Məhkəmə qərarları › İş №2(125)-4873/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4873/2023

11.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4873/2023 11.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı 03 iyun 2021-ci il tarixli, 1990sKPZ/21 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.291 manat 70 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 315 manat 96 qəpik, cərimə qismində 58 manat 56 qəpik, cəmi 1.666 manat 22 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 37 manat 7 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. "xxxx" X1 Səhmdar Cəmiyyəti iddia ərizəsində göstərmişdir ki, "xxxx" X1 səhmdar cəmiyyəti ilə Cavabdeh arasında 03 iyun 2021-ci il tarixdə bağlanmış 241nkGNDJ/22 saylı kredit müqaviləsinə əsasən iddiaçı ən çoxu 120 ay müddətinə, illik faiz dərəcəsi 35 faizədək olmaq şərti ilə 15.000 məbləğədək krediti, kredit prosedurlarına görə 5 faiz (minimum 20 manat) məbləğədək, kredit müraciəti üçün 4 manat komisyon haqqı tutmaqla cavabdehə verir. İddiaçı tərəfindən cavabdehin cari hesabına 03 iyun 2021-ci il tarixdə illik 27 faiz, 24 ay müddətinə, 2.300 manat məbləğində kredit köçürülmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 28 aprel 2023-cü il tarixə "xxxx" Kommersiya Bankı ASC-yə 1.291 manat 70 qəpik əsas, 315 manat 96 qəpik faiz, 58 manat 56 qəpik cərimə olmaqla, cəmi 1.666 manat 22 qəpik borcu yaranmışdır. Sonda "xxxx" Kommersiya Bankı ASC iddianın təmin olunması barədə qətrnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. 10 avqust 2023-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi T.İ.Piriyeva mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 03 iyun 2021-ci il tarixli, 241nkGNDJ/22 saylı kredit müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə əsasən: «Borcverən» ən çoxu 120 ay müddətinə, illik faiz dərəcəsi 35 faizdək olmaq şərtilə, 20.000 manatdək məbləğdə krediti, kredit prosedurlarına görə 5% (minimum 20 manat) məbləğədək, kredit müraciəti üçün 4 manat komisyon haqqı tutulmaqla «Borcalan»a verə bilər. «Borcalan»ın bankda qeydiyyatda olan mobil telefon nömrəsindən ona təqdim edilmiş ödəniş kartının son 6 rəqəmini sms vasitəsi ilə «Borcverən»in 8117 qısa nömrəsinə yazıb göndərir. Bundan sonra «Borcverən» «Borcalan»ın mobil telefon nömrəsinə təklif edilən kreditin dəqiq məbləği, illik faiz dərəcəsi, müddəti və aylıq ödənişin məbləği, əlavə kreditin verilməsi ilə əlaqədar kredit prosedurlarına və nağd pulun çıxarılmasına görə komisyon haqların məbləği, həmçinin «Borcalan»ın razılığını ifadə etməsi üçün hansı sözdən istifadə etməsi göstərilməklə təklif sms-i göndərir. «Borcalan»ın həmin sms-ə cavab olaraq, öz mobil telefon nömrəsindən «Borcverən»in qısa telefon nömrəsinə onun razılığını bildirən məzmunda sms yazıb göndərməsi kredit məbləğinin «Borcalan»ın cari hesabına köçürülməsi üçün onun tapşırığı kimi qəbul olunur və «Borcverən» həmin sms-i qəbul etdiyi andan 1 iş günü ərzində kredit məbləğini «Borcalan»ın cari hesabına köçürür. İşdə olan SMS məlumatlara dair elektron portaldan çıxarışdan və hesab üzrə çıxarışdan görünür ki, Cavabdeh SMS sifarişi ilə 2.400 manat məbləğində pul vəsaiti 24 ay müddətində qaytarmaq və illik 27 faiz borcu hesablanmaq şərti ilə ona məxsus bank hesabına köçürülmüşdür. İş materiallarında olan "xxxx" Kommersiya Bankı ASC-nin 28 aprel 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh ilə "xxxx" Kommersiya Bankı ASC arasında bağlanmış 03 iyun 2021-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh borcu əsas borc qismində 1.291 manat 70 qəpik, 28 aprel 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 315 manat 96 qəpik, cərimə qismində 58 manat 56 qəpik, cəmi 1.666 manat 22 qəpik məbləğində təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh "xxxx" Kommersiya Bankı ASC ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 1.291 manat 70 qəpik, 28 aprel 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 315 manat 96 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, 58 manat 56 qəpik təşkil edən cərimə məbləğinin 10 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh 03 iyun 2021-ci il tarixli, 1990sKPZ/21 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 1.291 manat 70 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 315 manat 96 qəpik, cərimə qismində 10 manat, cəmi 1.617 manat 66 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə ərizə verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 37 manat 7 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" X1 Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə 03 iyun 2021-ci il tarixli, 241nkGNDJ/22 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.291 (bir min iki yüz doxsan bir) manat 70 (yetmiş) qəpik, 28 aprel 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 315 (üç yüz on beş) manat 96 (doxsan altı) qəpik, cərimə qismində 10 (on) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 37 (otuz yeddi) manat 7 (yeddi) qəpik, cəmi 1.654 (bir min altı yüz əlli dörd) manat 73 (yetmiş üç) qəpik məbləğində pul vəsaiti tutulsun. "xxxx" X1 Səhmdar Cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar