Məhkəmə qərarları › İş №2(125)-489/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-489/2024

12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-489/2024 12.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi iddiaçının nümayəndəsi X1 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC Cavabdeh qarşı xx.xx.2019-cu il tarixli, 033-19 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 240 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 74 manat 51 qəpik, cərimə qismində 42 manat 96 qəpik, xx.xx.2019-cu il tarixli, 041-19 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.290 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 427 manat 87 qəpik, cərimə qismində 220 manat 78 qəpik, xx.xx.2019-cu il tarixli, 046-19 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 515 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 168 manat 91 qəpik, cərimə qismində 92 manat 19 qəpik, cəmi 3.072 manat 22 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 51 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək bildirdi ki, cavabdeh Express TTS» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı xx.xx.2019-cu il tarixli, 033-19 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 420 manat olan «Samsung A10» markalı mobil telefonu nisyə almışdır. Müqavilə üzrə malın ödənişi müqavilənin 1 saylı əlavəsinə uyğun olaraq 36 faiz bərabər hissələrlə 12 aya həyata keçirilməsi nəzərdə tutulmuşdur. Müqavilənin ödəniş sənədlərinə əsasən cavabdeh əsas məbləğdən 80 manat, faiz borcundan 16 manat ödəniş etmişdir. xx.xx.2019-cu il tarixli, 041-19 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 1.400 manat olan «Samsung Note 9» markalı mobil telefonu nisyə almışdır. Müqavilə üzrə malın ödənişi müqavilənin 1 saylı əlavəsinə uyğun olaraq 36 faiz bərabər hissələrlə 12 aya həyata keçirilməsi nəzərdə tutulmuşdur. Müqavilənin ödəniş sənədlərinə əsasən cavabdeh əsas məbləğdən 110 manat, faiz borcundan 40 manat ödəniş etmişdir. xx.xx.2019-cu il tarixli, 046-19 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 550 manat olan «Samsung A40» markalı mobil telefonu nisyə almışdır. Müqavilə üzrə malın ödənişi müqavilənin 1 saylı əlavəsinə uyğun olaraq 36 faiz bərabər hissələrlə 12 aya həyata keçirilməsi nəzərdə tutulmuşdur. Müqavilənin ödəniş sənədlərinə əsasən cavabdeh əsas məbləğdən 35 manat, faiz borcundan 20 manat ödəniş etmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin hər üç müqavilə üzrə borcu cəmi 3.072 manat 22 qəpik təşkil edir. Cavabdehə mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, Cavabdeh müqavilələr ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2019-cu il tarixli, 033-19 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən 12 ay ərzində ödəmələr 36 faizə vurularaq bərabər hissələrlə, hissə-hissə ödəmək şərtilə «Samsung A10» markalı mobil telefonu 420 manat məbləğinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən almışdır. İş materiallrında olan xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, zamin X3 "xxxx" MMC qarşısında xx.xx.2019-cu il tarixli, 033-19 nömrəli nömrəli müqavilə üzrə borclu Cavabdeh eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan xx.xx.2019-cu il tarixli, 033-19 nömrəli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh borcu əsas borc qismində 320 manat, faiz borcu qismində 65 manat 77 qəpik, cəmi 385 manat 77 qəpik təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 041-19 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən 12 ay ərzində ödəmələr 36 faizə vurularaq bərabər hissələrlə, hissə-hissə ödəmək şərtilə «Samsung Note 9» markalı mobil telefonu 1.400 manat məbləğinə "xxxx" MMC-dən almışdır. İşdə olan xx.xx.2019-cu il tarixli, 041-19 nömrəli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh borcu əsas borc qismində 1.400 manat, faiz borcu qismində 287 manat 76 qəpik, cəmi 1.687 manat 76 qəpik təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 046-19 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən 12 ay ərzində ödəmələr 36 faizə vurularaq bərabər hissələrlə, hissə-hissə ödəmək şərtilə «Samsung A40» markalı mobil telefonu 550 manat məbləğinə "xxxx" MMC-dən almışdır. İşdə olan xx.xx.2019-cu il tarixli, 046-19 nömrəli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh borcu əsas borc qismində 550 manat, faiz borcu qismində 113 manat 05 qəpik, cəmi 663 manat 05 qəpik təşkil edir. Mülki işdə olan Cavabdeh "xxxx" MMC-yə borcu barədə xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh hazırda iddiaçıya olan borcu xx.xx.2019-cu il tarixli, 033-19 nömrəli müqavilə üzrə 357 manat 47 qəpik, xx.xx.2019-cu il tarixli, 041-19 nömrəli müqavilə üzrə 1.938 manat 65 qəpik və xx.xx.2019-cu il tarixli, 046- 19 nömrəli müqavilə üzrə 776 manat 10 qəpik, cəmi 3.072 manat 22 qəpik təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, xx.xx.2019-cu il tarixli, 033- 19 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 240 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 74 manat 51 qəpik, cərimə qismində 42 manat 96 qəpik, xx.xx.2019-cu il tarixli, 041-19 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.290 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 427 manat 87 qəpik, cərimə qismində 220 manat 78 qəpik, xx.xx.2019-cu il tarixli, 046-19 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 515 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 168 manat 91 qəpik, cərimə qismində 92 manat 19 qəpik, cəmi 3.072 manat 22 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 51 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 25 iyul 2019-cu il tarixli, 033-19 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 240 (iki yüz qırx) manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 74 (yetmiş dörd) manat 51 (əlli bir) qəpik, cərimə qismində 42 (qırx iki) manat 96 (doxsan altı) qəpik, 14 sentyabr 2019-cu il tarixli, 041-19 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.290 (bir min iki yüz doxsan) manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 427 (dörd yüz iyirmi yeddi) manat 87 (səksən yeddi) qəpik, cərimə qismində 220 (iki yüz iyirmi) manat 78 (yetmiş səkkiz) qəpik, 22 oktyabr 2019-cu il tarixli, 046-19 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 515 (beş yüz on beş) manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 168 (bir yüz altmış səkkiz) manat 91 (doxsan bir) qəpik, cərimə qismində 92 (doxsan iki) manat 19 (on doqquz) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 51 (əlli bir) manat, cəmi 3.123 (üç min bir yüz iyirmi üç) manat 22 (iyirmi iki) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar