Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4819/2024 01.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada 5600 (beş min altı yüz) manat pulun və 76 (yetmiş altı) manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə Gəncə şəhərində yaşayır. O, gözəllik salonunda işləyir. Cavabdeh X3 ilə 17 ildir tanışdırlar. Belə ki, onun işlətdiyi gözəllik salonu Gülnarə Əliyevanın yaşadığı evin yanında yerləşir. Gülnarə Əliyeva ilə münasibətləri normal olmuşdur. Aralarında ədavətləri və narazılıqları olmamışdır. X2 Əliyevlə birlikdə ona 2023-cü ilin dekabr ayında müraciət edərək, işinin dəyişməsi üçün pul lazım olduğunu və buna görə onlara qızıl əşyaları tapmasını bildirmişlər. O da tanışından 1 ədəd 30 qram çəkidə, 585 əyarlı qızıl saat, 1 ədəd 18.5 qram çəkidə, 585 əyarlı kral toxunuşlu qızıl boyunbağı, 1 ədəd 18.2 qram zəncir formalı, 585 əyarlı qızıl qolbağı, 1 ədəd 12.90 qram çəkidə, 585 əyarlı, zəncir formalı qızıl qolbağıdan ibarət qızıl əşyalarını onlara nisyə satmışdır. Cavabdehlərin ona ümumilikdə 6450 manat borcu yaranmışdır. Cavabdehlər ondan nisyə aldıqları qızıl əşyalarının dəyərini 1-2 ay müddətində ödəyəcəklərinə vəd vermişlər. Lakin, cavabdehlər ondan qızıl əşyalarını aldıqdan sonra 2024-cü ilin aprel ayına kimi hissə-hissə 850 manat ödəniş etdilər. Hazırda cavabdehlərin ona 5600 manat borcu qalmışdır. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdehlər ona olan borclarını ödəməkdən imtina etmişlər. O, məcbur olub Gəncə şəhər Baş Polis İdarəsinə müraciət etmişdir. Lakin cavabdehlərlə aralarında olan mübahisə mülki xarakterli olduğundan, onların barəsində cinayət işinin başlanması rədd edilmiş və ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ona görə də o, hazırda pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə İddiaçı iştirak etmiş, iddianı müdafiə edərək, iddia ərizəsində göstərdiyi xüsusatlara uyğun izahat vermiş, sonda iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh2 (digər Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi) iştirak etmiş və izahatında bildirmişdir ki, onların İddiaçı ilə yaxın qonşu münasibətləri olmuşdur. Dəfələrlə ondan qızıl götürmüşlər və ödəmişlər. Daha əvvəllər də iddiaçıya borcları olmuşdur. Sonuncu dəfə isə cəmi 4800 manat dəyərində qızıl zinət əşyalarını anası və o, nisyə almışlar. Əvvəlki borclarını ödəmişlər, sonrakı 4800 manat borcdan 2400 manat məbləğini qaytarmışlar, hazırda borcları 2400 manatdlr. Sonda cavabdehə qaytardıqları pullar nəzərə alınmaqla qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmənin əvvəlki iclasında iştirak etmiş, Cavabdeh2 ilə oxşar məzmunda izahat vermiş, məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edərək işə baxmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, hesab edir ki, iddia qismən əsaslı olduğundan, qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Məhkəmə bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin Təhqiqat Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı izahatında bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. O, qızıl alqı-satqısı ilə məşğul olur. Barəsində şikayət etdiyi Cavabdeh2 Gəncə şəhərində işləyən polis əməkdaşıdır. Onun anası X3 onunla qonşuluqda yaşayır. Gülnarə Əliyeva bildirmişdir ki, oğlu Elturanın işini dəyişmək məqsədilə ondan qızıl istəmiş və onu lombarda qoyaraq lombarddan pul götürəcəklərini bildirmişlər. O da Elturan və anasına 2023-cü ilin dekabr ayında ümumi qiyməti 6450 manat dəyərində qızıl alaraq vermiş və bildirmişlər ki, həmin pulu 1 ay müddətində qaytaracaqdır. Lakin onlar həmin vaxtdan bu yana yalnız 850 manat pulu geri qaytarmış və onların ümumilikdə 5600 manat borcu qalmışdır. Daha sonra onlar bildirmişlər ki, guya onlar qızılları lombardda batırmışdır. Həmin şəxsə qızıl-zinət əşyaları verməyi barədə onda səs yazıları mövcuddur. Məhkəmə qeyd edir ki, işə məhkəmədə baxılarkən hər iki tərəfin təqdim etdiyi səs yazıları dinlənilmişdir. İddiaçının təqdim etdiyi səs yazısında danışan şəxslərdən biri (kişi səsi) qarşı tərəfə (danışan qadın səsidir) bildirir ki, əvvəlki borc 1800 manat, sonrakı borc isə 4800 manat məbləğindədir. Məhkəmədə həm iddiaçı həm də Cavabdeh2 bildirirlər ki, dinlənilən səs yazılarında danışıqlar onların ikisinin arasında gedir. Cavabdeh2 danışıqlar zamanı dediyi sözləri təsdiq edən izahat vermiş, ancaq bildirmişdir ki, əvvəlki borclar hamısı ödənilmişdir, yalnız sonuncu borcdan 2400 manat qalmışdır. Məhkəmə göstərir ki, artıq yuxarıda qeyd edildiyi kimi MPM-in 76-cı maddəsi tərəflərin səs yazılarını işdə sübut növləri kimi nəzərdə tutur. Baxılan işdə cavabdeh tərəfin özünün etiraflarından müəyyən edilir ki, nisyə satın aldıqları mallara görə iddiaçıya 6600 manat məbləğində borcları olmuşdur. İddiaçı isə cavabdehlərdən daha az məbləğdə 5600 manat məbləğində pul tələb etmiş və cavabdehlərin borclarından 850 manat pulu geri qaytardıqlarını qeyd etmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı cavabdehlərin iddiaçıdan nisyə qaydada satın aldıqları mallara görə iddiaçının iddia etdiyi məbləğdə, yəni, 5600 manat məbləğində borclarının olması fakt kimi təsdiq olunur. Cavabdeh tərəf isə etirazlarında borclarını ödədiklərini, yalnız sonuncu dəfə nisyə satın aldıqları 4800 manat dəyərində qızıl əşyalara görə cəmi 2400 manat borclarının qaldığını iddia etmişlər. Cavabdeh2 işin bu halını təsdiq edə bilən sübut növü kimi tərəflər arasında olan səs yazılarını məhkəməyə təqdim etmişdir. Həmin səs yazıları dinlənilmiş, ancaq, müəyyən olunmuşdur ki, heç bir səs yazısında iddiaçı cavabdeh tərəfin ona 5600 manat məbləğindən daha az məbləğində borclarının olduğu barədə heç nə bildirməmişdir. Beləliklə, məhkəmədə tədqiq edilmiş sübutlar sırasında cavabdeh tərəfin iddiaçıya onun iddia etdiyi 5600 manat məbləğindən hansısa məbləğdə borc ödənildiyi barədə yalnız cavabdeh tərəfin özünün izahatları mövcuddur ki, iddiaçı tərəf isə bunu inkar edir. Belə olan halda MPM-in sübutlarla bağlı tələblərinə əsasən, yalnız cavabdeh şəxslərin izahatlarına istinad edilməklə iş üçün əhəmiyyətli olan faktların müəyyən edildiyi barədə qənaətə gəlinməsi yolverilməzdir. Ona görə də məhkəmə bu qənaətdədir ki, iddiaçıya onun iddia etdiyi 5600 manat məbləğində borcdan heç bir məbləğ cavabdehlər tərəfindən qaytarılmamışdır. Beləliklə, aparılmış araşdırmalar nəticəsində işin faktiki halları kimi müəyyən olunur ki, tərəflər arasında malların nisyə alqı satqısı barədə şifahi müqavilə olmuşdur və hazırda cavabdeh tərəfin iddiaçıya nisyə satılmış mallara görə 5600 manat məbləğində borcu vardır. Tərəflər arasında yaranan mübahisə malların nisyə alqı satqısından əmələ gələn mübahisədir, ona görə də mübahisənin həlli üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşagıdakı maddələri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1 -ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Hesab edilir ki, cavabdeh tərəf iddiaçı ilə bağladığı əşyaların hissə-hissə ödənilməsi nəzərdə tutulan nisyə alqı-satqı müqaviləsi üzrə əmələ gələn öhdəliklərə görə məsuliyyət daşıyır. İrəli sürülən iddianın təmin edilməsi üçün qanuni əsaslar Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarında nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, iş materiallarından müəyyən edilir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün 76 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə göstərir ki, iddia əsaslı sayılmışdır, ona görə də iddiaçı tərəfindən ödənilən dövlət rüsumunun əvəzi kimi 76 manat məbləğində pul cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 357 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5600 (beş min altı yüz) manat məbləğində pul və dövlət rüsumunun əvəzi kimi 76 (yetmiş altı) manat məbləğində alınıb, İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-4819/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4819/2024
01.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver