Məhkəmə qərarları › İş №2(125)-4932/2024

Gəncə Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(125)-4932/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4932/2024 31.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 757 (yeddi yüz əlli yeddi) manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə xeyli müddətdir ki, tanışdır və birlikdə uzun müddətdir ki, o, usta, cavabdeh isə fəhlə kimi işləyir. İş əsnasında münasibətləri daha da yaxın olmuşdur və cavabdeh ona borc pul lazım olduğunu bildirərək, ondan borc pul istəmişdir. O, isə aralarında olan səmimiyyətə inanaraq, cavabdehə istədiyi 607 manat pulu hissə-hissə vermişdir. Eyni zamanda o, cavabdehə toyuq ticarəti ilə məşğul olmaq üçün dəyəri 150 manat olan 4 ədəd avadanlıq (setka) vermişdir. Cavabdehin ümumilikdə ona 607 manat pul borcu və 4 ədəd setkanın pulu kimi 150 manat olmaqla, cəmi 757 manat borcu vardır. O, dəfələrlə cavabdehdən borcu tələb etsə də, hər dəfə müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Sonda o, məcbur olub bununla bağlı polisə şikayət etmiş və Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə ona məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Polisdə dindirilərkən Cavabdeh da ona borcu olduğunu etiraf etmiş və imkanı olmadığına görə borcunu qaytara bilmədiyini demişdir. Odur ki, pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edir. Daha sonra iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdehə borc olaraq verdiyi 700 manat pulun alınıb ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək əlavə olaraq bildirdi ki, 2024-cü ilin əvvəllərində Cavabdehla arasında olan şifahi razılaşmaya əsasən ona ümumilikdə 700 manat məbləğində borc pul vermişdir. Cavabdeh həmin pulu hissə-hissə qaytaracağını bildirsə də, qaytarmamışdır. Beləliklə cavabdehin ona cəmi 700 manat borcu vardır. Dəfələrlə cavabdehdən borcu tələb etsə də, cavabdeh qaytarmamış və qaytarmaqdan boyun qaçırmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini və mülki işə qiyabi icraat qaydasında baxıb iddianın təmin edilməsi barədə qiyabi qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İddiaçı məhkəmə iclasında ərizə verərək, Cavabdeh məhkəmə iclasına gəlmədiyi üçün iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin məhkəmə Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə görə, iddiaçı isə buna etiraz etmədiyi üçün işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin 20 iyul 2024-cü il tarixli, 57-2/2-J-18538/2024 nömrəli məktubunda ünvan 1 ünvanında yaşayan İddiaçı bildirilmişdir ki, toplanmış materialda cinayət və inzibati xəta tərkibi olmadığından material işə alınmışdır. Tələbi mülki xarakterli olduğundan aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında olan münasibət borc müqaviləsindən irəli gəlir. Tərəflər arasında işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi formada borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Belə ki, iddiaçı cavabdehə 2024-cü ilin əvvəllərində qaytarmaq şərti ilə 700 manat məbləğində pul vermişdir. Lakin cavabdeh iddiaçıdan borc kimi aldığı borcunu qaytarmamışdır. Odur ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh məhkəmənin 05 sentyabr 2024-cü il tarixində keçirilən hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək, iddia tələbini qismən qəbul etdiyini, iddiaçıya ümumilikdə 300 manat borcu olduğunu, iddiaçıdan hissə-hissə 700 manat aldığını və 400 manat qaytardığını bildirsə də, qeyd etdiyi xüsusatları, yəni borc kimi aldığı pulu iddiaçıya qaytarmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, 700 (yeddi yüz) manat məbləğində pul Cavabdeh alınaraq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının dəlilləri, onun izahatı və təqdim etdiyi sübutları iddia tələbinin qiyabi qətnamə ilə təmin edilməsi üçün yetərlidir. Buna görə də göstərilən sübutların tədqiqi ilə kifayətlənərək, həmin sübutlar nəzərə alınmaqla iddianın təmin edilməsinə dair qiyabi qətnamə qəbul edilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmədə iddia qaldırmaq üçün hökumət ödəniş portalına iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 700 (yeddi yüz) manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 730 (yeddi yüz otuz) manat pul alınaraq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Gəncə Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra, 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar