Məhkəmə qərarları › İş №2(125)-4873/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4873/2025

28.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4873/2025 28.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş ziyana görə avtomobilinin təmir xərci olan 4240 manat pulun, 51 manat vəkil xidmət haqqının və 63 manat dövlət rüsumunun cavabdehdən alınıb ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə, saat 22 radələrində Cavabdeh idarə etdiyi "Mersedes Benz" markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən ona məxsus olan “VAZ 21061” markalı, ** BB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə toqquşmuş, nəticədə ona maddi ziyan dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar Cavabdeh Gəncə şəhər BPİ-nin xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər BPİ-nin DYPŞ-yə göndərilmişdir. Gəncə şəhər Avtoservis müəssisəsindən alınmış rəydən görünür ki, avtomobilinin zədələnməsi nəticəsində ona 4240 manat ziyan dəymişdir. Hazırda cavabdehdən ona vurulmuş ziyanı tələb etməsinə baxmayaraq, cavabdeh həmin ziyanı ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib, “VAZ 21061” markalı, ** BB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin özünə məxsus olduğunu, hadisə zamanıisə oğlunun idarə etdiyini göstərərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarında olan:- BD461005 nömrəli, xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21061” minik markalı, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Gəncə Şəhər BPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Rəşad Salahov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, yol-nəqliyyat hadisəsi faktı əsasında toplanmış materialda sürücü Cavabdeh və X2 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh barəsində İXM-nin 334.3-cü maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün Gəncə şəhər BPİ-nin DYPŞ-yə göndərilmişdir. Həmin qərarda göstərilmişdir ki, aparılmış araşdırma zamanı Cavabdeh orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində və sürücülük hüququ olmadan idarə etdiyi “Mercedes Benz” minik markalı, **-CZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə X1 idarə etdiyi “VAZ-21061” minik markalı, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmaqla yol-nəqliyyat hadisəsi törətdiyi müəyyən olunmuşdur. xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. “Avtomotoservis və Ticarət” Gəncə müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli qüsur aktından görünür ki, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı, “VAZ-21061” markalı avtomobilə dəymiş zərərin məbləği 4240 manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən cəlb olunmuş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, CVN/O 78-442/25 nömrəli mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus “VAZ- 21061” markalı, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş ziyanın məbləği 1745 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Gəncə Regional Vəkil Bürosunun hesabına 50 manat məbləğində pul ödənilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, işdə olan sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-in 1108.1-ci maddəsinə əsasən «Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur». Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya məxsus “VAZ-21061” markalı, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 1745 manat məbləğində zərər dəymiş, cavabdeh öz təqsirli hərəkətləri nəticəsində vurulmuş zərəri aradan qaldırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 1745 manat pul və hüquqi yardıma görə ödənilmiş 50 manat alınaraq İddiaçı verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 37,45 manat dövlət rüsumu və iş üzrə mütəxəssis rəyinin verilməsi üçün 200 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi olaraq 1745 (bir min yeddi yüz qırx beş) manat pul, hüquqi yardıma görə ödənilmiş 50 manat və 37,45 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İş üzrə mütəxəssis rəyinin verilməsi üçün 200 manat xidmət haqqı Cavabdeh tutularaq VÖEN: **********, Bank: "xxxx" ASC Nərimanov filialı, Bank VÖEN-i: **********, M.h: AZ03NABZ********************, H.h: AZ471BAZ********************, Kod: 805711, SWİFT: İBAZAZ2X hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar