Məhkəmə qərarları › İş №2(125)-4885/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4885/2024

23.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4885/2024 23.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı və etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən birgə nikahlarından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün bir uşağa görə 250 manat, iki uşağın saxlanmasına görə hər ay 500 manat sabit pul məbləğində aliment alınaraq onu verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə birgə nikahlarından xx.xx.2014-cü ildə Emin və xx.xx.2016-cı ildə Səməngül adlı uşaqları anadan olmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən uşaqların saxlanılması üçün hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat məbləğində aliment kəsilmişdir. Həmin məbləğ uşaqların saxlanılması üçün kifayət deyildir. Uşaqlar böyümüş və tələbatları artmışdır. Qiymətlər bahalaşdığından uşaqların saxlanılmasında çətinlik çəkir. Cavabdeh Rusiyada ticarətlə məşğul olmaqla gəliri yaxşıdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddiaçı ilə eyni məzmunda çıxış edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-204/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, tərəflər arasında xx.xx.2013-cü il tarixdə 452 nömrə ilə qeydə alınmış nikahın pozulması və tərəflərin birgə nikahlarından doğulmuş azyaşlılar Emin və Səməngülün anaları İddiaçı yanında qalmaları qət edilmişdir. AZ-İ 273490 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin nikahları xx.xx.2017-ci ildə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində pozulmuşdur. Vİİ-MYU 608042 nömrəli və V-İK 619987 nömrəli doğum haqqında şəhadətnamələrin tərcümələrinin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü ildə Emin və xx.xx.2016-cı ildə Səməngül adlı uşaqları anadan olmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-4057/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(043)-8065/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hər ay hər uşağa 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, Cavabdeh hər uşağa 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli, MŞG/1/MT007/2024-01433 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü ildə saat 10:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmiş, 55 manat mediasiya xərcini İddiaçı tam ödəmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra - AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, iddiaçı aliment təyin olunandan sonra uşaqların böyüyərək tələbatının artmasını əsas gətirib alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 250 manat müəyyən edilməsini tələb etmişdir. «X2» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçı tərəfindən cavabdehin gəlirləri barədə sübut təqdim etməməsini, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 235 manat müəyyən edilməsini, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, alimentin məbləğinin qismən artırılaraq hər ay hər uşaq üçün 200 (iki yüz) manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, hazırki iş üzrə ödənilməmiş 38 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2014-cü ildə anadan olmuş X4 və xx.xx.2016-cı ildə anadan olmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-4057/2018 nömrəli qətnaməsi əsasında hər uşağa görə tutulan 125 manat alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh alınıb İddiaçı verilsin. Cavabdeh dövlət rüsumu hesabına 38 manat alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar