Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-487/2023 16.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Arıxova Nigar Azər qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 1162,65 manat əsas borc, 1177,74 manat faiz borcu, 2767,72 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 417,6 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 5525,71 manat borcun və 75,26 manat ödənilmiş dövlət rüsumunun tutulması, borcun əvəzinin Cavabdeh1 mülkiyyətindəki 15,7 qram çəkidə qızıl-zinət əşyasına yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh1 30 avqust 2012-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" KB ASC-dən illik 32 faizlə 18 ay müddətinə 4100 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 ilə 30 avqust 2012-ci il tarixli girov saxlanc müqaviləsi bağlanaraq ona məxsus 1 ədəd 15,7 qram çəkidə üzük əşyasını banka girov qoymuş, Cavabdeh2 ilə 30 avqust 2012-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2022-ci ii sentyabr ayının 30-dək Cavabdeh1 banka 30 avqust 2012-ci il tarixli kredit müqaviləsi üzrə 1162,65 manat əsas borc, 1177,74 manat faiz borcu, 5535,43 manat cərimə borcu və kredit müqaviləsi üzrə 28 fevral 2014-cü il tarixindən 30 sentyabr 2022-ci il tarixinədək gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 417,6 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 8293,42 manat olmaqla borcu vardır. Cavabdeh1 banka 30 avqust 2012-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 5535,43 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50% miqdarında olmaqla, yəni 2767,72 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2012-ci il tarixli, 10-M-1-0-1578-12 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) tərəfindən Cavabdeh1 illik 32 faizlə 18 ay müddətinə 4100 manat məbləğində kredit verilmişdir. xx.xx.2012-ci il tarixli, 10-M-1-0-1578-12 saylı kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 krediti hissə-hissə ödəmək şərti ilə xx.xx.2014-cü ilə qədər ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2012-ci il tarixli, 10-M-1-0-1578-12 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 xx.xx.2012-ci il tarixli, 10-M-1-0-1578-12 saylı kredit müqaviləsi üzrə iddiaçı qarşısında borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2012-ci il tarixli, 10-M-1-0-1578-12 saylı girov müqaviləsindən görünür ki, xx.xx.2012-ci il tarixli, 10-M-1-0-1578-12 saylı kredit müqaviləsinin təminatı kimi borclu Cavabdeh1 özünə məxsus olan çəkisi 15,7 qram olan, əyarı 583 olan qızıl-zinət əşyasını "xxxx" İKB ASC-yə (hazırkı İddiaçı ASC) girov qoymuşdur. xx.xx.2012-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 "xxxx" İKB ASC-dən (hazırkı İddiaçı ASC) 4100 manat məbləğində pulu qəbul etmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2012-ci il tarixli, 10-M-1-0-1578-12 saylı kredit müqaviləsi üzrə 1162,65 manat əsas borc, 1177,74 manat faiz borcu, 5535,43 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 417,6 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 8293,42 manat məbləğində borcu qalmışdır; Xəbərdarlıqdan görünür ki, cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir; Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 4100 manat məbləğində kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi tərəflər arasında xx.xx.2012ci il tarixli zaminlik və girov müqaviləsi bağlanaraq Cavabdeh2 borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmçinin girov müqaviləsinə əsasən borclu özünə məxsus qızıl-zinət əşyasını banka girov qoymuşdur. Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, mülki işə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 296.1 maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması olmadıqda girov saxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, dəbbə pulunun məbləği tənasübsüz dərəcədə yüksək olduğundan azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əldən çıxmış fayda formasında illik beş faiz hesabı ilə məbləğin də tutulmasını nəzərə alaraq əlavə olaraq yüksək məbləğdə dəbbə pulunun tətbiq edilməsinin cavabdehin vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 2767,72 manat dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 7,72 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddianın Cavabdeh2 yönəlmiş hissəsini isə əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının son müddəti xx.xx.2014-cü il tarix olmuşdur. Həmin tarixdən iddianın verildiyi vaxtadək bir ildən artıq müddət ötmüşdür. Zaminlik müqaviləsində zaminliyin verildiyi müddət göstərilməmişdir. Müqavilənin 5.1-ci bəndində zaminlik müqaviləsinin kredit müqaviləsi üzrə borclunun həmin müqavilə üzrə öhdəliyini kreditor qarşısında tam icra edənədək qüvvədə olması göstərilsə də bu müddəa qeyri-müəyyən olmaqla tərəflərin hüquq və vəzifələrini tənzimləməyə xidmət etmir. Müddətin anlayışı Mülki Məcəllənin 367-ci maddəsində verilmişdir. Həmin maddəyə əsasən: 367.1. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. 367.2. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. 367.3. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Beləliklə mülki hüquq münasibətlərində müddət əqdlə və ya məhkəmə tərəfindən müəyyən edilə bilər. Müddət konkret zaman vahidi ilə ifadə oluna bilər və ya hökmən baş verməli hadisəyə bağlana bilər. Müddətin müəyyən edilməsinin başqa meyarı yoxdur. Əsas öhdəliyin icra edilməsi hökmən baş verməli hadisə deyildir. Aydındır ki, obyektiv və ya subyektiv səbəblərdən öhdəlik borclu tərəfindən uzun müddət və ya heç vaxt icra olunmaya da bilər. Buna görə də zaminlik müqaviləsində zaminliyin müddətinin əsas öhdəliyin icra edildiyi tarixədək müəyyən edilməsi Mülki Məcəllənin 367-ci maddəsinin tələbinə zidd olduğu üçün etibarsızdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh2 qarşı öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor tərəfindən iddia irəli sürülmədiyi üçün onun zaminliyinə xitam verildiyindən iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2012-ci il tarixli, 10-M-1-0-1578-12 kredit müqaviləsi üzrə 1162,65 manat əsas borc, 1177,74 manat faiz borcu, 7,72 manat cərimə və 417,6 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 2765,71 (iki min yeddi yüz altmış beş manat 71 qəpik) manat tutulmalı, tələb 30 avqust 2012-ci il tarixli girov saxlanc müqaviləsi üzrə Cavabdeh1 məxsus 15,7 qram çəkidə qızıl-zinət əşyasına yönəldilməli, həmin qızıl-zinət əşyası açıq hərracda satılmalı, satışdan əldə olunun vəsait hesabına kredit borcu ödənilməlidir. Satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə yetərli olmadıqda qalan borc cavabdehdən ümumi qaydada tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 47,65 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2012-ci il tarixli, 10-M-1-0-1578-12 nömrəli kredit müqaviləsi üzrə 1162,65 manat əsas borc, 1177,74 manat faiz borcu, 7,72 manat cərimə və 417,6 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 2765,71 (iki min yeddi yüz altmış beş manat 71 qəpik) manat və dövlət rüsumunun əvəzi olaraq 47,65 (qırx yeddi manat 65 qəpik) manat alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutma 30 avqust 2012-ci il tarixli girov saxlanc müqaviləsi üzrə Cavabdeh1 məxsus 15,7 qram çəkidə qızıl-zinət əşyasına yönəldilsin və həmin qızıl-zinət əşyası açıq hərracda satılsın və satışdan əldə olunan vəsait hesabına Cavabdeh1 xx.xx.2012-ci il tarixli, 10-M-1-0-1578-12 nömrəli kredit müqaviləsi üzrə borcu ödənilsin. Satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə yetərli olmadıqda qalan borc cavabdehdən ümumi qaydada tutulsun. Ödənişlər həyata keçirildikdən sonra artıq vəsait qalarsa Cavabdeh1 qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(125)-487/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-487/2023
16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver