Məhkəmə qərarları › İş №2(125)-49/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-49/2024

02.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-49/2024 02.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlaka dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmədə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlaka dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Təcrübə zavod “A/Story” qəsəbəsi, 3 mərtəbəli, ev 27, 28 nömrəli mənzilə vurulmuş zərərin əvəzi qismində 6500 manat pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, Təcrübə zavod “A/Story” qəsəbəsi, 3 mərtəbəli, ev 27, mənzil 28 daşınmaz əmlak tərəfindən verilmiş MA xx.xx.2019-cu il tarixli çıxarış əsasında İddiaçı mülkiyyətindədir. O, Gəncə Şəhər Baş Polis İdarəsinin polis əməkdaşıdır. Eyni zamanda 2-ci Qarabağ Müharibəsi iştirakçısı olmuş və X6 Əliyev tərəfindən 2 medalla tətlif edilmişdir. Ona məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Təcrübə zavod “A/Story” qəsəbəsi, 3 mərtəbəli, ev 27, 28 nömrəli mənzildə xalası X3 yaşayır. Üst qonşu tərəfindən dəfələrlə ona məxsus olan mənzilə su axmış, bu problemin aradan qalxması məqsədi ilə Cavabdeh adlı qonşu ilə bu barədə danışmış, dəfələrlə ondan xahiş etmişdir ki, ona məxsus olan mənzilə maddi zərərin vurulmasını dayandırsın. Buna baxmayaraq o, aralarında olan söhbətlərə məhəl qoymamış və nəticə olaraq ona məxsus mənzilin hamam və mətbəxin divarlarına və döşəmələrinə çox su axıb. Bunu görərkən xalası Aybəniz Hətəmovadan xahiş etmişdir ki, o, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə şikayətlə müraciət etsin. O, ilkin olaraq Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsinə müraciət etmiş, ona cavab olaraq məhkəmə orqanlarına müraciət edilməsi tövsiyyə edilmişdir. Bundan sonra o, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə şikayətlə müraciət etmiş, ona görə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi əməkdaşları tərəfindən Gəncə şəhəri, Kəpəz rayonu, Təcrübə zavod “A/Story” qəsəbəsi, 3 mərtəbəli, ev 27, 28 nömrəli mənzilə baxış keçirilmiş və rəsmi qaydada cavab olaraq, baxış zamanı binanın 2-ci mərtəbəsindən 1-ci mərtəbəyə suyun axılmasının məlum olduğu, həmin nöqsanların aradan qaldırılması onların səlahiyyətində olmadığı üçün nöqsanların aradan qaldırılması məqsədi ilə müvafiq qurumlara müraciət edilməsi tövsiyə edilmişdir. Onun mənzili su axıntısından əvvəl təmirli olmuş, lakin tam əsaslı təmirli mənzilə üst qonşunun mənzilindən suyun axması nəticəsində onun mənzili sıradan çıxmışdır. Cavabdeh üst qonşusudur, yaşadığı binanın 30 nömrəli mənzilində yaşayır. Cavabdeh müraciət etməsinə baxmayaraq o, buna məhəl qoymur. Həmin mənzilin təmiri üçün minimum 6000-7000 manat məbləğində pul xərcləmək lazımdır. Onun isə hər dəfə qonşunun məsuliyyətsizliyinə görə pul xərcləməyə imkanı yoxdur. Qonşunun səhvinə görə onun mülkiyyət hüququ pozulur. Mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Təcrübə zavod “A/Story” qəsəbəsi, 3 mərtəbəli, ev 27, 28 nömrəli mənzilin yuxarı mərtəbəsində yerləşən cavabdehin istifadəsində olan 30 saylı mənzildən suyun sızması nəticəsində onun mülkiyyət hüququ pozulmuş və ona maddi ziyan dəymiş, bu səbəbdən də o, məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmədə İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iddianı müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İzahatında nümayəndə onu da qeyd etmişdir ki, hazırda cavabdehin mənzilindən iddiaçının mənzilinə su axmır. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, iddianı əsassız hesab edir və qeyd etmək istəyir ki, iddiaçı öz evini təmir etdirmək məqsədilə usta işlətmiş, həmin vaxt ustaların məsuliyyətsizliyindən onun evinə, o cümlədən hamamına zərər dəymiş, hamamın kafelləri çatlayaraq aralanmışdır. O, iddiaçıdan onun evinə vurduqları zərəri təmir etdirməsini tələb etsə də, iddiaçı ustaların məsuliyyətsizliyi nəticəsində dağılmış divarları təmir etdirmək istəməmişdir. Nəticədə hamamdan aşağıya su sızmışdır. Onun heç bir günahı olmamış, əksinə iddiaçının özünün məsuliyyətsizliyi ucbatından bu vəziyyət yaranmışdır. Buna görə də, iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 38.3 kv.m olan mənzil İddiaçı adına tam mülkiyyət hüququ ilə qeydə alınmışdır. Qeyd edilən sənədə istinad etməklə məhkəmə göstərir ki, İddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüququ olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/8063 nömrəli rəyindən görünür ki, iddiaçıya məxsus 28 saylı mənzilin binanın 1-ci mərtəbəsində, cavabdehə məxsus 30 saylı mənzilin isə 28 saylı mənzilin üstündə 2-ci mərtəbədə yerləşdiyini, 28 saylı mənzilin yardımçı tikililərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu nəzərə alaraq, Gəncə şəhəri, Kəpəz rayonu, Təcrübə zavod «A/Story» qəsəbəsi, 27 saylı evin 28 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 30 saylı mənzildən su axıdılığı və nəticədə 28 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 28 saylı mənzilə su sızması 30 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 30 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Su sızma nəticəsində, Gəncə şəhəri, Kəpəz rayonu, Təcrübə zavod «A/Story» qəsəbəsi, 27 saylı evin 28 saylı mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 916,0 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/4244 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 28 saylı mənzilin tikililərin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin baxış zamanı aparılmış eksperimentin nəticələrini nəzərə alaraq, Gəncə şəhəri, Kəpəz rayonu, Təcrübə zavod “A/Story” qəsəbəsində yerləşən 27 saylı evin, 28 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 30 saylı mənzilin sanitar-qovşağının divar və döşəməsinə vurulmuş kafel-metlağın birləşmə yerlərindən, eyni zamanda kanalizasiya xətlərindən su axdığı müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Təcrübə zavod “A/Story” qəsəbəsi, 3 mərtəbəli, 27 saylı evin, 30 saylı mənzilinin sanitar-qovşağının döşəməsində yaranan qüsurlar, Gəncə şəhəri, Kəpəz rayonu, Təcrübə zavod “A/Story” qəsəbəsi, 3 mərtəbəli, 27 saylı evin, 28 saylı mənzilində aparılan təmir işləri zamanı, həmin mənzilin hamam tikilisinin tavanında yerinə yetirilmiş söküntü işləri nəticəsində yarana bilər. Məhkəmə baxışı zamanı mübahisəli mənzillərə tərəflərin iştirakı ilə baxış keçirilmiş və həqiqətən də müşahidə edilmişdir ki, iddiaçının mülkiyyətində olan mənzilin tavan hissəsində çuqun materialdan olan köhnə kanalizasiya borusunun tavandan asılı vəziyyətdə mövcuddur. Cavabdeh baxış zamanı izahatında bir daha qeyd edmişdir ki, iddiaçının mənzilində təmir işləri görən usta həmin borunu yerindən çıxarmaq üçün borunu güclü çəkic zərbələri ilə döyəcləmişdir və həmin zərbələr nəticəsində onun mənzilinin sanitar qovşağının döşəməsində çatlar əmələ gəlmişdir ki, iddiaçının mənzilinə suyun axması da məhz həmin səbəbdən baş vermişdir. Hazırda mənzilinin sanitar qovşağını tam təmir etdirmişdir. Baxış zamanı iddiaçı cavabdehin bu dediklərinə etiraz etsə də, sonda bildirmişdir ki, bundan sonra cavabdehin mənzilindən iddiaçının mənzilinə su axmadığı halda onların arasında barışıq mümkündür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gəncə şəhəri, Təcrübə zavod “A/Story” qəsəbəsi, 27 saylı evin 28 saylı mənzilinin mülkiyyətçisi İddiaçı üst mərtəbədə yaşayan cavabdehin onun mənzilinə su axıdaraq ona ziyan vurduğunu göstərməklə, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Araşdırmalar nəticəsində iddiaçının mənzilinə cavabdehin yaşadığı üst mərtəbədən suyun axması və iddiaçının mənzilinə maddi ziyan dəyməsi fakt kimi təsdiq olunmuşdur. Baxılan işdə araşdırılmalı olan daha bir məsələ iddiaçının əmlakına zərərin dəyməsində cavabdehin təqsirli olub olmamasının müəyyən edilməsidir ki, bu hal məhkəmədə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilə bilər. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Məhkəmə bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə göstərir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Beləliklə, sübutların düzgün qiymətləndirilməsi, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Təcrübə zavod “A/Story” qəsəbəsi, 3 mərtəbəli, 27 saylı evin, 30 saylı mənzilinin sanitar-qovşağının döşəməsində yaranan qüsurlar, Gəncə şəhəri, Kəpəz rayonu, Təcrübə zavod “A/Story” qəsəbəsi, 3 mərtəbəli, 27 saylı evin, 28 saylı mənzilində aparılan təmir işləri zamanı, həmin mənzilin hamam tikilisinin tavanında yerinə yetirilmiş söküntü işləri nəticəsində yarana bilər. Məhkəmə iddiaçının mənzılınə baxış keçirərkən müşahidə etmişdir ki, həmin mənzilin tavan hissəsində çuqun materialdan olan köhnə kanalizasiya borusu tavandan asılı vəziyyətdə mövcuddur. Öz növbəsində cavabdeh də izahatında qeyd etmişdir ki, iddiaçının mənzilində təmir işləri görən usta həmin borununu yerindən çıxarmaq üçün borunu güclü çəkic zərbələri ilə döyəcləmişdir və həmin zərbələr nəticəsində onun mənzilinin sanitar qovşağının döşəməsində çatlar əmələ gəlmişdir ki, iddiaçının mənzilinə suyun axması da məhz həmin səbəbdən baş vermişdir. Göründüyü kimi, iddiaçının mənzilinə yuxarı mərtəbədən suyun axması nəticəsində ziyan dəyməsi işin faktiki halı kimi təsdiq olunsa da, həmin zərərin məhz cavabdehin təqsiri ucbatından əmələ gəldiyi barədə güvənli nəticəyə gəlmək olmur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi əsassız sayılmalı və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin ekspert rəylərinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişlərdən müəyyən edilir ki, aparılmış tədqiqatların ümumi dəyəri (100+50+50)=200 manat məbləğini təşkil edir. İddia əsassız sayıldığından məhkəmə göstərir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı əmlaka dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia əsassız olduğundan təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatların dəyəri olan 200 (iki yüz) manat məbləğində pul İddiaçı alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar