Məhkəmə qərarları › İş №2(125)-487/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-487/2024

06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-487/2024 06.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh iddiaçının xeyrinə əsas borc üzrə 2040 manat, faiz borcu üzrə 501 manat, ümumilikdə 2541 manat borc pulun və ödənilmiş 46 manat dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, tərəflər arasında xx.xx.2015-ci il tarixdə İmei kodu müvafiq olaraq **********21630 və **********76283 olan iki ədəd İphone 6 markalı telefonun nisyə alğı-satqısı barədə 1215-14 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ödəniş cədvəlinə əsasən ümumi dəyəri 2090 manat olan əşyalar 24 faiz dərəcəsi ilə 24 ay müddətinə hər ay 110,50 manat ödəmək şərti ilə satılmışdır. Ödəniş cədvəlinə görə cavabdeh xx.xx.2017-ci il tarixinədək (həmin tarix də daxil olmaqla) hər ay 110,50 manat ödəməli idi. Əşyaların cavabdehə təhvil verilməsi mübahisəsizdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29 dekabr 2015-ci il tarixli 1215-14 №-li alqısatqı müqaviləsinə əsasən iddiaçı ümumi dəyəri 2040 manat olan 2 ədəd yeni İphone 6 modeli olan cavabdehə satmışdır. Müqavilə üzrə malın ödənişi müqavilənin 1 saylı əlavəsinə "Ödəniş cədvəlinə" uyğun olaraq 24 % vurularaq bərabər hissələrlə 24 aya həyata keçirilməsi nəzərdə tutulmuşdur. Müqavilənin ödəniş sənədlərinə əsasən cavabdeh əsas məbləğdən 50 manat, faiz borcundan 30 manat ödəniş etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli son ödənişinə və xx.xx.2023-cü il tarixli maliyyə arayışa əsasən cavabdehin müqavilə üzrə 2040 manat əsas borcu, faizlər üzrə 501 manat borcu, ümumilikdə isə 2541 manat borcu yaranmışdır. Dəfələrlə cavabdehdən öz öhdəliklərini lazımınca yerinə yetirilməsini və borcların vaxtlı-vaxtında ödənilməsi tələb edilsə də cavabdeh hər dəfə müxtəlif bəhanələrlə yaranmış borcunu ödəməmişdir. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş hazırki iddia ərizəsi üzrə cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilməklə prosessual hüquq və vəzifələrinin izahı barədə məhkəmə bildirişi göndərilmişdir. İş üzrə zərurət yarandığından, Gəncə Şəhər Məhkəməsinin 2(125)-7528/2023 nömrəli, 29 dekabr 2023-cü il tarixli qərardadına əsasən mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə cəmi 1 dəfə ödəniş etsə də, sonradan ödənişlər edə bilmədiyi üçün yenidən qrafik açılmışdır ki, ödəyə bilsin. İlk dəfə krediti 2013-cü ildə götürmüş, 2015-ci ildə isə müqavilə yenilənmişdir. Məhkəmənin hazırlıq iclasında cavabdeh məhkəməyə ərizə təqdim edərək qeyd etdi ki, onunla iddiaçı MMC arasında alqı-satqı müqaviləsi iddiaçı MMC-nin iddia ərizəsində qeyd etdiyi tarixdə deyil, xx.xx.2015-ci il tarixində imzalanmışdır və xx.xx.2016-cı il tarixinə qədər tam ödənilərək bitmişdir. xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. Həmin müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddəti xx.xx.2019-cu il tarixdə bitdiyindən, iddia müddəti ötürülmüşdür. Müqavilə üzrə borcunu tam olaraq ödəmişdir, həmin çekləri də 8-9 il keçməsinə baxmayaraq özündə saxlamışdır, borcunu tam olaraq ödədikdən sonra xaricə getmişdir. Odur ki, cavabdeh, iddia müddəti tətbiq edilməklə iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Bununla belə, cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, cavabdehin izahını və ərizəsini, habelə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halına görə tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə görə satıcı müqavilədə göstərilən əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı əşyanı qəbul etməyi və borcu ödəniş cədvəlinə əsasən zamanında ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən alıcı bu müqavilə üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə müqaviləni birtərəfli qaydada ləğv edir və borcun vaxtından əvvəl qaytarılmasını tələb edir. Müqavilənin 2-ci bəndinə görə müqaviləyə əsasən ödəniş qrafik anunitet üzrə aparıldığına əsasən alıcı vaxtlı-vaxtında ödəmədiyi halda əsas məbləğin üstünə cərimə faizləri hesablanır (hər gecikən günə əsas məbləğin üstünə 0,1 faiz). Sözügedən müqavilənin 5-ci bəndinə əsasən bu müqavilə üzrə 10 (on) gündən 90 (doxsan) günədək gecikdirilmiş borca görə, alıcı hər gecikdirilən gün üçün gecikdirilmiş borcun (əsas məbləğin) 0,2 faizi məbləğində cərimə ödəyir. Ödəniş gecikdirilməsi 60 günü keçdikdə satıcı qanunvericiliyə uyğun tədbirlər görmək hüququna malikdir. İddia tələbinə, iddiaçının verdiyi xx.xx.2023-cü il tarixli maliyyə arayışlarına, müqaviləyə və ödəniş cədvəlinə görə cavabdeh xx.xx.2022-ci il tarixdə əsas borcundan 50 manat, faiz borcundan isə 30 manat ödəniş etmiş, cavabdehin sözügedən müqavilə üzrə borcu isə - əsas məbləğ üzrə 2040 manat, faizlər üzrə 501 manat olmaqla, cəmi 2541 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1). Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir (maddə 601.2). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq xx.xx.2015-ci il tarixli nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mallar cavabdehə təhvil verilmiş, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. Cavabdehin iddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcu və hesablanmış faiz məbləğini tələb etmişdir. Başqa sözlə, cavabdeh aralarındakı müqavilənin xx.xx.2015-ci il tarixdə deyil, xx.xx.2015-ci il tarixdə bir il müddətinə imzalandığını və həmin müqavilə üzrə borcunu tam olaraq ödədiyini bildirsə də bu halları təsdiq edən hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllə müəyyən edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2-ci maddə). Həmçinin, MPM-ə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (77.1, 217.3 və 217.4-cü maddələr). Lakin, iş materiallarına əlavə edilən cavabdehin məhkəməyə ünvanladığı ərizədən görünür ki, o, iddia müddətinin keçməsinin nəzərə alınaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2- ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçının iddia ərizəsində istinad etdiyi, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə başa çatmışdır. Belə olan halda, həmin müqavilə üzrə iddia müddətinin axımı da xx.xx.2017-ci tarixdən başlanmışdır. İşin materiallarından görünür ki, iddiaçının mövcud iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia müddətinin axımının xx.xx.2017-ci il tarixdən hesablanmağa başlaması nəzərə alındıqda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən tələb üçün qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddia tələbi təmin edilməməlidir. Məhkəmə, cavabdehin xx.xx.2022-ci il tarixdə ödəniş etməsi nəzərə alınaraq iddia müddətinin axımının həmin vaxtdan hesablanması barədə iddiaçının mövqeyinə münasibət bildirərək qeyd edir ki, əvvəla həmin məbləğin məhz cavabdeh tərəfindən ödənildiyini təsdiq edən sübut iş materiallarına əlavə edilməmişdir. Digər tərəfdən, bu hal sübut olunmuş olsa idi belə, qeyd edilməlidir ki, hazırkı tələb üzrə iddia müddəti xx.xx.2020-ci il tarixdə başa çatmışdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki mülki iş üzrə iddia təmin olunmadığına görə, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar