Məhkəmə qərarları › İş №2(125)-4786/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4786/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4786/2023 27.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 3.050 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 manat, cəmi 3.100 məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə 2018-ci ilin sonlarında yaşadığı Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən restoranlardan birində tanış olmuş və bu tanışlıq dostluğa çevrilən ərəfələrdə özünü ona Göygöl Rayon İcra Hakimiyyətində məsul vəzifə sahibi kimi təqdim edən cavabdehlə uzun müddətli münasibətdə olmuşdur. Onların dostluqları davam etdiyi zamanda, yəni 2021-ci ilin yayında Cavabdeh borc adı ilə ondan 6.000 manat məbləğində pul vəsaiti almış və 1 ay müddətində qaytaracağına dair ona söz verib, öhdəlik götürmüşdür. O, cavabdehlə dost olduğuna görə inanıb etibar etmişdir. Lakin Cavabdeh söz verib öhdəlik götürdüyü müddətin başa çatmasına baxmayaraq, ona olan borcunu qaytarmamış, əvəzində müxtəlif bəhanələr gətirərək, həm onu aldatmağa başlamış, həm də pulunu qaytarmamışdır. Bütün bunlara baxmayaraq, o, çətinliklə də olsa ümumi dostlarının köməkliyi vasitəsi ilə Cavabdeh hissə-hissə olmaqla 2.950 manat məbləğində pul vəsaitini almış, qalan pulunu, yəni 3.050 manat pulunu isə hazırki tarixədək ala bilməmişdir. Digər tərəfdən isə cavabdehlə dostluğu kəsilmiş və cavabdehin ona olan münasibəti pisə doğru dəyişmişdir. Cavabdeh ona olan borcunun 3.050 manat qalmasına dair iltizam yazıb ona verməsinə baxmayaraq, onu yenə də aldatmağa müəssər olmuş və hazırki tarixədək qalan borcunu qaytarmamışdır. Bundan sonra o, hüquq mühafizə orqanlarına müraciətlər ünvanlamağa, teleqramlar göndərməyə başlamışdır. Onun şikayət ərizələri araşdırılmaqdan ötrü Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin icraatına daxil olmuşdur. Araşdırma zamanı cavabeh ona olan borcunu səmimi etiraf etsə də, borcun məbləğini 1.000 manat az miqdarda göstərmiş və bununla da müstəntiqi aldatmağa nail olmuşdur. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində İddiaçı mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Lakin Cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında verdiyi izahatında İddiaçı 3.050 manat məbləğində borcunun olduğunu, həmin borcun 400 manat məbləğində hissəsini xx.xx.2023-cü il tarixdə ödədiyini və qalan digər məbləği isə hər ay 500 manat olmaqla, xx.xx.2023-cü il tarixədək tam ödəyəcəyini bildirmiş, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, İddiaçı 15 mart 2023-cü il tarixdə şikayəti ərizəsi ilə müraciət edərək, 2021-ci ilin avqust ayının sonunda Cavabdeh ona qaytarmaq şərti ilə hamısı 100 manat pul əskinansları olmaqları borca 6.000 manat pulunu almasını bildirmişdir. Toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Cavabdeh tərəfindən verilmiş iltizamın surətindən görünür ki, həmin iltizamda Cavabdeh İddiaçı 3.050 manat məbləğində borcunun olduğunu bildirmiş və həmin borcunu hər ay 500 manat olmaqla, 30 dekabr 2023-cü il tarixədək ödəyəcəyinə söz vermişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı 3.050 manat məbləğində borcunun olduğunu, həmin borcun 400 manat məbləğində hissəsini xx.xx.2023-cü il tarixdə ödədiyini və qalan digər məbləği isə hər ay 500 manat olmaqla, xx.xx.2023-cü il tarixədək tam ödəyəcəyini bildirmişdir. İşdə olan ********* nömrəli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı hesabına xx.xx.2023-cü il tarixdə 400 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh İddiaçı 6.000 manat məbləğində pul vəsaitini 2018-ci ilin sonlarında borc qismində almış və həmin borcun hazırki tarixədək 2.650 manat məbləğində hissəsini qaytarmamışdır. Həmin xüsusat Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizədə də öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı 2.650 manat məbləğinin borcunun olmasına dair faktı etiraf etməsi, İddiaçı iddianı həmin hissədə sübuta yetirmək vəzifəsindən azad edir və həmin halın yenidən sübut olunmasına zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1 və 1091.2-ci maddələrinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Qanunvericilinin qeyd olunan normalarının tələbindən göründüyü kimi qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır və borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Hazırki halda isə tərəflər arasında predmetinin məbləği 3.000 manatdan çox olan borc müqaviləsi bağlansa da, həmin müqavilə qanunla müəyyən olunmuş qaydada yazılı formada bağlanmamış, Cavabdeh tərəfindən yalnız 3.050 manat məbləğində ödənilməmiş borcunun qalmasına dair İddiaçı iltizam təqdim edilmişdir. Buna görə də tərəflər arasında bağlanmış borc müqaviləsi etibarsızdır və Cavabdeh həmin əqd üzrə aldıqlarını S.Ə.Nəsirovaya qaytarmalıdır. Lakin mülki işin məhkəmə tədqiqi zamanı qeyd olunan məbləğdə pul vəsaitinin 400 manat məbləğində hissəsinin xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən İddiaçı ödənildiyi, hazırda Cavabdeh tərəfindən İddiaçı qaytarılmalı məbləğin 2.650 manat qaldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli və ödənilməmiş əsas borcun əvəzi qismində 2.650 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə, məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh 2.650 (iki altı yüz əlli) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 50 (əlli) manat, cəmi 2.700 manat (iki min yeddi yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar