Məhkəmə qərarları › İş №2(125)-494/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-494/2023

07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-494/2023 07.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 2279,65 manat əsas borc, 1190,16 manat faiz borcu, 4285,06 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 726,25 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilkdə cəmi 8481,12 manat borcun və ödənilmiş 104,81 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 6500 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 27 avqust 2012-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 30 sentyabr 2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 banka xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 2279,65 manat əsas borc, 1190,16 manat faiz borcu, 4285,06 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 726,25 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilkdə cəmi 8481,12 manat borcu vardır. Cavabdehin kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 17140.22 manat təşkil etməsinə baxmayaraq cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunmuş maliyyə arayışı üzrə cərimə məbləğinin 25 faizi miqdarında olmaqla, yəni 4285,06 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, o, əvvəllər "xxxx" İKB ASC-nin müştərisi olmuş, bir neçə dəfə bankdan kredit götürüb vaxtında qaytarmışdır. Hazırkı kredit müqaviləsi üzrə krediti isə faktiki o almamışdır. Belə ki, kredit müqaviləsini imzalasa da krediti onun dostu olmuş və X5 filialında işləmiş dostu Fuad götürmüş və ödəmişdir. Fuad işdən çıxarıldıqdan sonra borcu ödəməmişdir. Hazırda Fuadın harada olduğunu bilmir, krediti faktiki olaraq Fuadın götürməsinə dair məhkəməyə təqdim edə biləcəyi sübutlar yoxdur. Zamin kimi göstərilmiş Cavabdeh2 tanımır, həmin şəxslə heç bir əlaqəsi yoxdur. Həmin kredit müqaviləsinin bağlanmasından 10 ildən artıq vaxt keçmişdir. Bu müddət ərzində bank bir dəfə də olsun ondan kredit borcunun qaytarılmasını tələb etməmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan kredit müqaviləsindən və kassa məxaric orderinin surətindən görünür ki, "xxxx" İKB ASC (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında 27 avqust 2012-ci il tarixli 10-M-2-0-1554-12 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank borcalana 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 6500 manat məbləğində kredit vermiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 27 avqust 2012-ci il tarixli 10-M-2-0-1554-12 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 Cavabdeh1 27 avqust 2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyinin tam həcmdə icra edilməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 27 avqust 2012-ci il tarixli kredit müqaviləsi üzrə 4220,35 manat əsas borcdan, 1965,62 manat faiz borcundan ödəniş etmiş, sonuncu dəfə xx.xx.2014-cü il tarixdə 296,67 manat əsas borcdan, 62,33 manat faiz ödənişi etmiş, əsas borc üzrə 2279,65 manat, faiz borcu üzrə 1190,16 manat borcu qalmışdır. Cavabdehə ödənişlərin gecikdirilməsinə görə 17140,22 manat dəbbə pulu, kredit müddətinin başa çatdığı vaxtdan sonrakı dövr üçün illik beş faizlə 726,5 manat əldən çıxmış fayda qismində zərər hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit müqaviləsində göstərilən pul məbləğini cavabdehə vermişdir. Cavabdeh kredit müqaviləsini özünün bağlamasına baxmayaraq pulun özü tərəfindən deyil bankın əməkdaşı olmuş dostu tərəfindən götürüldüyünü bildirsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə iş materiallarında olan kassa məxaric orderinin qəbzinin surətindən göründüyü kimi pul bilavasitə Cavabdeh1 verilmişdir. Bu baxımdan məhkəmə cavabdehin etirazının həmin dəlilini əsassız hesab edir. Cavabdeh aldığı borcun müəyyən hissəsini və müəyyən dövr üçün faizləri ödəsə də xx.xx.2014-cü il tarixdən sonra hər hansı ödəniş etməmiş, öhdəliyini tam və vaxtında icra etməmişdir. Bununla yanaşı, cavabdeh iddia müddətinin keçməsinə istinad edərək iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin son icra müddəti xx.xx.2014-cü il tarixdə başa çatmışdır. Belə olan halda, həmin müqavilə üzrə iddia müddətinin axımı da xx.xx.2014-cü il tarixdən başlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. İddiaçı hazırkı iddia ərizəsi ilə 25 oktyabr 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddia müddətinin axımının xx.xx.2014-cü il tarixdən hesablanmağa başlaması nəzərə alındıqda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən tələb üçün qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürmüşdür. İddia müddətinin kəsilməsinə və ya dayandırılmasına səbəb olan hal aşkar edilməmişdir. Bu səbəbdən iddia tələbi rədd edilməlidir. Məhkəmə, eyni zamanda iddia tələbinin digər Cavabdeh2 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 27 avqust 2012-ci il tarixli zaminlik müqaviləsinin 5.1-ci maddəsində göstərilir ki, zaminlik icrasını təmin etdiyi kredit müqaviləsinin qüvvəyə mindiyi gündən qüvvəyə minir və kredit məbləği, faizlər və kredit müqaviləsində nəzərdə tutulmuş digər ödənişlər kreditora tam həcmdə ödənilənə qədər qüvvədə qalır. Məhkəmə həmin bəndi zaminliyin müddətini müəyyən edən şərt kimi qəbul etmir. Müddətin anlayışı Mülki Məcəllənin 367-ci maddəsində verilmişdir. Həmin maddəyə əsasən: 367.1. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. 367.2. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. 367.3. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Beləliklə, mülki hüquq münasibətlərində müddət əqdlə və ya məhkəmə tərəfindən müəyyən edilə bilər. Müddət konkret zaman vahidi ilə ifadə oluna bilər və ya hökmən baş verməli hadisəyə bağlana bilər. Müddətin müəyyən edilməsinin başqa meyarı yoxdur. Öhdəliyin icra edilməsi hökmən baş verməli hadisə deyildir. Aydındır ki, obyektiv və ya subyektiv səbəblərdən öhdəlik borclu tərəfindən uzun müddət və ya heç vaxt icra olunmaya da bilər. Buna görə də zaminlik müqaviləsinin 5.1-ci bəndində zaminliyin müddətinin kredit müqaviləsi üzrə öhdəliyin icra edildiyi tarixədək müəyyən edilməsi Mülki Məcəllənin 367-ci maddəsinin tələbinə zidd olduğu üçün həmin bənd etibarsızdır. Bu halda isə zaminliyə xitam verilməsi üçün müddət qanunla nəzərdə tutulmuş qaydada hesablanmalıdır. Zaminliyin təmin etdiyi öhdəliyin icrasının son vaxtı 27 avqust 2014-cü il olmuşdur. İddiaçı zaminə qarşı öhdəliyin icrası müddətinin başa çatdığı xx.xx.2014-cü il tarixdən ən geci bir il ərzində iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bu hal isə zaminliyə xitam verilməsinə səbəb olmuşdur. Zaminliyə xitam verildiyinə görə iddiaçının keçmiş zaminə qarşı irəli sürdüyü tələb təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, zaminə münasibətdə iddianın rədd edilməsinin əsası kimi Mülki Məcəllənin 376-cı maddəsi (əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir) deyil, məhz 477.0.4-cü maddəsi tətbiq edilməlidir. Belə ki, həmin normaya əsasən zaminliyə xx.xx.2014-cü il tarixdə xitam verilmişdir, iddia müddəti isə xx.xx.2017-ci il tarixdə başa çatmışdır. Yəni, zaminliyə iddia müddətinin keçməsindən daha əvvəl xitam verilmişdir. Zaminliyin müddətin keçməsinə görə xitamı maraqlı tərəfin ərizə verməsindən asılı edilməmişdir, bu da o deməkdir ki, müddət keçdikdə zaminliyə özlüyündən xitam verilir. Mövcud olmayan öhdəliyə isə iddia müddəti tətbiq oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə Cavabdeh2 aid hissədə də iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin olunmadığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar