Məhkəmə qərarları › İş №2(125)-481/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-481/2025

14.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-481/2025 14.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aylıq alimentin miqdarının artırılması tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aylıq alimentin miqdarının artırılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, övladları 13 mart 2017-ci il tarixdə anadan olmuş X1 və 21 sentyabr 2019-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 27.noyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilən alimentin miqdarının artırılaraq, hər ay hər bir uşağa görə 235 manat məbləğdə müəyyən olunması, cəmi 470 manat məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 19 aprel 2016-cı ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuş, birgə nikahlarından 13 mart 2017-ci il tarixdə Günel və 21 sentyabr 2019-cu il tarixdə Leyla adlı uşaqları dünyaya gəlmişdir. Onlar cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pisləşmişdir. Faktiki olaraq ayrı yaşayırlar. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 27 noyabr 2019cu il tarixli, 2(043)-3794/2019 saylı qətnaməsinə əsasən az yaşlı uşaqlarının yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat məbləğdə alimentin alınıb ona verilməsi qət edilmişdir. Bundan sonra o, cavabdehlə barışmış və ailə münasibətlərini bərpa etmişdir. Lakin cavabdeh yenə də ailəsinin qədrini bilməmişdir. O, dəfələrlə ona ailəsinin bərpa olunması üçün şans versə də cavabdeh ailəsinin dağılmaması üçün heç bir addım atmamışdır. Bu azmış kimi cavabdeh heç az yaşlı uşaqlarına belə baxmır. O, cəmi 200 manat məbləğdə alimentlə Günel və Leyla adlı uşaqlarına baxa bilmir. Çünki, Günel adlı uşağı məktəblidir. Uşaqları böyüdükcə onların tələbatı da artmışdır. Onların dərslikləri, geyimləri, qidalanmaları xeyli vəsait tələb edir. Bütün bunları isə təkbaşına edə bilmir. O, hazırda da uşaqlarına valideynlərinin köməkliyi ilə baxır. Halbuki, hər iki valideyn uşaqlarını saxlamağa borcludur. Eyni zamanda da cavabdeh işləyir və yüksək qazanca malikdir. Bundan başqa onu da qeyd etmişdir ki, o, hazırda kirayəşin yaşayır. Eyni zamanda da Naxçıvan Dövlət Universitetinə ödənişli əsaslarla qəbul olmuşdur. Maddi vəziyyəti aşağı səviyyədədir. Cavabdehin uşaqlarına aliment ödəməməsi onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, Vəkil ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli qərarının 8.4-3-cü bəndində qeyd edilir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, hazırki iddianın mahiyyəti əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aylıq alimentin miqdarının artırılması barədə olduğundan iş məhkəmədə baxılmalı deyildir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aylıq alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar