Məhkəmə qərarları › İş №2(125)-5064/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5064/2024

11.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5064/2024 11.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X16 İsa oğlunun sədrliyi, X10 Eldar oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə bu qətnaməni qəbul etdi; İşin halları; Mülki işin materiallarında olan, doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 19 fevral 2008-ci il tarixdə doğulmuş X4, 28 aprel 2015-ci il tarixdə doğulmuş X8 və 25 sentyabr 2017-ci il tarixdə doğulmuş X9 adlarında yetkinlik yaşına çatmayan üç uşaqları vardır. İş materiallarında olan Gəncə şəhər Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(125)-2001/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı iddiası qismən təmin edilmiş, İddiaçı və Cavabdeh arasında 01 iyun 2007-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 493 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, 19 fevral 2008-ci il tarixdə anadan olmuş X2, 28 aprel 2015-ci il tarixdə anadan olmuş X3 və 25 sentyabr 2017-ci il tarixdə anadan olmuş X7 anası İddiaçı yanında qalmasının müəyyən edilməsi, 19 fevral 2008-ci il tarixdə anadan olmuş X2, 28 aprel 2015-ci il tarixdə anadan olmuş X3 və 25 sentyabr 2017-ci il tarixdə anadan olmuş X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Mülki işin materiallarına əlavə edilmiş, Cavabdeh işyeri barədə olan məlumatlardan müəyyən edilir ki, Cavabdeh "xxxx" QSC-də təlimatçı işləyir və onun aylıq əmək haqqı 736,56 manatdır. İddia tələbi barədə məlumatlar; İddiaçı Cavabdeh qarşı əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 2(125)-2001/2022 saylı qətnaməsi ilə 19 fevral 2008-ci il tarixdə doğulmuş X2, 28 aprel 2015-ci il tarixdə doğulmuş X6 və 25 sentyabr 2017-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün müəyyən edilmiş hər uşaq üçün 130 (yüz otuz) manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat, cəmi 705 (yeddi yüz beş) manat müəyyən edilməsi və həmin məbləğin Cavabdeh tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2007-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından 19 fevral 2008-ci il tarixdə X4, 28 aprel 2015-ci il tarixdə X8, 25 sentyabr 2017-ci il tarixdə isə X9 dünyaya gəlmişdir. Əvvəllər mehriban dolanmaqlarına baxmayaraq, sonradan onların şəxsi münasibətləri pisləşmiş və ayrılmaq qərarına gəlmişlər. Gəncə Şəhər Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 2(125)-2001/2022 saylı qətnaməsinə əsasən cavabdehlə onun arasında bağlanmış nikahın pozulması, nikah pozulan zaman uşaqların onun yanında qalması, 19 fevral 2008ci il tarixdə anadan olmuş X2, 28 aprel 2015-ci il tarixdə anadan olmuş X3 və 25 sentyabr 2017-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh onun xeyrinə hər ay hər uşağa görə 130 (yüz otuz) manat, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda aldığı alimentin miqdarı çox azdır. Belə ki, bu məbləğ hətta uşaqların minimum ehtiyaclarını da ödəmir. Bu səbəbdən də aldığı alimentin məbləğinin artırılması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəflərin izahatları; Məhkəmədə İddiaçı iştirak etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh iştirak etmiş və izahatında bildirmişdir ki, iddia tələbində qeyd olunmuş məbləğdə alimenti ödəməyə imkanı yoxdur. Hər uşaq üçün hər ay 150 manat məbləğində aliment ödəməyə maddi imkanı çatır. Odur ki, cavabdehin maddi vəziyyətinin nəzərə alınmasını və hər uşaq üçün hər ay 150 manat olmaqla cəmi 450 manat sabit pul məbləğində alimentin müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin iş üzrə mövqeyi və tətbiq edilən hüquq. Məhkəmə tərərfləri dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikah münasibətlərindən 19 fevral 2008ci il tarixdə anadan olmuş X2, 28 aprel 2015-ci il tarixdə anadan olmuş X3 və 25 sentyabr 2017-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Gəncə Şəhər Məhkəməsinin əvvəlki-28 oktyabr 2022-ci il tarixli 2(125)-2001/2022 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün müəyyən edilmiş 130 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq hər ay hər bir uşağa görə 170 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. İddiaçı ərizəsində yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat aliment tutulmasını xahiş etsə də, cavabdehin həmin məbləğində alimenti ödəmək üçün maddi imkanının olduğunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh isə məhkəmədə izahat verərkən hər uşaq üçün hər ay 150 manat məbləğində aliment ödəməyə maddi imkanı çatdığını bildirmişdir. İş materiallarından isə müəyyən olunur ki, cavabdehin aylıq əmək haqqı 736,56 manatdır Məhkəmə qeyd edir ki, qanunvericilik yetkinlik yaşına çatmayan uşağın saxlanılmasını bir vəzifə kimi onun valideynlərinin üzərinə qoymuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 saylı Qərarının 8.2. bəndinə qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Həmin Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, alimentin tutulduğu 2022ci il tarixdən bu günə qədər uşaqlar üçün yaşayış minimumunun artdığını, həm də sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyətinin nəzərə alınmalı olduğu barədə Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay sabit pul məbləğində tutulan alimentin məbləği artırılaraq, hər bir uşaq üçün 170 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, həmin məbləğ uşaqların mənafeyinə uyğun olmaqla, həm də tərəflərin maddi vəziyyətinə yuğundur. Bundan başqa iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına 50 manat xərc ödənilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehin üzrsüz səbəbdən ilkin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərcin əvəzi cavabdehdən alınıb, iddiaçıya verilməlidir. Məhkəmə qeyd edir ki, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2.-ci maddəsinə əsasən, iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda Dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar Dövlət rüsumunun ödənilməsindən azaddırlar. Azərbaycan Respublikasının MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 113.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Hazırki işdə aliment alınması haqqındakı iddianın qiyməti (510-390)=120 manat x 12 ay)=1440 manat məbləğini təşkil edir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinin tələblərinə əsasən, hazırki işdə ödənilməli olan dövlət rüsumu 34 manat 40 qəpik məbləğini təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinin tələblərinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Baxılan işdə iddiaçı alimentin alınması tələbi hissədə dövlət rüsumunu ödəməkdən azad edildiyindən, ödənilməli olan 34 manat 40 qəpik məbləğində dövlət rüsumu Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən Cavabdeh alınıb dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin əvvəlki-28 oktyabr 2022-ci il tarixli 2(125)-2001/2022 saylı qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilsin. Cavabdeh ilə İddiaçı birgə nikahından 19 fevral 2008-ci il tarixdə anadan olmuş X4, 28 aprel 2015-ci il tarixdə anadan olmuş X8 və 25 sentyabr 2017-ci il tarixdə anadan olmuş X9 adlarında yetkinlik yaşına çatmayan üç uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşağa görə 170 (bir yüz yetmiş) manat (üç uşaq üçün hər ay cəmi 510 manat) sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərərfindən ilkin mediasiya sessiyasına ödənilmiş xərcin əvəzi kimi 50 (əlli) manat məbləğində pul Cavabdeh alınaraq, İddiaçı verilsin. İş üzrə ödənilməli olan 34(otuz dörd) manat 40 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar