Məhkəmə qərarları › İş №2(125)-478/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-478/2023

12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-478/2023 12.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı açıq səhmdar cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 05 noyabr 2021-ci il tarixli, 10-M1-1-2608-21 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 9.329 manat 51 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 943 manat 43 qəpik, cərimə qismində 42 manat 87 qəpik, cəmi 10.315 manat 81 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 120 manat 95 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmədə iddia tələbini müdafiə edərək göstərdi ki, İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh1 kreditdən istifadəyə görə illik 23% borc faizləri ödəməsi şərtilə, 24 ay müddətinə 10.000 manat məbləğində kredit vermişdir. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 05 noyabr 2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh1 müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 10 iyun 2022-ci il tarixədək Cavabdeh1 banka 05 noyabr 2021-ci il tarixli, 10-M1-1-2608-21 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 9.329 manat 51 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 943 manat 43 qəpik, cərimə qismində 42 manat 87 qəpik, cəmi 10.315 manat 81 qəpik olmaqla borcu vardır. Cavabdehlərə borcun ödənilməsinə dair bildiriş göndərilsə də, borcun ödənilməsi təmin edilməmişdir. Buna görə də İddiaçı açıq səhmdar cəmiyyəti hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X1 iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 05 noyabr 2021 il tarixli, 10-M1-1-2608-21 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh1 kreditdən istifadəyə görə illik 23% borc faizləri ödəməsi şərtilə, 24 ay müddətinə 10.000 manat məbləğində kredit vermişdir. İşdə olan İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş 05 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyətinə borcu əsas borc qismində 9.329 manat 51 qəpik, 17 iyun 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 943 manat 43 qəpik, cərimə qismində 42 manat 87 qəpik, cəmi 10.315 manat 81 qəpik təşkil edir. İş materiallarında olan 05 noyabr 2021-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyətindən 05 noyabr 2021-ci il tarixdə 9.801 manat məbləğində pul vəsaitini almışdır. İşdə olan 05 noyabr 2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zaminliyi öz öhdəsinə götürmüşlər. Beləliklə, işdə olan sübutlarla Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 9.329 manat 51 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 943 manat 43 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh1 05 noyabr 2021-ci il tarixli, 10- M1-1-2608-21 kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 9.329 manat 51 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 943 manat 43 qəpik, cərimə qismində 42 manat 87 qəpik, cəmi 10.315 manat 81 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də, məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 120 manat 95 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 05 noyabr 2021-ci il tarixli, 10-M1-1-2608-21 kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 9.329 (doqquz min üç yüz iyirmi doqquz) manat 51 (əlli bir) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 943 (doqquz yüz qırx üç) manat 43 (qırx üç) qəpik, cərimə qismində 42 (qırx iki) manat 87 (səksən yeddi) qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 120 (bir yüz iyirmi) manat 95 (doxsan beş) qəpik, cəmi 10.436 (on min dörd yüz otuz altı) manat 76 (yetmiş altı) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar