Məhkəmə qərarları › İş №2(125)-4902/2023

Gəncə Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(125)-4902/2023

16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4902/2023 16.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 10377 manat məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 120 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4902/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə iddiaçının iddia tələbinin Cavabdeh2 dair hissəsində iddiasından imtinası qəbul edilmiş və iş üzrə icraata həmin hissədə xitam verilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 2022-ci ilin avqust ayında bir müddət əvvəl tanış olduğu Gəncə şəhər sakini, hazırda Gəncə şəhəri, X10 küçəsi 1-ci döngə, 37 və 3 nömrəli evlərin arasında yerləşən evdə yaşayan Cavabdeh1 adlı qadının təklifi ilə birgə məişət mallarının alveri işinə başlamışlar. Malları iddiaçı götürdüyü borc vəsaiti ilə gətirir, o da oğlu X1 və atası ilə aparıb satırdılar. İlk partiyaların haqqlarını hissə-hissə ödəyirdilər. İddiaçı əvvəllər ödənişlərdən narazı olmamışdır. Lakin cavabdeh sonuncu partiya malları 2023-cü ilin yanvarında aparmış, bu ilin mart ayına qədər heç bir ödəniş etməmiş və bundan sonra münasibətləri pozulmuşdur. Cavabdehin hazırkı vaxta olan borcu 10377 manat təşkil edir. Artıq 4 aydır ki, cavabdeh müxtəlif bəhanələrlə borcun ödənilməsindən yayınır. Təqribən 10 gün öncə cavabdeh borcun müqabilində Üçtəpə qəsəbəsində yerləşən ona məxsus (atasının adına olan) 0.05 ha torpaq sahəsini ona təklif etmişdir. İddiaçı isə etiraz etməmişdir. Birlikdə Üçtəpə bələdiyyəsinə getmiş, bələdiyyənin sədri onları qəbul edib torpaq sahəsinin sənədləşdirilməsi üçün 500 manat və əlavə olaraq başa düşə bilmədiyi bir məsələ ilə əlaqədar 2000 manat pul verilməli olduğunu demişdir. Deyilən 2000 manat məsələsini başa düşə bilmədiyinə görə xahişi əsasında anasının qohumu X6 onlarla Üçtəpə Bələdiyyəsinə getmişlər. Bələdiyyə sədri yenə eyni sözləri deyəndə Nuru təklif etmişdir ki, barəsində söhbət gedən torpaq sahəsinin sənədinin (dövlət aktının və ya şəhadətnamənin) surəti təqdim edilsin ki, torpağın yeri dəqiqləşdirilərək sahibi ilə notariusda reallaşdırılsın. Bundan sonra bələdiyyə sədri bildirmişdi ki, bu daha onluq deyil və Bələdiyyə sədrinin iş otağından çıxandan sonra Nuru Xəyalənin əlindəki sənədləri araşdırıb müəyyən etmişdi ki, sənədlər torpaq sahəsi barədə bələdiyyə tərəfindən verilən arayışdan və torpaq vergisinin ödənilməsinə dair qəbzlərdən ibarətdir. Cavabdeh1 torpaq sahəsinə dair şəhadətnamənin itdiyini bildirəndə Nuru şəhadətnamənin dublikatını çıxarda biləcəyini deyib, onu atası ilə görüşdürməyi təklif etmiş, cavabdehin atası Nuru ilə görüşdə şəhadətnamənin olmadığını demiş və görüşdən sonra hamısı yoxa çıxmışlar. İddia tələbinə görə cavabdeh əvvəl məhsulları az-az götürürdülər və satdıqca da qaytarırdılar. Yavaş-yavaş da satışı artırırdılar. Pulun (borcun) qaytarılması dayanandan bir müddət sonra iddiaçı hesablamışdır ki, artıq borcun məbləği şişib, on mini keçibdir. Bundan sonra mal gətirməyi dayandırmış, əvvəlki malların pulunu (borcu) tələb etmişdir. Cavabdehin ona göndərdiyi “Whatsapp” mesajlarından göründüyü kimi pulu (borcu) qaytaracağını vəd edib, müxtəlif bəhanələr gətirmişdir. Sonralar (bir müddətdən sonra) başa düşmüşdür ki, cavabdeh onu aldadır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiasını müdafiə edərək onun məzmununa uyğun izahat verdi və cavabdehin iştirakı olmadan mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməyərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi, eyni zamanda əlavə etdi ki, cavabdehin aldığı məhsulların 90 faizi elektrik avadanlıqlarıdır, özü əşyaları götürdüyünü etiraf edib, axırıncı dəfə isə bahalı televizor götürmüşdür. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 238.1-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin baxış iclasında iddiaçı tərəfindən təqdim edilmiş, şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, iddiaçının qohumudur, cavabdeh iddiaçıdan elektrik mallarını nisyə götürürdü, sonra satıb pulunu hissə-hissə qaytarırdı, keçən il cavabdehin iddiaçıya təxminən 10000 manat borcu var idi. X2 və X5 da şahid R.Əliyevanın ifadəsinə oxşar ifadələr verdilər. Məhkəmə, iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Məhkəmə ilk öncə qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Hazırki iş üzrə tərəflər arasında “nisyə alğı-satqı müqaviləsi” adlanan şifahi müqavilənin bağlanması işin müəyyən edilmiş halıdır. Belə ki, bu hal işin materialları və iş üzrə şahidlərin ifadələri ilə təsdiq olunur. Belə ki, tərəflər arasında olan “WhatsApp” yazışmalarından və tərəflər arasında keçdiyi qeyd edilən bir ədəd “CD” diskdə əks olunmuş danışıqlardan müəyyən edilir ki, 2023-cü ilin yanvar ayında iddiaçı cavabdehə müəyyən miqdarda məişət mallarını nisyə satmışdır və xx.xx.2023-cü il tarixli yazışmada cavabdeh iddiaçıdan aldığı məişət mallarının 4000 manatını xərclədiyini etiraf etmişdir. Həmçinin, həmin yazışmalardan və danışıqlardan aydın olur ki, cavabdehin iddiaçıdan həmin ərəfədə aldığı məişət mallarının dəyəri təxminən 11000 manat civarında olmuşdur. İddiaçı həmin borcdan cavabdehin bir miqdarda ödəniş etdiyini, onun cəmi 10377 manat borcunun qaldığını bildirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1). Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir (maddə 601.2). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir (maddə 529.1). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76). “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə “...Lakin hazırkı iş üzrə məhkəmələr tərəfindən telefon danışıqlarını və yazışmaları əks etdirən diskin qanuni əsaslarla əldə edilməmiş sübut sayılmasına, habelə həmin məlumatların əsassız olmasına dair hər hansı hüquqi qiymətləndirmə aparılmamış və bununla bağlı gəlinən qənaət əsaslandırılmamışdır. Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.” Beləliklə, iddiaçının izahatından və şahid ifadələrindən, eləcə də işmateriallarına əlavə edilmiş tərəflər arasında olan “WhatsApp” yazışmalarından və tərəflər arasında keçdiyi inkar edilməyən bir ədəd “CD” diskdə əks olunmuş danışıqlardan müəyyən edilir ki, tərəflər arasında 2023-cü ilin yanvar ayında məişət mallarının alqı-satqısına dair şifahi qaydada nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin razılaşmaya əsasən iddiaçı qeyd etdiyi məişət əşyalarını cəmi 11000 manat müqabilində cavabdehə nisyə satmış, cavabdeh hissə-hissə müəyyən ödənişlər etmiş, lakin cəmi 10377 manat məbləğində borcunu ödəməmişdir. Göründüyü kimi, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, nisyə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulan əşyaları cavabdehə vermiş, cavabdeh isə nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşyaları almasına dair hüququndan istifadə etmiş, əşyaların dəyərini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Hazırda iddiaçı cavabdehdən nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış borcun 10377 manat hissəsini tələb edir. Odur ki, məhkəmə hesab edir ki, nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 10377 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun olduğunu təsdiq edir, cavabdeh tərəf isə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olsa da məhkəməyə gəlməmiş, iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 10377 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 120 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1 10377 (on min üç yüz yetmiş yeddi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə, Gəncə Şəhər Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar