Məhkəmə qərarları › İş №2(125)-5012/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5012/2023

06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5012/2023 06.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçıların, onların vəkili Vəkil və cavabdehin iştirakı ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən dörd sot torpaq sahəsi və yarımtikili üçün verdikləri 6000 (altı min) manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia ərizəsində qeyd etmişlər ki, İddiaçı1 2020-ci ilin sentyabr ayının 27-si Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nəzdində olan N saylı hərbi hissənin nəzdində Vətən Müharibəsinə cəlb olunaraq Azərbaycan Respublikasının Gülüstan, Talış, Suqovuşan, Ağuçuq, Qaranlıqmeşə kəndləri uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək yaralanmışdır. Döyüş əməliyyatlarında yaralandığına görə dövlət tərəfindən ona təzminat verilmişdir. İddiaçı2 əlavə olaraq Gəncə şəhərində lombarddan pul götürərək oğlu İsgəndərə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq istəmişdir. İddiaçı2 qaynı olan Cavabdeh Gəncə şəhəri Avtozavod qəsəbəsi adlanan sahədə dörd sot torpaq sahəsini və torpaq sahəsi üzərində inşa edilmiş yarımtikilini satdığını bildirmişdir. İddiaçılar cavabdehlə yarımtikili və dörd sot topraq sahəsinin 6000 manata alınmasına razılaşmışlar. Cavabdehlə iddiaçılar Gəncə şəhəri 3 saylı notariat ofisinə gələrək Aytac Novruzova tərəfindən İddiaçı2 adına etibarnamə verilmişdir. İddiaçılar isə bunun müqabilində cavabdehə 6000 manat pul vermişlər. Cavabdeh öhdəsinə götürdüyü 4 sot torpaq sahəsini və yarımtikilini bugünə kimi iddiaçıların adına sənədləşdirməmişdir. Bu işlə maraqlanan zaman onlara məlum olmuşdur ki, bu torpaq sahəsi bir neçə şəxsə satılmışdır. Cavabdehdən 6000 manat pulu qaytarmasını tələb etdikdə cavabdeh pulu verməkdən imtina etmişdir. Hazırda iddiaçılar satılan yarımtikiliyə gedə bilmir, belə ki, başqa şəxs evə yaşayış üçün qoyulmuş tikilini sökmüşdür, iddiaçılar bununla bağlı Gəncə şəhər Baş Polis İdarəsinə müraciət etmişlər. Onlara bildirilmişdir ki, məsələ mülki xarakterli olduğundan məhkəməyə müraciət olunmalıdır, bu səbəbdən iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclaslarında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi, eyni zamanda əlavə etdi ki, oğlu İsgəndərə yaşayış evi almaq üçün cavabdehlə razılaşıb, ona 6000 manat məbləğində nağd şəklində pulu oğlu İsgəndər ilə birlikdə vermişlər, lakin cavabdeh nə evi verməmiş, nə də ondan aldığı 6000 manatı qaytarmamışdır. Məhkəmə iclaslarında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən iddiaçıların vəkili iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçılar 6000 manat məbləğində pulu cavabdehə veribdir, sonradan onlara məlum olmuşdur ki, evin sənədi yoxdur, başqa bir adam deyib ki, ev onların evidir. İndi isə iddiaçılara nə ev, nə də pul verilmir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmənin hazırlıq iclasında ərizə verərək qeyd etmişdir ki, İddiaçı2 aldığı 6000 manat məbləğində pulu Talıbov Afiqə vermiş, ev alqı-satqısına razılaşmışdır. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, evin sənədlərinin saxta olduğunu bilməyib, iddiaçılardan 6000 manat məbləğində pulu almışdır, həmin puldan 4000 manatı elə oradaca Talıbov Afiqə vermiş, qalan 2000 manatı isə özündə saxlayıb verməmişdir ki, evin sənədlərini yoxlasın, sonra versin. Lakin həmin 2000 manat məbləğində pulu xərcləmişdir. Odur ki, tələb olunan pul vəsaitindən cəmi 2000 manat məbləğində pulu verməyə razıdır, qalan 4000 manat məbləğində pul isə pulu verdiyi adamdadır. Məhkəmə, iddiaçıları, onların vəkilini və cavabdehi dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən, İddiaçı2 aid hissədə əsaslıdır. Məhkəmə ilk öncə qeyd edir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda, MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Hazırki iş üzrə İddiaçı2 qaynı olan Cavabdeh Gəncə şəhəri Avtozavod qəsəbəsi adlanan sahədə dörd sot torpaq sahəsinin və torpaq sahəsi üzərində inşa edilmiş yarımtikilinin alınması üçün 6000 manat pul verməsi, alğı-satqının həmin əmlakın hüquqmüəyyənedici sənədləri olmadığından baş tutmaması işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin hazırki iş üzrə İddiaçı2 oğurluq hadisəsi barədə müraciəti əsasında toplanmış RM 0973/2021 nömrəli rədd materialına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin iş üzrə verdiyi izahatında Cavabdeh bildirmişdir ki, İddiaçı2 onun qardaşı arvadıdır, həqiqətən də Minayədən aldığı 6000 manat puldan 4000 manatını Afiqə vermişdir. Minayə ona 8000 manat pul verməmişdir, cəmi 6000 manat pul vermişdir, 2000 manatı özünə götürmüş, 4000 manatı Afiqə vermişdir. Həmçinin, cavabdeh məhkəməyə verdiyi yazılı ərizəsində və izahatında İddiaçı2 6000 manat aldığını, 4000 manatı Talıbov Afiqə verərək ev alğı-satqısına razılaşdığını bildirmişdir. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmçinin, MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı2 Gəncə şəhəri Avtozavod qəsəbəsi adlanan sahədə dörd sot torpaq sahəsinin və torpaq sahəsi üzərində inşa edilmiş yarımtikilinin alınması üçün cavabdehlə razılığa gəlmiş və bunun üçün cavabdehə 6000 manat pul vermişdir. Cavabdeh sözügedən əmlakın alğı-satqısı ilə bağlı İddiaçı2 6000 manat aldığını, onun 4000 manatını başqa şəxsə verdiyini, ona görə də yalnız 2000 manat pulu iddiaçıya qaytarmalı olduğunu qeyd etmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1091.2-ci maddəsi təşkil edir. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmənin qənaətinə görə, cavabdeh heç bir qanuni əsas və ya müqavilə əsası olmadan, ümumiyyətlə özünə məxsus olmayan, həmçinin hər hansı hüquqmüəyyənedici sənədləri olmayan əmlakın alğı-satqısı ilə əlaqədar İddiaçı2 6000 manat pul almaqla əsassız varlanmışdır. Məhkəmə cavabdehin 4000 manatı başqa şəxsə verməsi, ona görə də yalnız 2000 manat pulu iddiaçıya qaytarmalı olması barədə arqumentini əsassız saymaqla qeyd edir ki, cavabdehin aldığı 6000 manat məbləğində pulu başqa şəxsə verəcəyi barədə İddiaçı2 ilə hər hansı razılığının olması iş materiallarından görünmür, başqa sözlə cavabdeh bu barədə hər hansı sübut təqdim etməmişdir. Belə halda, İddiaçı2 aldığı pulu başqa şəxsə verməsi cavabdehi həmin məbləği qaytarmaq vəzifəsindən azad etmir. Qeyd edilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh heç bir əsas olmadan İddiaçı2 hesabına əsassız varlandığından, iddia, İddiaçı2 tələbi üzrə təmin edilməlidir. Məhkəmə digər İddiaçı1 aid hissədə iddia tələbini əsaslı hesab etmir və qeyd edir ki, sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də iddiaçı bu hissədə iddia tələbinin əsasını, yəni cavabdehə hər hansı məbləğdə pul verməsini sübuta yetirə bilməmiş, tələbini təsdiq edən hər hansı mötəbər sübuta istinad etməmişdir. İş üzrə məhkəmə xərci İddiaçı2 tərəfindən ödənilmiş dövlət rüsumundan ibarətdir. İddiaçı2 iddiası təmin olunduğundan, MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehdən həmin iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı2 iddiası təmin edilsin. Cavabdeh 6000 (altı min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı2 verilsin. İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcinə görə 80 (səksən) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar