Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4920/2023 03.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Şakir oğlunun sədrliyi, Səmədli Aylin Vurğun qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus 1200 manat məbləğində pulun və vəkil xidməti kimi ödədiyi 38 manat pulun alınaraq, ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Gəncə şəhəri, Dəmiryolaltı, yaşayış sahəsi, B-5, sahə 13-də yerləşən evinin həyətinə dəmir darvaza düzəltdirmək istəmişdir. Bu işlə məşğul olan Cavabdeh ilə danışmışdır. Cavabdeh ona demişdir ki, darvaza üçün 1300 manat pul alacaqdır, darvazanı may ayının 20-25-nə hazır edəcəkdir. Bu ilin may ayının 03-də pulun 800 manatını vermiş, razılaşmışdır ki, pulun qalanını darvaza hazır olanda ödəyəcəkdir. O, may ayın 20-də pulun 400 manatını da aparıb cavabdehə vermişdir. Aralarında olan razılaşmaya görə qalan 100 manatın əvəzinə cavabdeh onda olan köhnə darvazanı götürməli idi. Lakin, cavabdeh dediyi vaxtda darvazanı hazır etməmişdir. Həmin gündən sonra hər gün o, cavabdehə zəng vuraraq darvazanı hazır etməsini bildirmişdir. Cavabdeh isə hər dəfə müxtəlif bəhanələrlə onu aldatmışdır. Son vaxtlar isə cavabdeh telefon zənginə cavab verməmişdir. O, 1-ci qrup əlildir, həyat yoldaşı yaşlı, xəstədir adamdır. Cavabdehin hərəkətlərinə görə hər ikisi uzun müddət əsəbləşib sarsıntı keçirtdiyinə görə həyat yoldaşı İsmayılova Gülcahan xəstələnərək, həkimə düşmüşdür. Onun müalicəsinə 400 manat pul xərcləməli olmuşdur. O, cavabdehin hərəkətlərindən Polis Şöbəsinə şikayət etmişdir. Lakin, bunun nəticəsi olmamışdır. Cavabdeh Polis Şöbəsində də demişdir ki, yaxınlarda darvazanı düzəldəcəkdir. O isə cavabdehə daha darvazanın lazım olmadığını, pulunu qaytarmasını demişdir. Ona görə də məcbur olmuş və məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Lakin məhkəmənin 20 iyul 2023-cü il tarixində keçirilən hazırlıq iclasında Cavabdeh iddia tələbini etiraf edərək yazılı izahatında bildirmişdir ki, 2023-cü ilin may ayında İddiaçı onun sifarişi əsasında darvaza düzəltmək məqsədi ilə ümumilikdə 1200 manat pul almışdır. Həmin məbləği hal-hazıra kimi ödəməmişdir. Həmçinin sifariş olunan darvaza da düzəldilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsinə etirazı yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsinin 09 iyun 2023-cü il tarixli, 313-57-2/2-İ-167xx/xx/2023 nömrəli məktubunda ünvan 1 ünvanında yaşayan İddiaçı bildirilmişdir ki, araşdırma zamanı tələbinin məhkəmə orqanlarının səlahiyyətində olması müəyyən olunmuşdur. Tələbinin yerinə yetirilməsi ilə əlaqədar müvafiq iddia ərizəsi ilə məhkəmə orqanlarına müraciət etməsi məqsədəmüvafiqdir. 182380 nömrəli, 23 avqust 2021-ci il tarixli əlillik haqqında vəsiqənin surətindən görünür ki, İddiaçı İ qrup əlildir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin məhkəmə iclasında müəyyən olunmuş faktiki halı bundan ibarətdir ki, İddiaçı özünə məxsus evə darvaza düzəltdirmək üçün Cavabdeh müraciət etmiş və cavabdeh ondan həmin darvaza üçün 1300 manat məbləğində pul alacağını və sözügedən darvazanı may ayının sonlarına kimi hazır edəcəyini bildirmişdir. Daha sonra İddiaçı Cavabdehlə razılaşmışdır ki, sifarişinin müqabilində ona 1200 manat verir, qalan 100 manatın əvəzi olaraq isə iddiaçı cavabdehə köhnə darvazanı pulunu verməli idi. Şifahi formada bağlanan podrat müqaviləsinə uyğun olaraq iddiaçı cavabdehə darvaza düzəlməsi üçün ümumilikdə 1200 manat pul vermişdir. Lakin, Cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nə darvazanı hazır etməmiş və nə də iddiaçıdan aldığı 1200 manat məbləğində pulu ona qaytarmamışdır. Belə olduğu halda iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh sonuncu məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəmənin 20 iyul 2023-cü il tarixdə keçirilən hazırlıq iclasında iddia tələbini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalı və tələb təmin edilməlidir. Qeyd olunanlarla yanaşı məhkəmə hazırkı iddia tələbinin düzgün həlli, yəni iddia tələbinin hüquqi əsası kimi aşağıdakı hüquq normalarını qeyd etməyi lazım bilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan podrat müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 759.2-ci maddəsinə görə, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Belə ki, tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş şifahi formada bağlanmış podrat müqaviləsinə əsasən podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Hazırkı mübahisə üzrə iddiaçı cavabdehə darvaza sifariş etmiş və həmin darvazanı düzəltmək üçün 1200 manat pulu cavabdehə versə də, cavabdeh bugünədək üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, sözügedən darvazanı hazırlamamış və yaxud 1200 manat məbləğində pulu da iddiaçıya qaytarmamışdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə əsasən, iddia təmin olunmalı, Cavabdeh 1200 (bir min iki yüz) manat tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 38 (otuz səkkiz) manat ödəniş edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının xahişi nəzərə alınmaqla, İddiaçı tərəfindən Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına ödədiyi 38 (otuz səkkiz) manat xidmət haqqı Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa, məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən İddiaçı tərəfindən məhkəmə də iddia qaldırmaq üçün ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 300 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1200 (bir min iki yüz) manat, iddiaçı tərəfindən vəkilə xidmət haqqı kimi ödənilmiş 38 (otuz səkkiz) manat və məhkəmədə iddia qaldırmaq məqsədilə ödənilən 32 (otuz iki) manat olmaqla, cəmi 1270 (bir min iki yüz yetmiş) manat tutularaq, İddiaçı ödənilsin. Qətnamədən, həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-4920/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4920/2023
03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver