Məhkəmə qərarları › İş №2(125)-4883/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4883/2024

25.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4883/2024 25.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə2, Cavabdeh, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-1012/2021 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 500 manat sabit pul məbləğində alimentin və ödənilmiş mediasiya xərcinin əvəzi qismində 55 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə2 iddianı müdafiə edərək bildirdi ki, İddiaçı Cavabdeh ilə xx.xx.2010-cu il tarixində nikahlarını qeydə aldırmaqla ailə qurmuşdur. Onların birgə nikahlarından xx.xx.2011-ci il tarixdə X4 adlı 1 uşaqları anadan olmuşdur. İddiaçı və Cavabdeh arasında olan ailə münasibətləri pozulmuş, ona görə də Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi əsasında tərəflər arasında olan nikah pozulmuş və birgə nikahdan anadan olmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 80 manat sabit pul məbləğində alimentin iddiaçının xeyirinə tutulması qət edilmişdir. Bundan sonra İddiaçı 2021-ci il tarixdə alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-1012/2021 nömrəli qətnaməsi ilə iddiası qismən təmin edilmiş, birgə nikahlarından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 125 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması qət edilmişdir. Lakin hazırda həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği uşağın saxlanmasına kifayət etmir. Belə ki, uşağın yaşı artdıqca tələbatları, eləcə də geyim, yemək, əyləncə o cümlədən təhsil xərcləri artmışdır. Bununla yanaşı İddiaçı heç bir yerdə işləmir və maddi gəliri yoxdur. Cavabdeh isə aliment ödənişlərindən başqa, ona hər hansı maddi köməklik göstərmir. Sonda iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə2 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, yenidən nikaha daxil olmuşdur və himayəsində 2 azyaşlı uşağı vardır. Bundan başqa, o, 2ci dəfə nikaha girmiş, ikinci həyat yoldaşı xəstədir və yeni əməliyyat olunduğundan onun əməliyyat xərclərinə də görə xeyli maddi vəsait lazım olmuşdur. Onun özü və arvadı onkoloji xəstədir. Onun maddi imkanı zəifdir və gəliri aşağıdır. O, "xxxx" ASC-də fəhlə işləyir və 450-490 manat arası aylıq əmək haqqı alır. O, ata kimi məsuliyyətini, vəzifələrini dərk etsə də əlavə maddi kömək etməyə və ya daha yüksək aliment ödəməyə maddi imkanı yol vermir. Sonda Cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh onun oğludur. O, özü Gəncə şəhərində yerləşən və «Dəmiryol» xəstəxanası kimi tanınan xəstəxanada süpürgəçi işləyir. Cavabdeh yenidən nikaha girmiş və həmin nikahdan da 2 azyaşlı uşağı vardır. O nənə kimi azyaşlı Sevincin daha yaxşı şəraitdə yaşamasını istəyir. Lakin Cavabdeh və arvadı onkoloji xəstəlikdən əziyyət çəkdiyinə görə ailənin əldə etdiyi qazancın əsas hissəsi müalicəyə sərf olunur. Buna görə də Cavabdeh öz ailəsinin maddi ehtiyaclarını belə qarşılmaqda çətinlik çəkir. Sonda Nümayəndə1 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(125)-1012/2021 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(043)-2153/2013 nömrəli qətnaməsi ilə xx.xx.2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 80 manat məbləğində müəyyən edilmiş alimentin miqdarı artırılaraq, 125 manat məbləğində müəyyən edilmişdir. İşdə olan AZ-İ seriyalı, 924902 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X6 arasında olan nikah xx.xx.2013-cü il tarixdə 02 akt qeyd nömrəsi ilə Gəncə «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsində qeydə aldırmışlar. İş materiallarında olan AZE seriyalı 11355271 nömrəli və 12845808 nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 atası Cavabdeh, anası isə Röyalə Hüseynovadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Bundan başqa, həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2024-cü ildə yaşayış minimumu haqqında» 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2021-ci ildə yaşayış minimumu haqqında» 29 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2021-ci ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə tərəflərin maddi vəziyyətini, tərəflərin birgə nikahlarından doğulmuş uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini, həmin uşağın mənafeyini və aliment qət edildikdən sonra ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artmasını, cavabdehin maddi və sağlamlıq vəziyyətini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-1012/2021 nömrəli ilə tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 180 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa, məhkəmə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-1012/2021 nömrəli qətnaməsindən keçən dövr ərzində ölkə üzrə yaşayış minimumundakı artım məbləğini əsas gətirərək hesab edir ki, yaşayış minimumunun artması iddiaçının maddi vəziyyətindəki dəyişiklik kimi qiymətləndirilməlidir. Belə ki, qətnamə ilə müəyyən edilmiş aliment məbləği dəyişmədiyi halda malların və xidmətlərin qiymətinin qalxması həmin aliment məbləği ilə uşağın maddi təminatının əvvəlki səviyyəsinin saxlanmasının mümkün olmadığını göstərir. Digər tərəfdən mülki işin məhkəmə iclasında müəyyən olunmuş hallarından görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(125)-1012/2021 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş bir uşağın saxlanılması üçün Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmiş alimentin məbləği 2021-ci ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu olan 175 manat məbləğində pul vəsaitinin 71,4 faizi həddində, yəni 125 manat olmuş, 2024-cü ildə ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu hazırki tarixədək ötən müddət ərzində artmış, 2024-cü ildə 235 manat müəyyən edilmişdir və 235 manat məbləğində pul vəsaitinin 71,4 faiz hissəsi 168 manat təşkil edir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə görə «Mediasiya prosesinin tətbiqi barədə müqavilə»də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya «mediasiya prosesinin tətbiqi barədə müqavilə»nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, ödənilmiş mediasiya xərcinin əvəzi qismində 55 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-1012/2021 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh ödənilmiş mediasiya xərcinin əvəzi qismində 55 (əlli beş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar