Məhkəmə qərarları › İş №2(125)-495/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-495/2023

19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-495/2023 19.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi iddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı açıq səhmdar cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 09 aprel 2013-cü il tarixli, 10-M-1-0-530-13 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.414 ABŞ dolları 35 sent, 30 sentyabr 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 2.202 ABŞ dolları 66 sent, cərimə qismində 2.194 ABŞ dolları 08 sent, müqavilənin bitdiyi tarixdən – 09 aprel 2015-ci il tarixdən 30 sentyabr 2022-ci tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 685 ABŞ dolları 85 sent, cəmi 6.496 ABŞ dolları 94 sent və ödənilmiş dövlət rüsmunun əvəzi qismində 123 manat 13 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi S.D.İsmayilov məhkəmədə iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh1 09 aprel 2013-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 3.500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq iddiaçı Bankla Cavabdeh2 arasında 09 aprel 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 30 sentyabr 2022-ci il tarixədək Cavabdeh1 iddiaçı Banka 09 aprel 2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcun əvəzi qismində 1.414 ABŞ dolları 35 sent, faiz borcu qismində 2.202 ABŞ dolları 66 sent, cərimə qismində 2.194 ABŞ dolları 08 sent, müqavilənin bitdiyi tarixdən – 09 aprel 2015-ci il tarixdən 30 sentyabr 2022-ci tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 685 ABŞ dolları 85 sent, cəmi 6.496 ABŞ dolları 94 sent olmaqla borcu yaranmışdır. Sonda S.D.İsmayilov iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək, bildirdi ki, o, 09 mart 2013-cü il tarixdə iddiaçı "xxxx" İKB ASC-dən 24 ay müddətinə 3.500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh2 ona zamin durmuş və iddiaçı ilə arasında 2013-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Qeyd olunan kredit müqaviləsi üzrə o 2013 və 2014-cü illər ərzində ödənişlər aparmışdır, sonradan isə maddi imkanının pisləşməsi səbəbindən onun tərəfindən heç bir ödəniş edilməmişdir. Hazırda İddiaçı açıq səhmdar cəmiyyəti kredit borcunun ödənilməməsinə görə ona və Cavabdeh2 qarşı iddia qaldırmışdır. Lakin İddiaçı açıq səhmdar cəmiyyəti iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən, yəni 2015-ci il tarixdən başlayaraq 3 il müddətində məhkəməyə müraciət etməli idi. Hazırki halda isə qeyd olunan tarixdən 7 il müddət keçmişdir. İddia müddətinin keçməsi məhkəmənin iddianı rədd etməsi üçün əsasdır. Sonda Cavabdeh1 iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Lakin xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsində Cavabdeh2 iddia tələbinə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və Cavabdeh1 dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 09 aprel 2013-cü il tarixli, 10-M-1-0-530-13 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 kreditdən istifadəyə görə illik 28% borc faizləri ödəməsi şərtilə, 24 ay müddətinə 3.500 ABŞ dolları məbləğində kredit vermişdir. İşdə olan 09 aprel 2013-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətindən 09 aprel 2013-cü il tarixdə 3.500 ABŞ dolları məbləğində pul vəsaitini almışdır. İş materiallarında olan 09 aprel 2013-cü tarixli, 10-M-1-0-530-13 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zaminliyi öz öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş 09 aprel 2013-cü il tarixli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyətinə borcu əsas borcun əvəzi qismində 1.414 ABŞ dolları 35 sent, 30 sentyabr 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 2.202 ABŞ dolları 66 sent, cərimə qismində 2.194 ABŞ dolları 08 sent, müqavilənin bitdiyi tarixdən – 09 aprel 2015-ci il tarixdən 30 sentyabr 2022-ci tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 685 ABŞ dolları 85 sent, cəmi 6.496 ABŞ dolları 94 sent təşkil edir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 09 aprel 2013-cü il tarixli, 10- M-1-0-530-13 saylı kredit müqaviləsinə əsasən "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 kreditdən istifadəyə görə illik 28% borc faizləri ödəməsi şərtilə, 24 ay müddətinə 3.500 ABŞ dolları məbləğində kredit vermişdir. Həmçinin eyni tarixli və eyni nömrəli zaminlik müqaviləsi üzrə Cavabdeh2 09 aprel 2013-cü il tarixli, 10-M-1-0-530-13 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasına zaminliyi öz öhdəsinə götürmüşdür. Bununla da Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehlərdən müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etmişdir Lakin mülki işin məhkəmə tədqiq zamanı cavabdehlər mülki iş üzrə tərəflər arasında olan mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş etmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli qərarında müəyyən etmişdir ki, müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Viktor Ozerovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 02 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 15 aprel 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilir ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Avropa İnsan Hüquqları Məhkəməsi «Stanyo Belçikaya qarşı» işi üzrə 07 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunmuş iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsinə görə iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Həmin Məcəllənin 380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Mülki işin məhkəmə iclasında tədqiq olunmaqla müəyyən edilmiş hallarından görünür ki, "xxxx" İKB açıq səhmdar cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 09 aprel 2013-cü il tarixli, 10-M-1-0-530-13 saylı kredit müqaviləsi üzrə kreditin icra müddəti 09 aprel 2015-ci il tarixdə bitmiş, sonuncu ödəniş isə 19 aprel 2019-cu il tarixdə edilmiş və iddia ərizəsi ilə məhkəməyə 25 oktyabr 2022-ci il tarixdə müraciət olunmuşdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə iddia müddətinin axımı kredit müqaviləsi üzrə kreditin icra müddətinin bitdiyi vaxtdan, yəni hazırki halda 09 aprel 2015-ci il tarixdən hesablanmalıdır. Beləliklə, istər 09 aprel 2015-ci il tarixdən sonuncu ödəniş tarixi olan 19 aprel 2019-cu il tarixə qədər müddət (4 il 10 gün) və həmin tarixdən məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi 25 oktyabr 2022-ci il tarixə qədər müddət (7 il 06 ay 16 gün), istərsə də sonuncu ödəniş tarixi olan 19 aprel 2019-cu il tarixdən məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi 25 oktyabr 2022-ci il tarixə qədər müddət (3 il 06 ay 06 gün) nəzərə alınmaqla iddia müddəti hesablanarsa, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü müəyyən etmək olar. İddiaçı açıq səhmdar cəmiyyəti 09 aprel 2013-cü il tarixli, 10-M-1-0-530-13 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 qarşı öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddətdən 7 il 06 ay 16 gün sonra məhkəmədə iddia qaldırmasına, bununla da iddia müddətini buraxmasına dair məhkəməyə heç bir üzrlü səbəb və ya həmin səbəblərin üzrlü olmasına dair heç bir mötəbər dəlil təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı iddia müddətini üzrlü səbəblərdən ötürülməsinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyinə görə iddia tələbinə iddia müddəti tətbiq edilməklə, İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 123 manat 13 qəpik məbləğində pul vəsaiti iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı 09 aprel 2013cü il tarixli, 10-M-1-0-530-13 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.414 ABŞ dolları 35 sent, 30 sentyabr 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 2.202 ABŞ dolları 66 sent, cərimə qismində 2.194 ABŞ dolları 08 sent, müqavilənin bitdiyi tarixdən – 09 aprel 2015-ci il tarixdən 30 sentyabr 2022ci tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 685 ABŞ dolları 85 sent, cəmi 6.496 ABŞ dolları 94 sent və ödənilmiş dövlət rüsmunun əvəzi qismində 123 manat 13 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddiası təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar