Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4862/2023 27.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" KB ASC, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçının xeyrinə əsas borc üzrə 103,45 manat, xidmət haqqına görə 0,40 manat və dövlət rüsumuna görə 30 manat pul vəsaitinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, iddiaçı "xxxx" KB ASC (Bank) ilə Məmmədova Faidə Sabir qızı (borcalan) arasında 4790sKPZ/20 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə, xx.xx.2021-ci il tarixli SMS bildirişə və hesabdan çıxarışa əsasən Bank cavabdehə şəxsi (istehlak) məqsədləri üçün ödəniş kartı ilə illik 36%-lə, 60 ay müddətinə 10000 manatadək kredit ayırmış, kreditin ilkin limiti (albalı plus kartına) 60 aylıq, illik 29%-lə 300 manat məbləğində müəyyən edilmişdir. X1 Sabir qızı xx.xx.2021-ci il tarixdə Gəncə şəhərində “Covid-19 virus” səbəbindən ölmüşdür. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Bankla borcalan arasında bağlanmış kredit müqaviləsinin şərtləri vaxtında və lazımi qaydada yerinə yetirilməmiş, banka olan borc qaytarılmamışdır. Borcalan xx.xx.2021-ci il tarixdə ölmüşdür. Gəncə şəhəri 3 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə Məmmədova Faidə Sabir qızının vərəsəsinin Cavabdeh (cavabdeh) olduğu müəyyən edilmişdir. Cavabdehin Banka 103,45 manat əsas borcu vardır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini bildirmiş, ona görə də mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də cavabdeh qeydiyyatda olduğu ünvanda olmadığından bildirişin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehə təqdim etməsi üçün bildiriş göndərərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə və SMS bildirişə əsasən borcverən müqavilədə qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3.8 və 3.8.1-ci bəndlərinə əsasən “Borcalan” kreditin və onun faizlərinin ödənilməsi dövriliyini ən az iki dəfə beş təqvim günündən çox pozduqda “Bank” bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğinin kreditin verildiyi bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını tələb edə bilər. Həmçinin, tərəflər arasında bağlanmış müqavilənin 8.3-cü bəndinə əsasən “Borcalan” kredit üzrə faizləri bu müqavilədə nəzərdə tutulmuş ödəmə müddətində və qaydada ödəmədikdə, faizlərin gecikdirildiyi hər gün üçün əsas borc məbləğinin qalığına illik 40% miqdarında cərimə tətbiq edilir. İş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli elektron arayışdan və kredit hesabından çıxarışdan görünür ki, cavabdehin 4790sKPZ/20 nömrəli kredit müqaviləsi üzrə Banka 103,45 manat borcu yaranmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 3 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Məmmədova Faidə Sabir qızından miras qalmış əmlaka dair Gəncə şəhəri 3 saylı notariat ofisində vərəsəlik işi açılmış, Cavabdeh vərəsəliyi qəbul etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci tarixdə ölmüş Məmmədova Faidə Sabir qızından vərəsəsi – Cavabdeh miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Bank BTB Gəncə filialının xx.xx.2021-ci il tarixli, GNCF-2021/326 nömrəli məktubuna əsasən ********************6 saylı hesabda yerləşən 3371,20 ABŞ dolları (üç min üç yüz yetmiş bir ABŞ dolları, iyirmi sent) dəyərində qızıl-ziynət əşyalarından ibarətdir. xx.xx.2023-cü il tarixdə cavabdehin ünvanına bildiriş göndərilərək ona borcalanın vərəsəsi müəyyən olunduğu üçün 4790sKPZ/20 nömrəli kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və borcun tam olaraq 5 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Beləliklə, müqavilə üzrə cavabdeh tərəfindən ödəniş vaxtında və lazımi qaydada aparılmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (maddə 1146). Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (maddə 1255). Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar (maddə 1306.1). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, mərhum Məmmədova Faidə Sabir qızının ölümündən sonra cavabdeh onun vərəsəsi kimi tanındığından, hazırda iddiaçının tələb etdiyi məbləğin qəbul edilmiş miras əmlakın dəyərindən yüksək olması cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, iddiaçı, mərhum Məmmədova Faidə Sabir qızının kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş vərəsəsi - Cavabdeh tələb etməkdə haqlıdır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Bankla borcalan arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, iddiaçı öhdəliyini icra etmiş, cavabdeh isə borcalanın hüquqi varisi kimi müqavilə üzrə öhdəliyi lazımi qaydada icra etməmiş, əsas borcu vaxtında ödəməmiş və öhdəliyi pozmuşdur. Müqaviləyə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Həmçinin, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, hazırki iş üzrə cavabdeh isə məhkəməyə iddia tələbini təkzib və borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliyin tələbinə və müqavilə şərtlərinə istinad edərək cavabdehdən əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia əsaslı olduğundan, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi və iddiaçının bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi 0,40 manat əlavə xərcin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 4790sKPZ/20 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 103,45 (bir yüz üç manat qırx beş qəpik) manat əsas borc və ödənilmiş dövlət rüsumunun, bank xidmət haqqının əvəzi kimi 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-4862/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4862/2023
27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver