Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4980/2023 26.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən borc verdiyi 900 (doqquz yüz) manat məbləğində borc pulun, cavabdehin 50 (əlli) manat əlavə olaraq söz verdiyi pulu və eləcədə tərəfindən 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yaşayan Cavabdeh Faxrəddin oğlunu qonşusu Anar vasitəsi ilə tanıyır. Təxminən iki il bundan əvvəl Anar adlı şəxs ona telefonla zəng edərək qonşusu Saməddinə borc pul lazım olduğu üçün onun telefon və ünvanını Saməddinə dediyini ona bildirmişdir. Cavabdeh Faxrəddin oğlu yaşadığı binanın qarşısına gəlmiş, ona məxsus telefonuna zəng edib binanın qarşısında gözlədiyini demişdir. Orada Saməddin uşağının xəstə olduğunu və həkimə aparması üçün ona borc pul lazım olduğunu demişdir. Saməddin ondan bir aylığına 900 manat borc pul istəmiş və bildirmişdir ki, bir ay ərzində həmin pulu və əlavə də artıq 50 manat pul verəcəkdir. Bunun müqabilində ona sürücülük vəsiqəsini də vermişdir. Bir ay tamam olmuş, Cavabdeh Faxrəddin oğlu ondan borc aldığı nə 900 manat pulu, nə də ki, söz verdiyi 50 manatı qaytarmamışdır. O, dəfələrlə onun yaşadığı evə getmiş, Saməddini tapa bilməmişdir. Saməddinin anası bildirmişdir ki, hələ imkanları yoxdur, Saməddin Bakı şəhərində işləyir, pul qazanıb pulunu gətirib verəcəkdir. Lakin, hər gün onu Saməddin aldatmışdır ki, borc verdiyi pulunu qaytaracaqdır. O, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Cavabdeh Faxrəddin oğlundan pulunu istəyəndə cavabdeh telefonda ona nalayiq sözlər demiş və onu ölümlə hədələmişdir. O da bu barədə Cavabdeh Faxrəddin oğlundan Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə telefonla şikayət etmişdir. Şikayətinə baxılmadığı üçün o, təkrar olaraq xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİNnin 102 xidmətinə telefonla şikayət etmiş, Cavabdeh Faxrəddin oğlundan borc verdiyi pulunu istəyəndə ona nalayiq söyüşlər söymüş, onu və oğlunu öldürəcəyini bildirmişdir. Onun şikayəti əsasında onun və Cavabdeh Faxrəddin oğlunun Gəncə şəhəri BPİ-nin 1-ci PŞ-nin sahə rəisi Nəsib Musayev tərəfində izahatları alınmışdır. İzahat alınan zaman Cavabdeh Faxrəddin oğlu ona nalayiq söyüşlər etdiyinə görə üzr istəmiş və aldığı 900 manat borc pulu və həmin borc pula əlavə 50 manat pulu may ayında qaytaracağına söz vermişdir. O da Gəncə şəhəri BPİ-nin 1-ci PŞ-də izahat vermiş Cavabdeh Faxrəddin oğlunun 950 manat borcunu yaxın müddətdə qaytaracağına söz verdiyinə görə izahat vermiş, cavabdehdən onu təhqir və öldürməklə hədələnməsindən şikayətçi olmadığını bildirmişdir. Lakin, sözünə əməl etmədiyinə görə o, yenidən xx.xx.2023-cü il tarixdə Cavabdeh Faxrəddin oğlu ondan aldığı 950 manat borc pulu vermədiyinə görə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə telefonla şikayət etmişdir. Gəncə şəhəri BPİ-nin 1-ci PŞ-nin xx.xx.2023-cü il tarixli, 3-13-57-1/2-13479/23 nömrəli məktubu ilə bildirilmişdir ki, müraciəti araşdırılmış və müraciətində göstərilən xüsusatlar mülki xarakterli olduğu izah olunmaqla məhkəmə orqanlarına müraciət etməsi məqsədə müvafiq olması bildirilmişdir. Bundan başqa o, Gəncə şəhər 1 saylı Vəkil Bürosuna müraciət edərək (vəkil Heydər Fərzəliyev) məhkəmədə aparılacaq pul tələbinə dair mülki işlə əlaqədar onun Cavabdeh Faxrəddin oğlundan verdiyi şikayətlə əlaqədar toplanmış materialların (Cavabdeh izahatının) surətini məhkəməyə təqdim edilməsi üçün Gəncə şəhər BPİ-nin 1ci PŞ-nə sorğu verilmişdir. Lakin, həmin sorğuya cavab olaraq iş materialları (Cavabdeh izahatı istisna olunmaqla) ona verilmişdir və həmin materialları məhkəməyə təqdim edir. Cavabdeh Faxrəddin oğlunun ona 950 manat borcunu yaxın müddətdə qaytaracağına söz versə də, həmin borc pulu bəhanələrlə ona qaytarmaq istəmir. Göstərilənlər səbəbindən ağır maddi vəziyyətə düşmüşdür. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən etiraf edərək, izahatında bildirdi ki, onun İddiaçı yalnız 900 manat borcu vardır. Odur ki, nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis şöbəsinin 19 may 2023-cü il tarixli, 3-13-57-1/2-11136/2023 nömrəli məktubunda ünvan 2 ünvanda yaşayan vətəndaş İddiaçı bildirilmişdir ki, onun xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər nazirliyinin “102” zəng xidməti mərkəzinə etmiş olduğu müraciət tərəflərindən araşdırılmışdır. Materialın araşdırılması zamanı onun şikayət və tələbi olmadığı üçün toplanılmış material PŞ-nin dəftərxanasında işə alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin 17 iyun 2023-cü il tarixli, 3-13-57-1/2-13479/2023 nömrəli məktubunda Gəncə şəhəri, Muxtar Hacıyev küçəsi, bina 13 A, mənzil 38-də yaşayan vətəndaş İddiaçı bildirilmişdir ki, onun xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə etmiş olduğu müraciəti tərəflərindən araşdırılmışdır. Araşdırma zamanı müraciətində göstərilən xüsusatlar mülki xarakterli olduğu izah olunmaqla, məhkəmə orqanlarına müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Heydər Fərzəliyev tərəfindən Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə ünvanlanmış 1516 nömrəli, 19 iyun 2023-cü il tarixli məktubundan görünür ki, məhkəmədə aparılacaq pul tələbinə dair mülki işlə əlaqədar İddiaçı Cavabdeh verdiyi şikayətlə əlaqədar toplanmış materialların (Cavabdeh izahatının) surətini məhkəməyə təqdim etmək üçün bu sorğunu təqdim edən şəxsə verilməsi xahiş edilmişdir. 15 may 2023-cü il tarixli Gəncə şəhəri, M.Haclıev küçəsi, bina 13, mənzil 38-də yaşayan vətəndaş İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə etmiş olduğu müraciətinin ətrafında toplanmış materialın nəticəsinə dair arayışın surətindən görünür ki, aparılmış araşdırma zamanı Gəncə şəhəri, Aidə İmamquliyeva küçəsi, bina 13, mənzil 38-də qeydiyyatda olan və yaşayan vətəndaş İddiaçı xx.xx.2023cü il tarixdə izahat verərək bildirmişdir ki, Şasa adlı şəxs ona olan 950 manat borcunu yaxın müddətdə ödəməsini söz verdiyi üçün hazırda şikayəti və tələbinin olmamasını göstərmişdir. Odur ki, toplanmış materialda heç bir cinayət tərkibi olmadığına görə toplanmış materialın Gəncə şəhəri BPİ-nin 1-ci PŞ-nin dəftərxanasında işə tikilməsi məqsədə müvafiqdir. İddiaçı Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində verdiyi izahatının surətindən görünür ki, o, Cavabdeh Anarın vasitəsi ilə 2022-ci ilin əvvəlində ümumilikdə 900 manat pul vermişdir. Həmin pulu almaq məqsədi ilə Saməddinə dəfələrlə zəng etməsinə baxmayaraq, ondan verdiyi pulu ala bilməmişdir. O, xx.xx.2023-cü il tarixində yenə zəng edərək pulunu istəyəndə onun ünvanına təhqir, nalayiq söyüşlər edərək qadınlıq ləyaqətini alçaltmışdır. Cavabdeh Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində verdiyi izahatının surətindən görünür ki, Gəncə şəhəri, Muxtar Hacıyev küçəsi, bina 16-da yaşayan Nürəstə adlı qadından onu Anar adlı şəxsin vasitəsi ilə təxminən 2022-ci ilin əvvəllərində özünəməxsus olan şəxsiyyət vəsiqəsini və sürücülük vəsiqəsini qoyaraq, 300 manat faizə pul götürmüşdür. Aradan bir müddət keçdikdən sonra 400 manat, aradan bir müddət keçdikdən sonra isə 2 qram qızıl qoyaraq 200 manatda bir götürmüşdür. Onun hal-hazırda Nürəstə adlı qadına 900 manat borcu vardır. Ona xx.xx.2023-cü il tarixində Nürəstə adlı qadın zəng edərək, pulunu istəmişdir. Demişdir ki, möhlət versin, verəcəkdir. Ona nalayiq sözlər işlətmiş, o da təhqir etmiş, söymüşdür. Hazırda etdiyi əməlində peşmandır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı tərəfindən Cavabdeh 2022ci ildə 1 ay müddətinə qaytarmaq şərtilə 900 manat məbləğində borc pul verilmişdir. Cavabdeh İddiaçı borc aldığı pulu qaytarmamışdır. Bu səbəbdən də iddiaçı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qismən etiraf etmiş, iddiaçıdan 900 manat borc aldığını bildirmişdir. Məhkəmə cavabdehin iddianı qismən etiraf etməsi ilə bağlı aşağıdakı hüquq normalarını qeyd etməyi lazım bilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı qismən etiraf etməsi qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalı və tələb qismən təmin edilməlidir. Qeyd olunanlarla yanaşı məhkəmə hazırkı iddia tələbinin düzgün həlli, yəni iddia tələbinin hüquqi əsası kimi aşağıdakı hüquq normalarını qeyd etməyi lazım bilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında olan münasibət borc müqaviləsindən irəli gəlir. Belə ki, tərəflər arasında işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmış və şifahi formada borc müqaviləsi bağlanmışdır. Cavabdeh iddiaçıdan borc kimi aldığı 900 manat pulu ona qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuş, yəni cavabdeh iddiaçıdan aldığı borcu qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür. Lakin, cavabdeh pul vəsaitini iddiaçıya ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh iddia tələbini qismən etiraf edərək, İddiaçı 900 manat məbləğində pulu borc almasını etiraf etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı Cavabdeh ona əlavə olaraq 50 manat məbləğində pul verməsini söz verdiyini qeyd etsə də, həmin hal heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Bu səbəbdən məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 900 (doqquz yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq, İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 900 (doqquz yüz) manat və məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-4980/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4980/2023
26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver