Məhkəmə qərarları › İş №2(125)-4900/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4900/2023

12.09.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4900/2023 12.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Quliyeva (Məmmədova) Leyla Elşən qızına qarşı “mənzildən əşyaları ilə birgə çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Quliyeva (Məmmədova) Leyla Elşən qızına qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh sabiq gəlini Quliyeva (Məmmədova) Leyla Elşən qızının ünvan 1 ünvanında yerləşən və mülkiyyətində olan 5 otaqlı mənzilin 2 otağının cavabdehin zəbtindən azad olunması, cavabdehin əşyaları olan 1 ədəd uşaq çarpayısı, köhnə tozsoran, uşaq velosipedi, böyük göy salafanda olan yeni il üçün şam ağacı, ütü, vanna, alüminiyum qablar, 2 ədəd köhnə televizor antenası aparatı, böyük tava, yekə və balaca at heykəli, sökülü olan uşaq çarpayısı, uşaq çarpayısı, üç qapılı uşaq şkafı paltarları ilə, üç bağlamada yorğan və bir bağlamada yorğan dəstinin çıxarılması, cavabdehin mənzildən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh Quliyeva (Məmmədova) Leyla Elşən qızı sabiq gəlinidir. X1 ilə 23 sentyabr 2013-cü il tarixdə rəsmi olaraq nigaha girmiş, nigahları qeydiyyat şöbəsində 840 nömrə ilə qeyd olunmuş, Şəmkir rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(076)-1483/2022 saylı qətnaməsi ilə aralarında olan rəsmi nigah pozulmuşdur. Cavabdeh 2013-cü ildə yaşadıqları mülkə gəlin köçmüş və özü ilə cehiz əşyaları gətirmiş, ailə münaqişəsi zəmnində X19lə sabiq gəlini, cavabdeh Quliyeva (Məmmədova) Leyla Elşən qızı arasında hökm sürən ailədaxili münasibətlər tamamilə kəskinləşmiş, 2015-ci ildə onun mənzilində istifadəsində olan 2 otağın qapılarını açarla kildləyərək, özünə aid qızıl-zinət, geyim əşyalarını da götürərək birdəfəlik ata evinə kçmüş, bir daha geri qayıtmamışdır. Artıq 8 ildir ki, mənzilinin 2 otağı cavabdehin üzündən zəbt vəziyyətində qalmaqdadır. Mənzildə məskunlaşmış və qeydiyyatda olan ailə üzvləri sayca çox olduğundan xeyli dərəcədə məhdudluq yaranmışdır. Bu səbəbdən də, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyərək və sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 18 nömrəli mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2023-cü ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)- 1483/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək X6 ilə X9 arasında Gəncə Şəhər Kəpəz rayon Qeydiyyat Şöbəsində 23 sentyabr 2013-cü il tarixdə qeydə alınmış nikahın pozulması; tərəflərin birgə nikahından 20 sentyabr 2014-cü ildə doğulmuş X5 nikah pozulduqdan sonra anası- X7 yanında saxlanılması; xx.xx.2022-ci tarixdən başlayaraq 20 sentyabr 2014-cü ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X2 iddiaçı X7 xeyrinə hər ay bir uşağa görə 200 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, ünvan 2 ünvanında olan əşyaların (1 ədəd uşaq çarpayısı, köhnə tozsoran, uşaq velosipedi, böyük göy salafanda olan yeni il üçün şam ağacı, ütü, vanna, alüminiyum qablar, 2 ədəd köhnə televizor antenası aparatı, böyük tava, yekə və balaca at heykəli, sökülü olan uşaq çarpayısı, uşaq çarpayısı, üç qapılı uşaq şkafı paltarları ilə, üç bağlamada yorğan, bir bağlamada yorğan dəsti) qonşuları olan qonşular X8, X10 və X3 iştirakı ilə baxış keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən 18 saylı mənzil Kirovabad şəhər X13 İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli, 714 nömrəli orderi, X16 filialının xx.xx.2021-ci il tarixli, 1219(797)/4 saylı arxiv arayışı, “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışı və mənzildə qeydiyyatda olan şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrinə əsasən X4 adına özəlləşdirilərək xx.xx.2023-cü il tarixli, **********0305101-093003 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 6 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 2V-18 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən sözügedən mənzil İddiaçı adına qeydiyyata alınaraq xx.xx.2023-cü il tarixli **********03-05 101-093003 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda iddiaçı cavabdehin mübahisəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və əşyalarının çıxarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, mübahisə həll edilərkən, ilk öncə cavabdehin həmin yaşayış sahəsinə istifadə hüququnun olub-olmaması müəyyən edilməlidir. Belə ki, cavabdeh iddiaçının oğlu ilə 23 sentyabr 2013-cü il tarixdə rəsmi nikaha daxil olduqdan sonra sözügedən mənzildə yaşamağa başladığından mübahisəyə 2009-cu ildən qüvvədə olan, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Hazırkı iş üzrə cavabdeh 23 sentyabr 2013-cü il tarixdə rəsmi nikaha daxil olduqdan sonra mübahisəli mənzilə köçərək orada yaşamağa başlamışdır və ailə qanunvericiliyinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququnun, beləliklə mübahisəli mənzilə istifadə hüququnun yaranmasını təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, yaranmamış istifadə hüququ itirilə bilməyəcəyindən, iddia mübahisəli mənzilə cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsi hissəsində təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən 18 nömrəli mənzilə xx.xx.2023-cü il tarixdə İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır. Mülki icraat qaydasında formal həqiqəti müəyyən etməli olan məhkəmə çəkişmə prinsipini təmin etmiş, lakin cavabdeh mübahisəli mənzilə hüququnun yaranmasını təsdiqləyən hər hansı dəlil təqdim etməmişdir. Bununla yanaşı, cavabdehin həmin evə aidiyyatı və (ya) hüququ tədqiq edilmiş edilmiş iş materialları ilə müəyyən olunmur. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə qanuna müvafiq qaydada əmlaka dair sahiblik və istifadə hüququna həyata keçirə bilməlidir. Lakin cavabdehin hər hansı hüququnun olmamasına baxmayaraq, həmin evdən əşyalarını çıxarmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. Odur ki, iddiaçı mülkiyyətində olan evdən cavabdehin əşyalarının çıxarılmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehin iddiaçının mülkiyyətindəki evdə əşyalarının qalması iddiaçının əmlakı üzərində hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehə məxsus əşyalar iddiaçının mülkiyyətində olan evdən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Quliyeva (Məmmədova) Leyla Elşən qızına məxsus bir ədəd uşaq çarpayısı, köhnə tozsoran, uşaq velosipedi, böyük göy salafanda olan yeni il üçün şam ağacı, ütü, vanna, alüminiyum qablar, iki ədəd köhnə televizor antenası aparatı, böyük tava, yekə və balaca at heykəli, sökülü olan uşaq çarpayısı, uşaq çarpayısı, üç qapılı uşaq şkafı paltarları ilə, üç bağlamada yorğan və bir bağlamada yorğan dəsti İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən 18 nömrəli mənzildən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar