Məhkəmə qərarları › İş №2(125)-505/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-505/2023

30.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-505/2023 30.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının, Cavabdehlərin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mənzilindən çıxarılması və istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Nümayəndə ailə üzvləridir. Beləki, Cavabdeh4 onun arvadı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 isə onun gəlinidir. Həyat yoldaşı X2 2018-ci ildə vəfat etdikdən sonra onun adına rəsmiləşdirdiyi ünvan 1 ünvanında yerləşən mənzil Gəncə şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə açıq hərracda satılmağa çıxarılmışdır. Onlar (o, qızı Reyhan Əliyeva və oğlu Mehman Əliyev) hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilə əsasında həmin mənzili hərrac yolu ilə almışlar və onun adına rəsmiləşdirilib. Hazırda həmin mənzil Azərbaycan Respublikası Əmlak Məcələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş ********** saylı qeydiyyat nömrəli və xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. O, hərracda satılan mənzilin qiymətindən Şirinin payına düşən 15832 manat pulu xx.xx.2021-ci il tarixdə “Kapital Bank”m Gəncə filialında Nümayəndə adına saxlanca qoymuş və həmin pulu Şirin götürməsinə baxmayaraq onun adları göstərilən 4 nəfər ailə üzvlərinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən könüllü çıxarılmasını təmin etmir və mlükiyyət hüquqlarını pozur. Cavabdeh tərəf iddiaya etiraz verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh4 1988-ci ildə iddiaçının oğlu Nümayəndə ilə ailə qurub hazırda iddiaçının yaşadığı ünvan 3 ünvanında yerləşən evə gəlin köçmüşdür. Həmin evdə onlar qaynatası, hazırki iş üzrə İddiaçı və mərhum qaynanası X3 ilə birlikdə yaşayırdılar. 1996-cı ilədək onlar həmin evdə yaşadılar. Həmin evdə onların övladları hazırki iş üzrə cavabdehlər olan Cavabdeh2 və Babayeva (Əliyeva) Ləman Şirin qızı dünyaya gəldilər. 1996-cı ildə uşaqlar məktəbə getdiyinə görə və mübahisə predmeti olan Təbriz küçəsi, ev 1, mənzil 48 ünvanında yerləşən ev məktəbə yaxın olduğu üçün mənzilin mülkiyyətçisi olan mərhum qaynanası X3 onları daimi yaşamaq üçün Təbriz küçəsi, ev 1, mənzil 48 ünvanda yerləşən mənzilinə köçürdü. Həmin vaxtdan hazıradək o, həyat yoldaşı Nümayəndə və uşaqları həmin mənzildə yaşayırlar. 2008-ci ildə qızı Ləman ailə qurub və ailəsi ilə birlikdə onlarla bir evdə yaşayırlar. Cavabdeh1 da onun övladıdır. Oğlu Cavabdeh2 isə 2018-ci ildə ailə qurub, həyat yoldaşı və iki övladı ilə mübahisəli mənzildə yaşayırlar. İddiaçı ərizədə qeyd edir ki, mənzilin hərracdan satılması nəticəsində həyat yoldaşı Nümayəndə payına düşən iddiaçı tərəfindən saxlanca qoyulmuş 15832 manat pulun Nümayəndə tərəfindən götürülməsinə baxmayaraq, onlar 4 nəfər ailə üzvünün mənzildən könüllü olaraq çıxmağını təmin etmir. Bununla bağlı qeyd etmək istəyir ki, həyat yoldaşı Nümayəndə mərhum anası X1 vərəsəsi kimi ondan miras qalmış hazırda yaşadıqları Təbriz küçəsi, ev 1, mənzil 48 ünvanda yerləşən mənzilin 1/3 hissəsinin mülkiyyətçisi idi. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilərək, mənzil açıq hərracdan satışa çıxarılmış, mənzili İddiaçı almış, həyat yoldaşı Nümayəndə İsa oğlunun payına düşən 15832 manat pulu saxlanca qoymuşdur. İddiaçının özünün də qeyd etdiyi kimi Nümayəndə mənzildən onun payına düşən pulu götürmüşdür. Həmin pulun onların mənzildən olan istifadə hüquqlarına heç bir aidiyyəti yoxdur. İddiaçı onların mənzildən istifadə hüquqlarına xitam verilməsinə dair iddia qaldırmaqla, özü də etiraf edir ki, cavabdehlərin həmin mənzildən istifadə hüquqları var. Məhkəmə iclasında İddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, cavabdehlərin istifadə hüququna xitam verilməsini xahiş etdiyi yaşayış sahəsi onların hazırda yaşadıqları və iddia ərizəsinin məzmununda qeyd etdiyi Gəncə şəhəri, Təbriz küçəsi, bina 1, 48 saylı mənzildir. İddiaçı həmçinin bildirdi ki, Nümayəndə İsa oğlu əmlaka olan payının dəyərini təhvil aldığından istifadə hüquqlarına xitam verilməsi üçün cavabdehlərə kompensasiya ödəməyəcəkdir və cavabdehlərin mübahisəli mənzildə 2000ci ildən əvvəl, və ya sonra yaşamağa başladığını xatırlamır. İddiaçı tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X4, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 mübahisəli mənzildə qeydiyyatdadırlar. Hazırkı iş üzrə iddiaçı cavabdehlərin mübahisəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsini, dolayısıyla mənzildən çıxarılmalarını xahiş etmişdir. Mübahisəli mənzilin Gəncə şəhəri, Təbriz küçəsi, bina 1, 48 saylı mənzil olması sübut növü olan izahatlarla və digər sübutlarla müəyyən edilmişdir, mülki işin mübahisəsiz halıdır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı xitam verilməsi xahiş etdiyi istifadə hüququnun nə vaxtdan yaranması barədə hər hansı sübut təqdim etməsə də, cavabdeh tərəf mübahisəli mənzildə 1996-cı ildən yaşadığını bildirmişdir. Belə olan halda, cavabdehlərin həmin yaşayış sahəsindən istifadə hüquq münasibətlərinin yarandığı vaxt nəzərə alınmaqla mübahisə Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinə əsasən tənzimlənməlidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. İddiaçı cavabdehlərin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsini tələb etsə də, qeyd edilən normaların tələbinə əsasən iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Lakin iddiaçı hər hansı məbləğdə kompensasiya təklifi irəli sürməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə əsaslanaraq, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadığından, həmin Məcəllənin 76.2-ci maddəsində sadalanan əlavə sübutlar təqdim etməyi iddiaçıya təklif etmişdir. Məhkəmə hesab edir ki, cavabdehlərin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi müqabilində iddiaçı tərəfindən kompensasiya təklif edilmədiyindən, onlara davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli yaşayış sahəsi ilə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğ irəli sürülmədiyindən və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində cavabdehlərin heç gözləmədikləri bir halda yaşayış sahəsi ilə təminatsız qalacağından, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar