkil Bürosunda vəkil köməkçisi vəzifəsində işləyir. Əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə bağlanmışdır. İşçinin aylıq əmək haqqı 345 manat təşkil edir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ “Gəncə şəhər Təcili və X4 Şöbəsi” tərəfindən verilmiş 128 nömrəli, 24 avqust 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən hal-hazıradək “Gəncə şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin Təcili və X4 şöbəsində Təcili və X4 üzrə həkim vəzifəsində işləyir. Hal-hazırki əmək haqqı 1706 manat 80 qəpikdir. Belə ki, məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2543/2021 nömrəli, 26 iyul 2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3629/2021 nömrəli, 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(043)-2543/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Lakin, həmin vaxtdan uşaqlar böyüdüyü və onların xərclərinin artdığı üçün qət edilmiş hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment uşaqların saxlanması üçün yetərli olmadığından, cavabdeh uşaqların saxlanılması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, İddiaçı “alimentin artırılması” tələbinə dair mediasiya şurasına müraciət etmiş, lakin, cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən, tərəflər arasında razılıq əldə olunmamış, o səbəbdən də iddiaçı “alimentin artırılması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı birgə nikahlarından doğulmuş 07 iyul 2008-ci il təvəllüdlü X2, 26 avqust 2009-cu il təvəllüdlü X5 və 01 yanvar 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 660 (altı yüz altmış) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə baxışı iclasında iştirak etməmiş, lakin məhkəmənin 09 avqust 2023-cü i tarixində keçirilən hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək, növbəti məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda 09 avqust 2023-cü il tarixində keçirilən məhkəmənin hazırlıq iclasında məhkəməyə etiraz ərizəsi təqdim edərək, maddi imkanının olmadığını, iddiaçının maddi durumu və əlavə iş yerlərinin mövcud olduğunu bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün alimentin artırılması iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, uşaqlar böyüdükcə onların tələbatları və saxlanma xərclərinin nisbətən artması, hazırda uşaqların azyaşlı olmasını, tərəflərin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin gəlirləri barədə sübut təqdim edə bilməsə də, ötən vaxt nəzərə alınmaqla hazırki iş üzrə alimentin məbləği artırılan zaman əvvəlki qətnamə üzrə təyin olunan alimentin məbləği ilə yeni müəyyən olunacaq alimentin məbləği arasında mütənasiblik gözlənilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşaqların maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin gəlirləri barədə sübutların təqdim edilməməsini, Cavabdeh yüksək gəlirə malik olmamasını, lakin hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşaqları saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşaqların təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə tərəflərin faktiki ailə münasibətlərindən doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2543/2021 nömrəli, 26 iyul 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, hər ay hər uşaq üçün 130 (yüz otuz) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı dəyişdirilmiş (artırılmış) alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı mediasiya xərci üçün ödədiyi məbləği tələb etmədiyindən həmin xərc onun özünə aid edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün ona hər ay cavabdeh tərəfindən ödənilməli olan alimentin artırılmış hissəsi 60 manat olmaqla, həmin məbləğin bir il ərzində məcmusu 720 manat təşkil etdiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2543/2021 nömrəli, 26 iyul 2021ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılsın və xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilsin. Artırılmış hissədə alimentin tutulması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə mediasiya xidməti üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar