Məhkəmə qərarları › İş №2(125)-482/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-482/2023

07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-482/2023 07.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Arıxova Nigar Azər qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və X3 qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 3226,71 manat əsas, 2546,45 manat cərimə və kredit müqaviləsinin müddəti bitdiyi xx.xx.2014-cü il tarixindən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 1060,2 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 6833,36 manat borcun və 88,33 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 mülkiyyətindəki 1ədəd 56,7 qram çəkidə saat qolbağdan ibarət qızıl-zinət əşyasına yonəldilməsi və açıq hərracda satılaraq tələb olunan borcun ödənilməsi, satışından eldə edilmiş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh1 04 sentyabr 2012-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 6000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 ilə 04 sentyabr 2012-ci il tarixli qızıl zinət əşyasının saxlanc müqaviləsi bağlayaraq mülkiyyətindəki 1 ədəd 56,7 qram çəkidə saat qolbağ olan qızıl-zinət əşyasını banka girov qoymuş, Cavabdeh2 ilə 04 sentyabr 2012-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır.2022-ci il sentyabr ayının 30-dək Cavabdeh1 banka 04 sentyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə 3226.71 manat əsas borc, 10185,8 manat cərimə borcu və kredit müqaviləsi üzrə 04 sentyabr 2014-cü il tarixindən 30 sentyabr 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün 5 (beş) faizlə hesablanmış 1060.2 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə, cəmi 14472.71 manat olmaqla borcu vardır. Cavabdeh1 banka 04 sentyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 10185,8 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 2546,45 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq qeydiyyatda olduqları ünvanda yaşamadıqları üçün bildirişin onlara təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehlərin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2012-ci il tarixli, 10-M-2-0-1610-12 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) tərəfindən Cavabdeh1 illik 28 faizlə 24 ay müddətinə 6000 manat məbləğində kredit verilmişdir. xx.xx.2012-ci il tarixli, 10-M-2-0-1610-12 saylı kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 krediti hissə-hissə ödəmək şərti ilə xx.xx.2014-cü ilə qədər ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2012-ci il tarixli, 10-M-2-0-1610-12 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 xx.xx.2012-ci il tarixli, 10-M-2-0-1610-12 saylı kredit müqaviləsi üzrə iddiaçı qarşısında borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2012-ci il tarixli, 10-M-2-0-1610-12 nömrəli girov saxlanc müqaviləsindən görünür ki, xx.xx.2012-ci il tarixli, 10-M-2-0-1610-12 nömrəli kredit müqaviləsinin təminatı kimi borclu Cavabdeh1 özünə məxsus olan 1 ədəd 56,7 qram çəkidə saat qolbağ olan qızıl-zinət əşyasını "xxxx" İKB ASC-yə (hazırkı İddiaçı ASC) girov qoymuşdur. xx.xx.2012-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 "xxxx" İKB ASC-dən (hazırkı İddiaçı ASC) 6000 manat məbləğində pulu qəbul etmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2012-ci il tarixli, 10-M-2-0-1610-12 nömrəli kredit müqaviləsi üzrə 3226,71manat əsas, 10185,8 manat cərimə və kredit müqaviləsinin müddəti bitdiyi müddətdən illik 5 faizlə hesablanmaqla 1060,2 manat əldən çıxmış fayda borcu olmaqla, cəmi 14472,71manat borcu qalmışdır; İşdə olan xəbərdarlıqdan görünür ki, cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir; Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 6000 manat məbləğində kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi tərəflər arasında zaminlik və girov müqaviləsi bağlanaraq Cavabdeh2 borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmçinin girov müqaviləsinə əsasən borclu özünə məxsus qızılzinət əşyasını banka girov qoymuşdur. Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, mülki işə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 296.1 maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması olmadıqda girov saxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, dəbbə pulunun məbləği tənasübsüz dərəcədə yüksək olduğundan azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əldən çıxmış fayda formasında illik beş faiz hesabı ilə məbləğin də tutulmasını nəzərə alaraq əlavə olaraq yüksək məbləğdə dəbbə pulunun tətbiq edilməsinin cavabdehin vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 2546,45 manat cərimə tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə pulu azaldılaraq 46,45 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddianın Cavabdeh2 yönəlmiş hissəsini isə əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının son müddəti xx.xx.2014-cü il tarix olmuşdur. Həmin tarixdən iddianın verildiyi vaxtadək bir ildən artıq müddət ötmüşdür. Zaminlik müqaviləsində zaminliyin verildiyi müddət göstərilməmişdir. Müqavilənin 5.1-ci bəndində zaminlik müqaviləsinin kredit müqaviləsi üzrə borclunun həmin müqavilə üzrə öhdəliyini kreditor qarşısında tam icra edənədək qüvvədə olması göstərilsə də bu müddəa qeyri-müəyyən olmaqla tərəflərin hüquq və vəzifələrini tənzimləməyə xidmət etmir. Müddətin anlayışı Mülki Məcəllənin 367-ci maddəsində verilmişdir. Həmin maddəyə əsasən: 367.1. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. 367.2. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. 367.3. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Beləliklə mülki hüquq münasibətlərində müddət əqdlə və ya məhkəmə tərəfindən müəyyən edilə bilər. Müddət konkret zaman vahidi ilə ifadə oluna bilər və ya hökmən baş verməli hadisəyə bağlana bilər. Müddətin müəyyən edilməsinin başqa meyarı yoxdur. Əsas öhdəliyin icra edilməsi hökmən baş verməli hadisə deyildir. Aydındır ki, obyektiv və ya subyektiv səbəblərdən öhdəlik borclu tərəfindən uzun müddət və ya heç vaxt icra olunmaya da bilər. Buna görə də zaminlik müqaviləsində zaminliyin müddətinin əsas öhdəliyin icra edildiyi tarixədək müəyyən edilməsi Mülki Məcəllənin 367-ci maddəsinin tələbinə zidd olduğu üçün etibarsızdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh2 qarşı öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor tərəfindən iddia irəli sürülmədiyi üçün onun zaminliyinə xitam verildiyindən iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2012-ci il tarixli, 10-M-2-0-1610-12 saylı kredit müqaviləsi üzrə 3226,71 manat əsas, 46,45 manat cərimə və kredit müqaviləsinin müddəti bitdiyi xx.xx.2014-cü il tarixindən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 1060,2 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 4333,36 manat borc utulmalı, tələb xx.xx.2012-ci il tarixli, 10-M-2-0- 1610-12 nömrəli girov saxlanc müqaviləsi üzrə Cavabdeh1 məxsus 1 ədəd 583 əyyarlı, 56,7 qram çəkidə saat qolbağ olan qızıl-zinət əşyasına yönəldilməli, həmin qızıl-zinət əşyası açıq hərracda satılmalı, satışdan əldə olunun vəsait hesabına kredit borcu ödənilməlidir. Satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə yetərli olmadıqda qətnamə ümumi qaydada icra olunmalıdır. Ödənişlər həyata keçirildikdən sonra artıq vəsait qalarsa cavabdehə qaytarılmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 63,3 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2012-ci il tarixli, 10-M-2-0-1610-12 saylı kredit müqaviləsi üzrə 3226,71 manat əsas, 46,45 manat cərimə və kredit müqaviləsinin müddəti bitdiyi xx.xx.2014-cü il tarixindən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 1060,2 manat əldən çıxmış fayda olmaqla, cəmi 4333,36 (dörd min üç yüz otuz üç manat 36 qəpik) manat kredit borcu və dövlət rüsumunun əvəzi olaraq 63,3 manat alınaraq İddiaçı ASC-in xeyrinə ödənilsin. xx.xx.2012-ci il tarixli, 10-M-2-0-1610-12 nömrəli girov saxlanc müqaviləsi üzrə Cavabdeh1 məxsus 1 ədəd 583 əyyarlı, 56,7 qram çəkidə saat qolbağ olan qızıl-zinət əşyası açıq hərracda satılsın və satışdan əldə olunan vəsait hesabına borcu ödənilsin. Satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə yetərli olmadıqda qətnamə ümumi qaydada icra olunsun. Ödənişlər həyata keçirildikdən sonra artıq vəsait qalarsa Cavabdeh1 qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar